Bir neçə gün əvvəl Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüş zamanı Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinlə görüş zamanı bir sıra məsələlərin müzakirə olunacağını deyib: “Rusiya Prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsi müzakirə olunacaq. Bəzi xırda məsələləri həll etsək, ticarət dövriyyəsi həcmin artırılması istiqamətində böyük irəliləyiş olar. Bizim üçün əsas məsələ budur və 2022-ci il göstərdi ki, biz bunun öhdəsindən gələcəyik” deyə Lukaşenko qeyd edib.
Bu yaxınlarda qərb analitikləri bildirmişlər ki, Rusiya Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlayır. Elə həmin günlərdə Belarus xarici işlər naziri Vladimir Makeyin ölüb xəbəri yayıldı. Ola bilərmi ki, bu rəsmi Minskə gözdağı idi? Lukaşenkonun Putinlə görüşündə nələr gözlənilir? Bu məsələ ilə bağlı politoloq, BDU-nun professoru Əlimusa İbrahimovun fikirlərini öyrəndik.
O, Belarus xarici işlər nazirinin ölümünün qəflətən olmadığını bildirdi: “Lukaşenkoya sui-qəsd hazırlanması haqqında olan məsələni ciddi saymıram. Hətta Belarus xarici işlər nazirinin ölümünün qəflətən baş verdiyini düşünmürəm. Sadəcə bu hadisədən Rusiya və Belarusa qarşı istifadə etməyə çalışırlar. Bildiyimiz kimi, qərbdə də bu məsələlər danışılır. O cümlədən, Rusiya hakimiyyət dairələrinin Lukaşenkonu aradan götürmələrinə inanmıram. Çünki buna ehtiyac olunduğunu düşünmürəm. Lukaşenko Putinin əmrini yerinə yetirir. Həm Rusiya-Ukrayna müharibəsi başlayandan bu vaxta qədər, həm də müharibədən əvvəl Belarus Prezidentinin Rusiyaya qarşı ciddi addım atmasının şahidi olmamışıq. Bu gün Belarus qoşunlarının Ukraynada iştirak etməməsinin və ya Rusiya qoşunları ilə birlikdə cəbhədə iştirak etməməsi, yəqin, Rusiya-Belarus arasında razılaşmaya əsaslanır”.

Politoloqun sözlərinə görə Rusiya istədiyi vaxt Belarus qoşunlarından istifadə edəcək: ”Belarus qoşunları rus qoşunlarının yanındadır, onun təchizatında iştirak edir, bəlkə, cəhbədə də rus qoşunları var. Yoxdursa belə, deməli Rusiya hərbi siyasi hakimiyyəti buna hələ ki, ehtiyacı yoxdur. Zərurət yaranarsa, Rusiya üçün Belarus qoşunlarından istifadə etməyə heç bir ciddi maneə yoxdur. Lukaşenko da bunun əleyhinə çıxa bilməyəcək. Ona görə ki, Lukaşenko əmindir ki, Rusiyaya nəsə olsa və gedən müharibədə Rusiya uduzarsa, bu həm də Belarusun uduzması deməkdir. Digər tərəfdən Belarus qoşunları Rusiya hər tərəfli yardım edir, ərazisindən raketlərin atılmasından istifadə olunur. Bu gün Rusiyada istifadə olunan raketlərin çox hissəsi Belarusda hərbi bazada olan raketlərdir”.
Əlimusa İbrahimov, həmçinin bildirdi ki, Belarusun Rusiya tərəfindən çıxış etməməsi gizlədilə bilər: “Ona görə ki, Belarusun Rusiyaya yardım etməsi bilinərsə, bu Ukraynaya qarşı Rusiya-Belarus ittifaqının vuruşduğu haqqında imic formalaşdırar. Düşünürəm ki, Belarus qoşunlarının Rusiya tərəfindən çıxış etməsi üçün Lukaşenkonu aradan götürmək lazım olsun. Belə hadisə baş versə, bəlkə də, Belarusun Rusiyadan uzaqlaşmasına səbəb olar. Bunlar şaiyələrdir. Müharibə dövründə də şaiyələri doğru xəbərlərdən ayırmaq çətindir”.

Aytac FUADQIZI
BDU Jurnalistika fakültəsinin tələbəsi