“Qarabağ” adının yazılışı vahid formada olmalıdır.”
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında deyib. Onun fikirlərinə görə, ötən iki il ərzində ölkə başçısının Vətən müharibəsindəki xilaskarlıq və quruculuq missiyası lazımi şəkildə elmi ədəbiyyatda əks olunmayıb və bu istiqamətdə fundamental tədqiqatlara ehtiyac var.
“Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Qarabağ“ adının yazılışı vahid formada olmalıdır və beynəlxalq arenada “Karabakh” formasında əks olunması doğru yanaşma deyil. Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiyə” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı konkret addımlar atmalıyq.”
Bəs, “Qarabağ” adının vahid formada yazılışına mütəxəssislərin yanaşması necədir?
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli məsələnin aktuallıqdan kənar olduğunu bildirib:
“Əslində, bu mövzunun gündəmə gəlməsi həddindən artıq gecdir. Ən azı otuz ildir ki, dünya mediasında bu söz yazılır, deyilir. İndi bu məsələni qaldırmaq müəyyən dərəcədə aktuallığını itirib.”
Professor AMEA-nın hazırkı prezidenti İsa Həbibbəylinin dilçiliklə bağlı qaldırdığı məsələləri qeyri-peşəkar qiymətləndirdiyini deyib:
“Bu məsələni Akademiyanın təzə prezidenti İsa Həbibbəyli qaldırıb. Ümumiyyətlə, onun dilçiliklə bağlı hər hansı məsələni qaldırması məndə həmişə həyəcan yaradır. Çünki 2018-ci ildə bu adam Azərbaycan dilində qoşa “y” samitlərindən birini ixtisar etməyi, “Quran” sözünün və başqa sözlərin yazılışını dəyişməyi təklif edirdi. Bu da çox diletant, qeyri-elmi yanaşmaydı. Ona görə də bu cür adamların belə təşəbbüslərlə çıxış etməsini həyəcanla qarşılayıram.”
Mütəxəssis, həmçinin, işin təkcə məsələ qaldırmaqla bitmədiyini, müəyyən təkliflər irəli sürməyin zəruriliyini qeyd edib:
“Təkcə məsələ qaldırmaqla deyil, bəs yaxşı, nə təklif edirik? Məqsəd nədir? Təbii ki, məqsəd vahid yazılış formasını tətbiq etməkdir. Elmi, dilçilik baxımdan bu bir transkripsiya məsələsidir. Biz beynəlxalq brend adlarını, alınma sözləri başqa cür necə yaza bilərik? Eləcə də bizdə spesifik səslər var ki, onlar dünya dillərində yoxdur. Məsələn, bizdəki “ə” saiti yaxud ”ğ” və ya “x” bir çox dillərdə işlənmir. Qardaş Türkiyə əlifbasında da “x” hərfi yoxdur. Təkcə “Qarabağ” sözü deyil, “Azərbaycan” adından tutmuş, müəyyən məşhur adlarımız var ki, onların xarici dillərdə yazılış qaydasını biz təklif etməliyik ki, bu formada yazılsın.”
Qulu Məhərrəmli əvvəlcə, transkripsiya məsələsinin vacibliyini və elmi yanaşmanın zəruriliyini vurğulayıb:
“Yəni bizim dildə olmayan hərflərin yazılışını xarici dillərdə təmin etmək üçün transkripsiyaya ehtiyac var. Söhbət daha çox dünyanın işlək dillərindən olan fransız, ispan, alman və sözsüz ki, ingilis dillərindən gedir. Belə olan halda, vahid yazılış formasını təmin edə bilərik. Yoxsa, biz ingilisdən yaxud fransızdan tələb edə bilmərik ki, belə yox, belə yazın. Ona görə də düşünürəm ki, bu məsələdə elmi yanaşma öndə olmalıdır.”
Jalə Quliyeva, BDU jurnalistika fakültəsinin tələbəsi