Cari ilin əvvəlindən bir neçə provayder Megogo TV platformasına girişi bloklamışdı. Ötən həftədən isə ölkənin digər provayderləri də megogo.net saytına girişi qapadıb.
Beləliklə, görünən odur ki, bu beynəlxalq video xidmət platformasının Azərbaycan əraizisndə yayımı tamamilə dayandırılıb.
Xatırladıram ki, Media haqqında qanun qəbul olunan ərəfələrdə biz bu tip xarici TV kanalların lisenziya almalı olacaqları haqqında yazmışdıq. Əks halda onların bağlana biləcəklərini vurğulamışdıq.
Ötən ilin sonu isə Audiovizual Şura bir çox xarici internet TV kanalları Media haqqında qanunun tələblərinə zidd fəaliyyət göstərdiklərinə görə məhkəməyə vermişdi.
Cari ilin əvvəli məhkəmə internet üzərindən yayılan bir çox xarici TV kanalların, o cümlədən də Megogo TV platformasının ölkə əraizisində bloklanması haqqında qərar qəbul etmişdi.
İndi görünən odru ki, məhkəmə qərarının icrası üçün Audiovizual Şura RİNN ilə birgə ciddi addımlar atmağa başlayıb.
Düşünürəm ki, bütün bunlar gözlənilən idi. Bunu güman ki, beynəlxalq platforma olan Megogo da bilməmiş deyildi.
Çünki Media haqqında qanuna görə Megogo həm “platforma operatoru”, həm də “sifarişli yayım operatoru” olaraq fəaliyyət göstərən audiovizual media subyektidir.
Maraqlıdır ki, 5-6 ildir ki, başqa xarici TV kanallardan fərqli olaraq ölkəmizdə nümayəndəlik yaradan bu xarici kanal da indiyədək lisenziya almayıbmış. İndi isə abunəçilər pullarının batmasından şikayətlənirlər.
Xatırladıram ki, bu TV kanal müştərilərindən aylıq 6 manat abunə haqqı toplayır. Yeri gəımişkən, əsas ofisi Ukraynada yerləşən bu platforma Ukrayna-Rusiya müharibəsindən sonra rus kanallarını da siyahısından çıxarmış, anti-Azərbaycan kanalları olmayan, yayımladığı TV kanlların müəllif hüquqlarını qoruyan az saylı kanllardan biridir.
Amma maraqlıdır ki qlobal şəbəkə olan bu kanal heç bir Azərbaycan kanalını da qlobal yayım siyahısına daxil etməyib.
Əlbəttə, belə bir beynəlxalq media platformasının, həmçinin digər qlobal informasiya resurslarının Azərbaycan ərazisində bloklanması xoşagələn bir hal deyil.
Bununla belə, uzun illər Azərbaycandan milyonlarla qazanc götürən bir şirkətin xəbərdarlıqlara baxmayaraq, bu qədər yazılanlara baxmayaraq qanunlara qarşı sayğısızlıq etməsi, lisenziya almaması da yolverilməzdir.
Bu tip yanaşma həm də audiovizual media üçün biznes mühitinin inkişafına mənfi təsir göstərir, vergi ödəyicisi olan digər biznes subyektləri üçün ədalətsiz bir mühit formalaşdırır.
Fikrimcə Megogo abunəçilərinin haqlı narazılıqlarını qarşılamalı, bir az da “ofşorluğu” olan bu şirkət hüquqi vəziyyətini qaydaya salmalı və lisenziya üçün Audiovizual Şuraya müraciət etməlidir.
Eyni zamanda düşünürəm ki, Audiovizual Şura bu tip məsələlərə daha ehtiyatla yanaşmalıdır.
Elə xarici TV subyektləri var ki, onlar birmənalı olaraq piratçılıqla məşğuldur, anti-Azərbaycan kanallarını da retranslyasiya edir, sadəcə bir neçə manat alıb minlərlə kanal təqdim edir.
Əlbəttə, bunlara qarşı qanun çərçivəsində sərt yanaşma sərgilənməlidir.
Eyni zamanda elə qlobal video xidmət platformaları var ki, onlar xarici TV kanalların retranslyasiyası ilə məşğul deyillər. Lakin qanunla onlara da “sifarişli yayım operatoru ” olaraq yanaşıla bilər. Hansı ki bu yolverilməzdir.
Düşünürəm ki bu tip qlobal video xidmətlərə münasibət Nazirlər Kabinetinin ötən ilin sonu qəbul etdiyi , “Google vergisi” adlanan qaydalar çərçivəsində olmalıdır.
Yəni tutaq ki, Netflix kimi beynəlxalq platformaya, Media haqqında qanunun tələbləri ilə deyil, Dövlət Vergi Xidmətinin qlobal şirkətlər üçün yaradılan elektron platformasında vergi ödəyicisi kimi qeydiyyata düşməyin təklif edilməsi daha məqbul olardı.
Osman Gündüz, İKT mütəxəssisi