“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi  tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə baza ssenaridə makroiqtisadi  proqnoz göstəriciləri də öz əksini tapmışdır.

Proqnozlara əsasən qarşıdakı 2026-cı ilə qədər:

  • İqtisadiyyatın eal artım tempinin orta hesabla 3-4 faiz intervalda qeydə alınması ilə, ÜDM-in 118.3 milyard manata;
  • Qeyri-neft ÜDM-in illik orta hesabla real olaraq 5% artması ilə 67.1 milyard manata;
  • Nominal ÜDM-in tərkibində qeyri-neft bölməsinin payının 78 faizə;
  • Özəl sektorun iqtisadiyyatda payının 88 faizə;
  • Əhali gəlirlərinin 91.9 milyard manata;
  • Əhali xərclərinin 89.2 milyard manata yükəslməsi hədəflənməkdədir.

Həmçinin, qarşıdakı 4 il ərzində azalan hasilat göstəriciləri fonunda, neft-qaz ÜDM-nin nominal ÜDM-in tərkibində 22 faizə, o cümlədən illik inflyasiyanın 4±2  faiz intervalında qorunması və baza ssenari üzrə cari ildə 12.5 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 3.6 faizə geriləcəyi gözlənilir.

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbət göstəricisinin yuxarı həddinin 2026-cı ilin sonuna 17.5  faizə endirilməsi ilə yanaşı, dövlət  borcunun  ÜDM-yə nisbət göstəricisi üzrə yuxarı həddin 2026-cı ilin sonuna 20 faiz səviyyəsində saxlanılması qarşıya qoyulmuşdur.

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi nəticəsində milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi yaxın 4 ildə də (1.70 səviyyəsində) sabit qalması gözlənilməkdədir.

Strategiyaya əsasən neftin bir barrelinin orta illik ixrac qiyməti 50 dollar fərz edilmişdir.

Pünhan Musayev

İqtisadçı.