Rusiya-Ukrayna savaşının sentyabrın 27-dən etibarən II mərhələsi başladı. Hələ ki, Kreml heç bir hüquq normalarına əməl etməyərək, öz işğalçılıq siyasətini davam etdirməkdən çəkinmir. Savaşın II mərhələsinin başlandığını ona görə dedim ki, artıq beynəlxalq hüquqla referendumun nəticələri dünyada tanınmasa da, həmin ərazilər Rusiya əraziləri kimi qəbul olunmasa belə, Putin iqtidarı həmin yerlərə Ukrayna və digər güclər tərəfindən edilə biləcək hər bir hücumu ərazisinə təcavüz kimi qiymətləndirəcək. Necə ki, bu saxta referendumu keçirməmişdən əvvəl belə fikirlər Rusiya rəsmiləri tərəfindən irəli sürülürdü. Göründüyü kimi, Putinin nüvə təhdidi getdikcə reallaşmağa doğru gedir. “Referendum” keçirilərək Rusiyaya birləşdirilən bu 4 vilayətin artıq geri qaytarılmasının iki variantı görünür, ya Ukrayna ordusunun Qərbin milyardlarla yardım etdiyi genişmiqyaslı hücumları ilə bu mümkündür, ya da NATO-nun proseslərə birbaşa qarışıb, canlı qüvvəni işə salması ilə. İndiki halda isə bu iki variantın heç biri mümkün görünmür. Çünki milyardlarla silah yardımı qarşısında Ukrayna tərəfi müharibədən keçən 8 ay müddətində azından Xerson və Zaparoje vilayətlərinin azından işğalına gücü çatsaydı imkan verməzdi. Digər tərəfdən isə, NATO buna şərait yaratmaya bilərdi.
Açığı nüvə silahından 1945-ci ildə Yaponiyada istifadə edilməsinin ardından bir daha indi istifadə ediləcəyini zənn etmirəm. Bu bir halda mümkündür ki, NATO qondarma referendum keçirilən vilayətlərə hücum etsin. Bunu da mümkünsüz hesab edirəm. Əvvəlki müsahibələrimdə də bildirmişdim, Avropa ölkəsi insanının bu tipli müharibələrdə həyatını itirməsini istəməz. Sadəcə bundan sonra Rusiyaya qarşı təzyiqlərini, Ukraynaya da dəstəyini daha da artıracaq. İlin sonuna qədər hər iki tərəf savaşı yekunlaşdırmağa can atacaq. Qərb ölkələri qış fəslində üzləşə biləcəyi fəsadlar səbəbindən Ukraynanın qalibiyyətinə etdiyi böyük yardımlarla nail olmağa çalışacaq, Putin isə əlində olan əsas silahından- neft-qaz üstünlüyündən yararlanıb savaşın bitməsinə cəhd edəcək. İstənilən halda qarşıdakı 3 ayda çox ciddi proseslərin yaşanacağını indidən proqnozlaşdırmaq elə də çətin deyil.Bir sözlə Rusiya-Ukrayna savaşı indiki vaxtda ehtimalı az görünsə də dünyanı nüvə müharibəsinə, bu baş verərsə, III Dünya Müharibəsinə və başvermə ehtimalı daha real görünən neft-qaz asılılığından xilas olma mücadiləsinə doğru aparır.
Bəllidir ki, Rusiya 2008-ci ildə Gürcüstana hücumla Abxaziya və Cənubi Osetiya kimi qondarma rejimlər orada yaratdı, bundan 6 il sonra da bu gün birləşməsini rəsmiləşdirdiyi Donetsk və Luqansk kimi vilayətlərdə iki separatçı rejim yaratdı. Avropa isə son 14 və 8 ildə bu işğalçılıq siyasətinin qarşısını almaqda aciz göründü. Onun üçün də gələcəkdə Kremlin Gürcüstanda işğalçılıq siyasətini qondarma referendumla davam etdirəcəyindən narahat olmamaq mümkün deyil. Xatırlayırsınızsa, aylar öncə həmin ərazilərdə rus pasportları da paylanmışdı. Əgər bu siyasət Gürcüstanda davam edərsə, qonşu ölkə kimi bizim üçün də çətin durum yaranar. Təəssüflər olsun ki, bütün dünyanı qarşıda çətin gələcək gözləyir.
Cavanşir Abbaslı, siyasi şərhçi