AFFA bu gün qurumun prezidentliyinə (gözlənildiyi kimi Rövşən Nəcəf) və İcraiyyə Komitəsinə namizəd üzvlərin (13 nəfər) siyahısını açıqlayıb.
Siyahı barədə fikrim ümumən mənfidir.
Çünki yenə bir xeyli layiqli futbol mütəxəssisi var ki, adları İcraiyyə Komitəsinə namizədlər sırasına daxil edilməyib və daha çox birbaşa futbola bağlılığı olmayan şəxslər namizəd göstərilib. Hələlik yeganə müsbət məqam kimi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, İTV-nin baş direktoru, eyni zamanda “Sabah” FK-nın Müşahidə Şurasının üzvü Balakişi Qasımovun yeni üzvlər sırasında olmasını qeyd edərdim.
Köhnə üzvlərdən düz 10 nəfər, o cümlədən Elxan Məmmədov İK-də yer almayacaqlar. Bu, müsbət faktdır.
Amma əsas məsələ odur ki, yeni İcraiyyə Komitəsinin 3-4 yox, bütün 13 üzvü Azərbaycan futbolu və azarkeşləri qarşısında məsuliyyətlərini dərk etsinlər. Komitəni əvvəlkilər kimi qeyri-ciddi struktura, kofe-breyk klubuna çevirməsinlər. Nəhayət, Azərbaycan futbolu adına faydalı olacaq bütün yaxşı təkliflərə hörmət və ciddiyyətlə yanaşsınlar. Qərarlar bir nəfərin fikri ilə deyil, birgə müzakirələr nəticəsində verilsin.
Fikrimcə, İK-nin yeni üzvlərinin ilk imtahanı isə milli komandamıza baş məşqçi seçimi ilə bağlı olacaq. Komandaya mütləq yerli mütəxəssis gətirilməlidir. Yox, əgər yeni baş məşqçi yenə əcnəbi olacaqsa, deməli, AFFA-nın növbəti prezidenti və qərarverici strukturu olan İK-nin yeni tərkibindən də müsbət nəsə gözləməyə dəyməz!
Aydın Bağırov, idman jurnalisti