Türkiyə lideri əslində Finlandiya və İsveçin NATO-ya üzv olmasının əleyhinə deyil, lakin hazırkı mərhələdə isə məqsədli şəkildə bunun əleyhinə çıxır.
Düzünə qalsa, Rəcəb Tayyib Ərdoğanın srağa gün cümə namazından sonra jurnalistlərə açıqlamasında İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı çıxış etməsinə görə kimsə Türkiyəni qınaya bilməz.
Əlbəttə, Türkiyənin bu mövqeyinin Qərb ölkələrini də, eləcə də Finlandiya və İsveç rəsmilərini də şoka salması gözlənilən idi. Lakin Türkiyənin bu addımı nəyə görə atmasının səbəb və tarixçəsinə bir qədər dərindən nəzər saldıqda isə, rəsmi Ankaraya haqq verməmək olmur.
Məsələ burasındadır ki, Türkiyənin NATO-da veto hüququndan istifadə etmək niyyətini gündəmə gətirməsi sözügedən hər iki ölkənin uzun illərdir ki, anti-Türkiyə siyasəti yürütməsi ilə bağlıdır. Bu siyasətin kökündə isə Finlandiya və İsveçin Finlandiya və İsveçin hər gün Türkiyə əsgərlərinə və polislərinə hücum edən terror təşkilatları olan PKK və SNA-nı (Suriyadakı Xalq Özünümüdafiə Qüvvələri) açıq şəkildə dəstəkləməsi, onlarla mütəmadi əlaqə saxlaması amili dayanır.
Ərdoğan da cümə namazından sonrakı açıqlamasında məhz bu məqamı dilə gətirdi və hər iki ölkənin PKK-ya dəstək verdiyini açıq şəkildə vurğuladı.
Yeri gəlmişkən, bu gün İsveçin və Finlandiyanın xarici işlər nazirləri ilə görüşən Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu da bildirdi ki, bu iki ölkənin PKK-ya dəstəyi “qeyri-adi və qəbuledilməzdir”.
Başqa sözlə desək, bu Türkiyənin “qırmızı xətti” sayılır. Bu xətti görməzdən gələn və terror təşkilatlarına dəstək verən ölkələrin NATO Alyansına üzvlüyünü bloklamaq Türkiyənin halal haqqıdır. Türkiyənin buna mənəvi haqqı da, siyasi haqqı da çatır.
Lakin İsveç və Finlandiya PKK və SNA-ya dəstəyi dayandırarsa, Türkiyə də öz mövqeyini yenidən nəzərdən keçirə və bu iki ölkənin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandıra bilər.
Ərdoğanın bu taktikası ustalıqla düşünülüb. Veto hüququndan istifadə hədəsi Türkiyəyə imkan verəcək ki, NATO müttəfiqləri ilə öz arasında illərdən bəri yığılıb qalmış bir sıra digər ciddi məsələləri də müsbət şəkildə çözsün.
Söhbət F-35 qırıcılarının Türkiyəyə satılmasına razılıq verilməsindən tutmuş, silah embarqosunun qaldırılması, FETÖ qruplaşmasının liderinin Türkiyəyə təhvil verilməsi, ABŞ-ın PKK-nın Suriyadakı uzantısı olan YPG-yə dəstək verməsinə son qoyulması və s. kimi olduqca mühüm məsələlərdən gedir.
Bu məsələlərin hər biri hazırda Türkiyə üçün həyati əhəmiyyətlidir. Bu baxımdan, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzv olmasına veto qoymaq hüququna növbəti bir şans kimi baxır və bu şansdan maksimum surətdə yararlanmağa çalışır.
Başqa sözlə desək, bu da bir geosiyasi “ticarət”dir. Ərdoğan istəyir ki, NATO-nun aparıcı ölkələri sayılan ABŞ, Fransa, Almaniya, Böyük Britaniya Türkiyənin mövqeyi ilə hesablaşsın və bu ölkələr gələcəkdə NATO daxilində kiçik ölkələrdən Türkiyə əleyhinə istifadə etməsinlər.
Görünən budur ki, ABŞ və digər aparıcı ölkələr Türkiyənin mövcud tələbləri qarşısında güzəştə getmək yolunu seçəcək və Ankara ilə razılığa gələcək.
Ərdoğanın yaranmış fürsəti düzgün dəyərləndirməsi uğurla nəticələnə bilər. Siyasət də zatən fürsətləri düzgün dəyərləndirmək və çevik qərarlar qəbul etmək sənətidir.
Bəybala Mirzəyev