Türkiyə Silahlı Qüvvələrinin noyabrın 20- də Suriya və İraqın şimalında başlatdığı “Pəncə – Qılınc” anti terror əməliyyatları uğurla davam edir. Əməliyyat çərçivəsində indiyədək 300- ə yaxın terrorçu məhv edilib, 500- ə yaxın hədəf atəşə tutulub.
Əməliyyatlar hələ ki, havadan davam edir. Amma quru hücumlarının başlanması istisna deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər bu barədə artıq anons veriblər. Görünür, Mehmetçik dayanmayacaq. Bu isə o deməkdir ki, Türkiyənin “Bir gecə, qəfildən…” şüarı artıq reallığa çevrilir.
Məsələ barədə açıqlama verən türkiyəli general, hərbi ekspert Yücəl Karauz dedi ki, Türkiyə Silahlı Qüvvələri 2016- ci ildən bəri sərhəd təhlükəsizliyi təmin etmək məqsədilə Suriya və İraqda əməliyyatlar həyata keçirir: “İndiyə kimi müxtəlif illərdə Suriyada 4 dəfə genişmiqyaslı əməliyyatlar həyata keçirilib. İraqla sərhəddə isə “Pəncə” əməliyyatları icra olundu. İraqla təxminən 380 kilometrlik sərhədimiz var. “Pəncə – Kilit” əməliyyatı nəticəsində İraq sərhədindən təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam etdi. Suriya sərhədimiz isə 911 kilometrdir. Həmin məsafənin 450 kilometrində sərhəd təhlükəsizliyi 30 kilometr məsafədən təmin olunub. Amma Ayn Əl Arab, Tel – Rifat və Münbiçdə terror aktları həyata keçirilməkdədir. Türkiyə ordusu keçən həftə ərzində “Pəncə Qılınc” əməliyyatı çərçivəsində İraq və Suriyada nadir silahlı qüvvələrin bacardığı əməliyyat həyata keçirdi. Beləliklə, 18 bölgədə 85 hədəf zərərsizləşdirildi. Onların arasında mühüm strateji əhəmiyyətli obyektlər var. Əlbəttə, bu əməliyyata kifayət deyil. Quru əməliyyatına da ehtiyac var. Türkiyə Silahlı Qüvvələri hər an yeni quru əməliyyatına başlaya bilər”.


Y. Karauzun sözlərinə görə, Ankaranın anti terror əməliyyatları digər dövlətləri narahat edir: “Əlbəttə, Rusiya və ABŞ- ın Suriyadakı maraqları üst – üstə düşür. Halbuki onlar digər ərazilərdə bir- biriləri ilə mübarizə aparırlar. Rusiya və ABŞ – ın məqsədləri, demək olar, eynidir: İraq və Suriyada terror dövləti yaratmaq. İran da buna çalışır. Hər biri bunun üçün fərqli məqamlardan bəhanə kimi istifadə edirlər. Fəqət dediyim kimi, məqsəd eynidir. 2019- cu ildə ABŞ və Rusiya ilə əldə olunan razılığa əsasən, onlar terrorçuları bölgədən çıxarmalı idilər. Amma hələ də öhdəliklərini yerinə yetirməyiblər. Həmçinin ABŞ PKK/PYD terror qruplaşmasına 2023- cü il üçün 288 milyon dollar vəsait ayırıb. Bunu İŞİD – lə mübarizə adı altında ayırsa da, əsl məqsəd başqadır. Bunu başa düşməmək üçün gərək uşaq olasan”.
General düşünür ki, kimsə Ankaranı yolundan döndərə bilməz: “Türkiyə artıq əvvəlki deyil. Diplomatik səylər nəticə verməsə, Türkiyə öz iradəsi və resursları ilə quru əməliyyatına başlayacaq və terrorçuları zərərsizləşdirəcək. Türkiyə son terrorçu məhv olanadək mübarizəsini davam etdirəcək”.

Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi