Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib ki, 2027-ci ildə Ermənistanda konstitusiya referendumunun keçirilməsi planlaşdırılır.
“Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik”, – o, jurnalistlərə bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.
Məlum olduğu kimi, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbi Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Çünki konstitusiyada Azərbaycana qarşı konkret ərazi iddiaları var. Əgər Ermənistan konstitusiyasına dəyişiklik etməzdən əvvəl sülh sazişi imzalanarsa, bu, o deməkdir ki, İrəvan gələcəkdə qanunvericiliyinə əsaslanaraq yenə də revanşa cəhd edə bilər. Azərbaycan isə bunu istəmir, məsələni birdəfəlik həll etməyə çalışır.
Ermənistan konstitusiyasında həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu isə o deməkdir ki, Ermənistan konstitusiyanın dəyişdirilməsi həm də Ankaranın tələbidir. Yəni konstitusiya dəyişdirilmədikcə Türkiyənin də yekün sülh sazişinin imzalanmasına razı olacağı inandırıcı görünmür.
Bu baxımdan Q.Minasyanın açıqlaması diqqət çəkir. O, “Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır” deməklə, yəqin ki, bir neçə məqama işarə vurmaq istəyib. Azərbaycanın tələbinin konstitusiya dəyişikliyi olduğunu bilən nazir, yəqin ki, bu açıqlama ilə demək istəyib ki, biz Bakının tələblərini yox, öz maraqlarımızın icra edirik. Bu konteksdən sözügedən açıqlama daha çox daxili auditoriyaya hesablanıb.
İkincisi, nazir konstitusiya dəyişikliyi yox, məhz yeni konstitusiya məsələsini gündəmə gətirməklə, yəqin ki, bu prosesin vaxt alacağını bildirmək istəyib. Beləliklə, ola bilsin, həm də Ermənistan Azərbaycandan vaxt istəyir.
Ancaq bir məqamı nəzərə almaq lazımdır: əgər nazir yeni konstitusiyanı Bakının tələbi olan konstitusiya dəyişikliyinə alternativ olaraq nəzərdə tutursa və bunun üçün üç il sonranı göstərirsə, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Bu, o deməkdir ki, deməli, ən azı 2027-ci ilə qədər sülh sazişi imzalanmayacaq. Əgər Ermənistan yeni konstitusiya adı altında vaxt qazanmaq, prosesi uzatmaq istəyirsə mütləq bu reallığı nəzərə almalıdır: Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadıqca sülh imzalanmayacaq. Bu isə ən çox İrəvanın özünə ziyandır.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı