Rusiya İkinci Qarabağ Müharibəsi zamanı bütün imkanlarından istifadə edərək Azərbaycana təzyiq göstərməyə və döyüşləri ləngitməyə çalışıb. 10 Noyabr Bəyannaməsi imzalanmasa idi, yəqin ki, Azərbaycan Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və digər ərazilərin işğaldan azad edilməsi prosesini də həyata keçirərdi. Lakin hazırda imzalanan Bəyannamənin şərtlərinə baxarkən Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini görə bilərik. Ancaq regional və qlobal şərtlər imkan verdiyi təqdirdə biz yarımçıq qalan bütün məsələləri həll edəcəyik. Yəni burada məsələ Rusiyanın imkan verib-verməməsində deyil. İlk növbədə Azərbaycanın maraqları ön planda olmalıdır. Rusiya bu günə qədər ermənilərdən üz döndərməyə çalışsa da, bunu tam şəkildə bacarmayıb. Çünki, Moskva yaxşı bilir ki, Ermənistan Rusiyadan belə bir addımın atılmasını gözləyir. Bununla da Qərbə meyl etmək üçün fürsət axtarır. Düşünürəm ki, Rusiya belə bir addımı atmayacaq. Biz yarımçıq qalan məsələləri danışıqlar masasında əyləşərək həll edə və ərazilərimizi geri ala bilərik.

Doğrudur, antiterror əməliyyatlarının keçirilməsi, erməni terrorçularının həmin ərazilərdən çıxarılması da mümkündür. Hətta savaş başladıb həmin əraziləri də nəzarətimizə keçirə bilərik. Ancaq nəzərə almalıyıq ki, Rusiya hərbçiləri dislokasiya ediliblər və 5 il müddətinə orada qalacaqlar. Əgər Azərbaycan həmin ərazilərdə əməliyyatlara başlasa, o zaman məcburi şəkildə Rus hərbçiləri ilə üz-üzə gəlməli olacaq. Bu səbəbdən də, ən optimal variant danışıqlar prosesi zamanı əldə olunacaq razılıqlar əsasında  həmin ərazilərin Azərbaycanın nəzarətinə keçməsidir. Biz indiki halda müharibə variantını istisna etməliyik. Çünki baş verənlər ermənilər tərəfindən ya Azərbaycanın, ya da Rusiyanın əleyhinə atılacaq addım kimi qiymətləndirilə bilər. Amma erməni separatçıları Azərbaycana qarşı təxribat xarakterli addımlarını çoxaltsalar, o zaman rəsmi Bakı antiterror əməliyyatlarına başlayaraq onları tam zərərsizləşdirə bilər. İndiki halda həmin ərazilərdə antiterror əməlliyatlarına başlaması üçün Rusiyanın Azərbaycana imkan verəcəyinə inanmıram. Bunun üçün tam şəkildə razılıq əldə edilməlidir. Həmçinin Rusiya-Türkiyə və Azərbaycan-Rusiya razılığına ehtiyac var. Yalnız bundan sonra proseslərin gedişatına uyğun olaraq belə bir addımın atılıb-atılmayacağına qərar verilə bilər.

Samir Hümbətov, politoloq