21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün hər il 21 fevral, Beynəlxalq Ana dili Günü kimi qeyd edilir.
Çox vaxt bu cür əlamətdar günlərdə dilimizin vəziyyəti ilə bağlı müqayisələr, təhlillər aparmalı oluruq.
Azərbaycan dilində təxminən, 110 min söz var. Stiven Frank iddia edir ingilis dilində 500.000, alman dilində təxminən 135.000, fransızda isə 100.000-dən az söz var.
YUNESKO-nun 550-yə yaxın dilin qarşıdakı 20 il ərzində öləcəyini açıqlayıb.
Türk dillərindən karaimlərin danışdığı dil də ölmək üzrədir. Sağ qalmaq ehtimalına görə isə, Çin, İspan, ingilis, hindi, ərəb, portugal, benqal, rus, yapon, yava(Java) dilləridir.
Dünyada hardasa, iki həftədən bir bir dil sonuncu danışan şəxsin vəfat etməsi ilə ölür.
Gələk, Azərbaycan dilinə…
Ən təmiz, saf və fellərdən bəslənən Azərbaycan türkçəsi hazırda Anadolunun şərqində yaşayan soydaşlarımıza aiddir. Bizim rəsmi dilimizlə bağlı, Azərbaycanın rəsmi dili Azərbaycan dilidir və əhalinin təxminən 92%-i danışır.
Lakin dilimizin ümumişlək səviyyədə fərqli dillərdən gələn terminologiyaya effektiv reaksiya göstərə bilməməsi ən qorxulu nöqtə hesab edilir.
Məsələn, ingilisdilli texniki icadların adı dərhal fransız dil komissiyası tərəfindən qarşılığı tapılaraq lüğətə əlavə edilir:
Tutaq ki, çanaq antena – ingiliscə dish antenna deyilsə də, fransızlar ona dərhal parabolique adını qoydular, və ya bütün dünyanın komputer dediyi nəsnəyə fransızlar ordinateur deyir.
Deməli, dilimizin ikinci problemi qlobal qısaltamaya məruz qalmasıdır. Əksər hallarda ən gənc dil istifadəçilərinin nitqi, söz tərkibi anlaşılan deyil. Adicə biz bu fərqi evdə smartfon izləyib, cizgi filmlərinə baxan balacaların bir-biri ilə müzakirəsində görürük. Şəxsən mən, heç nə başa düşə bilmirəm.
Üçüncüsü, dilimizin özəlliyi, şirinliyi və müqavimət gücü məhz bölgələrdə gizlənən tarixi, əsl təmiz, lakin yörələrdə işlədilən sözlərdədir. Belə deyək, ana dili yox, nənə-baba dili, təmiz öz türkçəmizdir. Lakin onlar da bizə məqsədli formada gərək olmadıqlarına görə qısa müddətdən sonra ölüb, gedəcəklər.
Dördüncüsü, Azərbaycan dilinin Türkiyə ləhcəsinin təsiri altında formalaşan bir iri qrupu da mövcuddur, açığı olduqca boz və pis görünür.
Nə zamansa, efirlərdən, nitqi kirli gündəmdən yorulanda bu şəxslərin kitablarını oxumağa üstünlük verirəm:
İsmayıl Şıxlının dili, Məmməd Arif Dadaşzadənin dili, İsi Məlikzadənin dili, Məmməd Aslanın dili və s.
Dil canlı orqanizmdir, dil millətçilik hadisəsidir, milli kimlik məsələsidir.
Nə zamansa o dildə bədii təsvir vasitələri, texniki tələblərin qarşılanmasına adekvat cavab vermək gücü itəcəksə, o dilin günahkarı da mütləq olacaq. Dil ölürsə, xalq, mədəniyyət, sivilizasiya ölür.
Şəxsən mən, anamın danışdığı dili sevirəm.
Al – əlvan, sevgi və şirinliklə dolu.

Əziz Əlibəyli