Bir daha Ukrayna-Rusiya savaşı haqda..
Lap əvvəldən dediyimiz kimi, yenə təkrar etməkdə fayda görürəm. Adamlar baş verənləri tam dərk etməkdə çətinlik çəkirlər. Bir də baxırsan kimsə çıxır ironik tərzdə yazır: “…Bəs deyirdiniz Rusiya bir aya dağılacaq, yox olacaq və s.”. Sən Allah bəsdirin, özünüzü ultra ağıllı göstərib olayları bəsitləşdirməyin. Dünyada və regionda baş verənləri doğru oxumağa köklənin. Kimsə Rusiyanı parçalayıb-dağıtmaq haqda düşünmür, bunun siyasi, iqtisadi və humanitar nəticələrinin ağır ola biləcəyini Qərbdə də, Şərqdə də bilirlər. Hətta belə bir plan-proqram varsa da, bu günün işi deyil.
Ancaq bütün Qərbin birləşərək bəşərə bəla olan, yeni faciələr vəd edən Putin isteblişmentini birdəfəlik tarixin arxivinə göndərmək planı masadadır və bu plan gec-tez baş tutacaq, proses ona doğru gedir. Putin ona qurulan “Ukrayna tələsi”nə artıq düşüb, hətta, bu, Ukrayna xalqının faciələri üzərindən olsa da belə. Hər bir xalqın taleyinə belə qlobal qurbanlıq ssenarilərin baş rolunu oynamaq yazılır maləsəf. Dünya tarixi bir çox xalqların başına gələn nə böyük müsibətlərə səhnə olub, şahidlik edib. Bu da onlardan biri. İstəməzdik, ancaq lüzumsuz duyğusallığın yeri yoxdur. İnanırıq ki, ukraynalılar bu sınaqdan üzüağ çıxacaqlar, ki, onlar artıq demək olar bu işin öhdəsindən gələ bildiklərini isbat etdilər.
Zarafat deyil e, Rusiya kimi nəhəng bir hərb maşınına qarşı cəng meydanında düz altı ay dimdik dayanmaq. Bütün qəliz geosiyasi hesabları, geosiyasi götür-qoyları, hətta Qərbdəki güc mərkəzlərinin belə, yazı-pozularını, hesab-dəftərlərini pozdu prezident Zelenskinin ağlasığmaz cəsarəti və siyasi iradəsi, o cümlədən onunla birlikdə sahədə vuruşan qəhrəman ukraynalılar! Ukrayna xalqı adını çoxdan tarixə qızıl hərflərlə yazdı. Başqa heç nə yox, öz Vətənlərinə, torpaqlarının hər qarışına bağlılıqları, onun uğrunda ölməyi şərəf bilmələrinə görə! Tək buna görə ukraynalı olmağa dəyər!
Əlbəttə, hər kəsin bu ədalətsiz savaşda öz marağı, hədəfləri var, heç nə boşuna deyil, siyasətdə təsadüflər olmur, eləcə də mərd Ukrayna xalqının. Krım və Donbas daxil Ukraynanın ərazi bütövlüyü və suverenliyi toxunulmazdır, işğal başa çatmalıdır. Elə də olacaq, başqa yol yoxdur! Hər şey yaxşı olacaq. Obrazlı və pafoslu olsa da bir şey həqiqətdir: AZADLIQ VERİLMİR, ALINIR! QAN BAHASINA, QURBAN BAHASINA!. Dünya və həyat əvvəldən belə nizamlanıb, belə qurulub və bu, dəyişmir, dəyişə bilmir, indi özümüzdən yeni duyğusal “İsgəndərnamə” illüziyaları yaratmağa qalxmayaq, bekarçılıq olar ən azından..