Siyasətşünaslığa aid elmi qaynaqlardan (dərslik, dərs vəsaiti, monoqrafiya, əsər və s.) dilimizə tərcümədə ciddi qüsurlara – xətalara yol verilir. Bunun səbəbi müəllif (tərcüməçi) və redaktorun elmi-siyasi biliklərə malik olmaması, yaxud bu işə müvafiq ixtisas sahiblərinin cəlb edilməməsidir.
Məsələn, bir müddət əvvəl xarici siyasətlə bağlı bir kitabla tanış oldum. İstinad olunan tədqiqatçı-alimlərin sırasına, fikirlərə nəzər salanda aydın olur ki, materiallar, əsas etibarilə, türk dilindən tərcümə edilib.
Bölmələrin birində “Quran xarici siyasət” ifadəsinə rast gəldim. Görünür, Türkiyə elmi-siyasi mənbələrində istifadə olunan “inşacı dış politika”nı (konstruktiv xarici siyasət) tərcüməçi “Quran xarici siyasət” deyə çevirib, redaktor isə hər cümlədə “quran” sözündə baş hərfi böyütməklə “dini-siyasi məzmun verib”.
Halbuki materialı hazırlayanlar beynəlxalq münasibətlər nəzəriyyələri ilə tanış olsaydılar ki, “konstuktivizm nəzəriyyəsi”nin, “konstruktiv xarici siyasət konsepsiyası”nın mövcudluğunu bilər, ciddi xətaya yol verməzdilər.
Əsas məqamlardan biri budur ki, qeyri-peşəkarlıq məhsulu olan belə materiallar müvafiq ixtisas üzrə təhsil alanlarda və özünütədrislə məşğul olanlarda yanlış bilik və təsəvvürlərin formalaşmasına səbəb olur.
Düşünürəm ki, bu məsələlərə nəşriyyatlar və digər üstqurumlar tərəfindən ciddi nəzarət edilməlidir.
Nurlan Qələndərli, siyasi şərhçi