ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini yekdil qərarla 75 bənd artıraraq 3.00-3.25 % intervalına yüksəldib ki, bu da faiz dərəcələrinin 2008-ci ildən bəri gördüyü ən yüksək səviyyə deməkdir. İlk faiz artımını yüksək inflyasiya səbəbilə mart ayında bəndlə başlayan FED may ayında 50, iyun və iyul aylarında 75 bənd artırmışdı ki, beləliklə dünənki qərar da nəzərə alınmaqla 1980-ci illərdən (Volker dönəmi) bəri ən aqressiv faiz siyasətini həyata keçirmiş oldu. İclas zamanı rəsmilər bu il üçün faiz gözləntisinin 4.4, 2023-cü ilin sonu üçünsə 4.6% olduğu bildirildi ki, bu da noyabr iclasında növbəti 75 bəndlik artımın siqnalını vermiş oldu. Proqnozlar içində həmçinin cari ilin sonu üçün baza inflyasiya gözləntisi 5.2 faizdən 5.4 faizə, artım gözləntisi 1.7 faizdən 0.2 faizə, işsizlik  proqnozunu isə 3.7 faizdən 3.8 faizə dəyişib. Gələn il üçün isə bu kateqoriyalar üzrə təxminlər müvafiq olaraq 2.6 faizdən 2.8 faizə, 1.7 faizdən 1.2 faizə və 3.9 faizdən 4.4 faizə revizə edilib.

Mənbə: FED.

*- inflyasiya FED-in xüsusi hesabladığı şəxsi gəlirlər üzrə qiymət səviyyəsini əks etdirir.

Faiz qərarı öncəsi bu ilin may ayından bəri ən yüksək səviyyəyə yüksələn (111) dollar indeksi, qərardan sonra bir qədər də sürətlənərək 111.5 həddini görmüşdür.

Dolların gücü idxalı bahalaşdırma riski ilə yüksək inflyasiya fonunda xam neftə tələbində azalma gözləntisi ilə qiymətləri 90 dollardan aşağı salıb – Cümə axşamı Brent 0.4% ucuzlaşaraq 89.56 dollara, WTI markalı neft isə 0,3% ucuzlaşaraq 82.72 dollara düşüb.

İndekslər isə FED-in aqressiv faiz artımından sonra neqativ hərəkətlə yadda qaldı: S&P 500 1.71 faiz, Dow Jones 1.70 faiz, Nasdaq isə 179 faiz azalıb. ABŞ-ın 10 illik istiqrazları üzrə gəlirlilik isə 3.6 faizə çatıb.

Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz qərarından sonra sədr Povel mətbuata açıqlamasında Mərkəzi bankın inflyasiyanı cilovlamaq üçün iqtisadiyyatda və əmək bazarında zəifliyi riskə atmağa da hazır olduğunu söylədi: “İnflyasiya bizim 2 faiz hədəfimizdən xeyli yuxarıdır. Qiymət təzyiqi həddən artıq çoxdur, bunu hazırda mal və xidmətlərdə görmək olar. Son aylarda yanacağın qiymətləri ucuzlaşsa da, ötən ilin eyni dövrü ilə müqayisədə çox yüksək olduğunu görürük. Ərzaq və enerji qiymətlərində böyük artım var. İştirakçılar inflyasiya risklərinin yüksəlişdə olduğunu düşünürlər. Yüksək inflyasiya böyük problem yaradır, çünki alıcılıq qabiliyyəti azalır. İnsanlar yemək, sığınacaq və nəqliyyat kimi ən vacib əşyaları qarşılamaqda çətinlik çəkirlər. Önümüzdəki aylarda inflyasiyanın aşağı düşməsinə dair sübutlar görmək istəyirik. Davam edən faiz artımlarının məqsədəuyğun olacağına inanırıq. Bu artımların tempi də daxil olan məlumatlardan və iqtisadiyyatın perspektivindən asılı olaraq dəyişəcək. Pul siyasəti daha da sərtləşdikcə, faiz artımının sürətini yavaşlatmaq məqsədəuyğun ola bilər. Bir müddət məhdudlaşdırıcı pul siyasətinə davam edəcəyik. Hesab edirik ki, pul siyasəti vaxtından əvvəl yumşalmamalıdır”.

Pünhan Musayev, iqtisadçı.