Dünya bazarlarında enerjidaşıyıcılarının qiymətləri ilə bağlı qeyri-müəyyənlik davam edir. Söhbət volatillikdən, yəni aşağı və yuxarı doğru rəqslərdən gedir. Bir müddətdir neftin dünya bazar qiymətləri 100 ABŞ dollarından aşağıdır, əvvəl isə bu rəqəm 120 dollardan yuxarı idi. Əslində, yenə bahadır.

Belə ki, 1 barelin 90 dollardan yuxarı təklifi ucuz deyil. Lakin heç bir təminat yoxdur ki, bu qiymət birdən-birə bundan da baha olmasın, əvvəl olduğu kimi 100 dolları keçməsin və yaxud da sabah 80 dollardan aşağı düşməsin.

Yəni, enerji bazarında risk səviyyəsi yenə də yüksəkdir, hətta birmənalı qeyd edə bilərəm ki, indiyədək olmadığı qədər yüksəkdir.

Bir vaxtlar qiymətlər 120 dollardan yüksək idi, nəyə görə ucuzlaşdı?!

Qiymətlərin 100 dollardan aşağı düşməsinin səbəbi aydındır, dünya iqtisadiyyatında proseslər müsbət istiqamətdə inkişaf etmir, artım getdikcə daha az səviyyədə proqnozlaşdırılır və s.

Bu da iqtisadi əlaqələrin zəifləməsi, enerjidaşıyıcıları üzrə alış-verişin dalana dirənməsi, inflyasiya və bahaçılıqla əlaqədardır. Səbəb də, aydındır – əvvəl pandemiya, sonra da Rusiya-Ukrayna müharibəsi.

Lakin qiymətlərin daha çox ucuzlaşacağı hələ ki gözlənilmir. Hətta ehtimal var ki, bu, gələn il də baş verməsin. Belə ki, OPEC+ ölkələrinin təşkilatı üzrə texniki komitə 2023-cü ildə defisit də yarana biləcəyini açıqlayıb. 

Belə ki, növbəti ildə bazarlarda guya sutkada 300 min barel neft çatışmazlığı ortaya çıxacaq. Sual yaranır ki, bəs, sözügedən quruma aid ölkələr hasilatı getdikcə artırmaqla məşğuldurlar axı… Elə deyilmi?!

Bəli…

Lakin məsələ bundadır ki, bir sıra texnoloji baryer və amillər bütün imkanlardan istifadəyə imkan yaratmır və bu üzdən, OPEC+ ölkələri hasilat sahəsində hələ, heç pandemiyayaqədərki vəziyyəti bərpa edə bilməyiblər.

Halbuki, dünyada ümumi neft hasilatının 2/3 hissəsinin yükünü daşıyan, başqa sözlə, yarıdan çoxunu çıxaran adıçəkilən qurum hər ay sutkada 400 min barel artım həyata keçirir.

Xatırladım ki, pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində 2020-ci ilin mayında sutkada 9,7 milyon barel, təxminən 10 faiz azaldılmaya gedilmişdi, yəni bu haqda ortaq qərar qəbul edilmişdi.

Cari ilin bu ayının sonuna OPEC+ ölkələri üzrə hasilata qoyulan bütün məhdudiyyətlər aradan götürüləcək. Yəni, qurum məhz belə deyib və bu niyyətdədir. Ancaq bununla belə, yenə də qiymət barədə konkret proqnoz irəli sürmək mümkün deyil.
Buna sübut olaraq daha bir amil ondan ibarətdir ki, indi də deyilir, OPEC+ ölkələri oktyabr ayı üçün neft hasilatını sutkada 100 min barel azaltmaq haqda qərara gəliblər.

Sual yaranır, niyə? Alyans ölkələri qiymətləri görəsən, yenidən 100 dollardan yuxarı qaldırmaq niyyətindədirlərmi? 

Yeri gəlmişkən, noyabr fyuçersi üzrə, yəni dəyəri üzrə qiymətlər yenə yüksəlməyə meyil göstərir. Təbii ki, ən azı hasilatın azaldılacağı haqda açıqlama bunda daha böyük rol oynayacaq.

Göründüyü kimi, bir yandan növbəti il ərzində sutkada 300 min barel neft çatışmazlığı ortaya çıxacağı qeyd olunur, digər yandan isə oktyabrdan yenə azaldılmaya doğru gediləcəyi bildirilir. 

Fikrimcə, bu onu diktə edir ki, dünyada neft hasilatı sənayesi əslində ciddi böhran içərisindədir və sabah aparıcı ölkələrin iqtisadiyyatları bərpa olsa belə, yəni tənəzzül birdən dayansa da neftə yaranacaq tələb ödənilməyəcək.

Yəni bu, real olaraq mümkün olmayacaq.

O da buna görədir ki, hasilat fasiləsiz investisiya tələb edir! Əvvəl, pandemiya idi, indi də Rusiya-Ukrayna müharibəsi və buna görə yaranan çəkişmələr səbəbindən artıq, 3-cü ildir ki, yeni quyular qazmağa, köhnələri isə dərinləşdirməyə maliyyə vəsaiti ayırmağa imkan yoxdur.

Pərviz Heydərov, iqtisadçı