Fransanın tarix boyu həyata keçirdiyi qətliamlar və siyasi münasibətlər sistemini çirkləndirməsi hamı tərəfindən qəbul edilən reallıqdır. Fransa dayanmadan qlobal proseslərə neqativ tendensiyalar ixrac edir. Rəsmi Parisin bütün aqressiv siyasi xətti nəticəsində indi Fransada saysız narazı vətəndaşlar var və onlar sari jiletlərlə Fransadakı klassik qəsb şüuruna qarşı mübarizə aparırlar. Afrikadakı müstəmləkələrində müstəmləkəçilik fəaliyyəti çərçivəsində müstəmləkələr quraraq böyük insan hüquqları pozuntularına yol verən Fransanın tarixində qırğınlar beynəlxalq ictimai rəyin vicdanını narahat etməkdə davam edir. Bu ölkə 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurub. Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qaldı. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar olunub.
Afrikada davam edən müstəmləkəçilik dövründə bu üsyanlar şiddətlə yatırılıb və 2 milyondan çox afrikalı həyatını itirib. Fransanın dünya müharibələrində müstəqillik vədi ilə öz sıralarında vuruşduğu ölkələrin xalqlarının başlatdığı üsyanlar da zorakılıqla yatırıldı. Bölgədəki 5 əsrlik müstəmləkəçilik dövrü və müstəqillik müharibələri 2 milyondan çox afrikalının həyatı bahasına başa gəlib. İkinci Dünya müharibəsinin bitməsinə az qalanda müstəqillik vədi ilə Fransanın tərəfində vuruşan əlcəzairlilərin başlatdığı nümayişlərdə minlərlə əlcəzairli fransız əsgərləri tərəfindən öldürülüb. Tarixə “8 May 1945-ci il Setif və Quelma” qırğını kimi keçən hadisələrdən Əlcəzairin müstəqilliyini əldə etdiyi 1962-ci ilə qədər zorakılıq sistemli şəkildə davam etdi. Əlcəzair Qurtuluş Döyüşündə fransızlar 1 milyon insan həyatına son qoyublar.
Fransanın 1830-cu ildən bəri Əlcəzair cəmiyyətini mədəni soyqırımı ilə baş-başa qoyduğu məlumdur. Öz yerli kimliyi ilə yanaşı Əlcəzairin 300 illik Osmanlı tarixinin məhvinə səbəb olan Fransa ölkədəki bir çox mədəni və dini abidələri öz mülahizəsinə uyğun olaraq transformasiya edib. Soyqırımında Fransanın rolu olduğu üzə çıxıb: “Ruanda soyqırımından bir az əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirmədiyi və bölgəni tərk etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda əksini tapmışdı. Fransa ölkənin cənub-qərb hissəsində sığınacaq axtaranlar üçün təhlükəsiz zona yaratmaq üçün iyunun 23-də “Firuzəyi” əməliyyatına başlayıb. Bununla belə, Ruandada soyqırımın qarşısını almaq əvəzinə, soyqırımı törədən Hutu hökumətinə silah və məlumat verdiyi aşkarlanan Fransaya qarşı hələ də davam edən çoxlu beynəlxalq məhkəmələr var. Fransanın keçmiş Prezidenti Fransua Mitteran 1998-ci ildə “Le Figaro” qəzetinə verdiyi müsahibədə “əgər həmin ölkələrdə soyqırımı varsa, o qədər də böyük məsələ deyil”, demişdi. Onun bu ifadəni işlətməsi hələ də beynəlxalq ictimaiyyətə məlum olan faktdır. Fransanın Mediapart internet saytı Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE-yə aid sənədə əsaslanan “Ruanda soyqırımı: Fransanın yalanları ifşa olundu” başlıqlı hesabatında Fransanın təxminən 800 min Tutsinin Hutu tərəfindən öldürüldüyü Ruanda soyqırımının əsl günahkarlarını gizlətdiyini bildirib.
Tarixi keçmişi qaranlıq olan Fransanın bu gün başqa regionlar haqqında hansısa vasitəçiliyi əsla qəbul edilə bilməz. Fransada ifrat sağçıların yüksəlişi, islamofobiya, qaçqınların rədd edilməsi və ümumiyyətlə, populizmin yayılması xalqın seçki hüququ və milli suverenlik anlayışları ilə birbaşa ziddiyyət təşkil etmir, əksinə güclənən liberal demokratik sistemə meydan oxuyur. Fransada təkcə liberal dəyərlər deyil, bütün demokratik rejim və təmsilçilik sistemi dərin böhran yaşayır. Son iyirmi ildə keçirilən seçkilərdə siyasi iştirakın kritik həddə düşməsi, ictimaiyyətin siyasətçilərə qarşı skeptisizmi və klassik siyasi sistemə inamsızlığı ilə bağlı sorğulara nəzər saldıqda görürük ki, Fransanın demokratik quruluşu bütövlükdə laxlayıb.
Azərbaycan və Türkiyə əleyhinə qəbuledilməz siyasət həyata keçirən Fransanın daxilində böyük ikitirəliklər mövcuddur. Küçədə səslənən fikir budur ki, Makron varlıları daha varlı, kasıbları isə kasıb edən siyasət yürüdür. Fransanın ciddi siyasi problemləri (bəziləri onlardan qaynaqlanır), eləcə də ortaya çıxan iqtisadi-sosial problemləri var. Məsələn, keçmiş müstəmləkələrindən xüsusi statusa malik Yeni Kaledoniyada gələn il ikinci öz müqəddəratını təyinetmə referendumu keçiriləcək. “Xeyr” tərəfdarlarının qazandığı ilk səsdən sonra müstəqillik tərəfdarları artır. Gün gələcək ki, Yeni Kaledoniya və bütün koloniyalar müstəqillik əldə edəcəklər. Etiraf etmək lazımdır ki, hər bir müstəmləkəçi ölkə kimi Fransanın da xaricdə yaşayan xalqlara “sivilizasiya gətirmək” missiyası çoxdan başa çatmışdır.
Fransa parlamentinin palatalarında Azərbaycan əleyhinə qəbul edilən qərarların heç bir hüquqi əsası yoxdur. Fransa hakimiyyəti bu qətnamənin onların mövqeyini ifadə etmədiyini desə də hakim partiya funksionerlərinin “qətnamədə” fəallığı görünən mənzərədir.
Tural İsmayılov, politoloq