Baxıram ki, Zaur Kamal adlı yaratığın cənublu oxuyanı verilişindən qovmağı gündəm olub. Mən o cür verilişlərə baxmıram və hər kəsi baxmamağa çağırıram ki, onların reytinqi aşağı düşsün, beləliklə də tv – lər o verilişləri dayandırsınlar. Fəqət kimə deyirəm? Kütləyəmi? O kütləyə ki, öz baxış sayları ilə bu bozbaş həftəvecərlərin tv reytinqlərini qaldırmaqdan əlavə sosial şəbəkələrdə və youtu.be üzərində də hökmranlığı ələ alıb. Bu gün ciddi sənət harada təbliğ olunur deyə yola çıxsaq, o ünvanı tapmarıq.
Əslində bir cənublu qardaşımızın efirdən qovulması məni də hiddətlındirdi. Lənət şeytana deyərək və “hirsli başda ağıl olmaz” məntiqinə söykənərək bir az təmkinli olmaq istədim. Həmin cənublu qardaşın oxuduqlarını görəndə anladım ki, elə o da şimallı manafkimilər dəstəsinə aiddir. Düşündüm ki, Zaurun verilişinə qatılmaq Zaurun verilişindən qovulmaqdan daha betər rəzalətdir. Səviyyəsi olan o proqrama çıxmaz.
Bir gün həmin Zaur rəhmətlik Məmməd Aslanı verilişinə dəvət edir. Məmməd Aslan o proqrama çıxmaqdan imtina edir. Zaur böyük şairdən təəccüblə bu imtinanın səbəbini soruşur. Məmməd Aslan cavab verir ki, mən nəinki səninlə bir verilişdə olmağıma, hətta səninlə bir dövrdə yaşamağıma görə xəcalət çəkirəm.

Elşən Əzim