Bir çoxumuzda müşahidə olunan hisslərdən biri də sevdiyin insanı başqasıyla görəndə özümüzdən asılı olmayaraq yaranan inciklik və qısqanclıqdır. Bunu təkcə insanlara aid etmək düzgün olmaz. Eyni zamanda qeyd eləməliyik ki, müxtəlif xatirələrimizin olduğu yerdə gələcəkdə başqa adamları görəndə də oxşar hisslər keçirə bilirik. Məsələn, uzun müddət munasibətdə olduğumuz insanı başqalarıyla birlikdə görəndə qəfildən inciyirik.
Amma, şüurlu şəkildə başa düşürük ki, konkret stuasiya əbədi deyil. Bu, müvəqqəti hiss və mənasız həssaslıqdır. Elə isə qəfl yaranan incikliyin səbəbi nədir? Psixoloji baxımdan necə izah olunur?Hansı insanlarda daha çox bu hal baş verir?
Bu haqda psixoloq Ləman Səfərovanın fikirlərini öyrəndik.
O, bildirib ki, bu, eqoistlikdən və ailədən qaynaqlanır: “Uşağın yetişdirilməsindən, tərbiyə gördüyü ailədən çox şey asılıdır. Ümumiyyətlə, hər şeyin təməli ailədən gəlir, məsələn, əgər sən öz rəfiqəni digər rəfiqənə qısqanırsansa, deməli sən uşaqlığında oyuncaqlarını başqalarıyla paylaşmayan uşaq olmusan. Paylaşmağı öncə valideynlər daha sonra isə ətraf muhit bizə aşılayır. Valideynlər uşaqlarına bölüşməyi öyrətməli, oyuncaqlarını başqalarıyla paylaşmağı bacarmağı onlara başa salmalıdır. Uşaqlıq vaxtı paylaşmağı bacarmayan insanlar böyüyən zaman rəfiqəsini, müəllimini, sevgilisini də paylaşmağı bacarmırlar. Valideynlər səni necə böyüdürlərsə, sən yetişkənlik dövründə də ona uyğun davranırsan, qısqanclıq normal bir hissdir, amma hərşeyin həddi olduğu kimi qısqanclığın da bir həddi olmalıdır. Hərkəsdə qısqanclıq hissi var az və yaxud çox miqdarda qısqanclıq hissi var, bu, təbii haldır. Qısqanclıq o demək deyil ki, sən həmin insanı sadəcə özunə aid edib ətrafından uzaqlaşdırasan, qarşı tərəfi həyatdan soyudasan. Qısqanclığı pataloji həddə çatdırmaq düzgün deyil”.
Ekspert bunu da qeyd edib ki, insanlar sevgiyə olan ehtiyaclarını başqalarında axtarırlar: “Deməli yenə uşaqlıqda yaşadığı bir hadisə ona bunu etdirir. Qayğı və sevgidə bir boşluq var və bu davranışla onu doldurmağa çalışır”.
Şahanə Tağızadə, BDU jurnalistika fakültəsinin tələbəsi