ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə ABŞ – ın Cənubi Qafqazda regionun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal işlədiyini bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycanda arasnda iki dəfə üçtərəfli görüş keçirilib və tərəflərlə telefon əlaqəsi də davam etdirilir.
Ned Praysın sözlərinə görə, ABŞ iki ölkə arasında davamlı sülhü və problemin həllinə aparan diplomatiyanı dəstəkləyir.
Mövzu ilə əlaqədar siyasi şərhçi Elçin Xalidbəylinin fikirlərini öyrəndik.
Ekspert Rusiyanın regional sülhdə maraqlı olmadığını bildirdi:
“ABŞ və Qərb Cənubi Qafqaz uğrunda Rusiya ilə intensiv rəqabətə başlayıb. Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq üçün regional sülh prosesini pozmağa çalışır. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, onda Rusiya Cənubi Qafqazda əsas təsir mexanizmini itirəcək. Nəticədə Kreml əvvəlcə Rusiya sülhməramlı qüvvələrini müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarmaq məcburiyyətində qalacaq. Ardınca isə Rusiyanın Ermənistandakı hərbi bazasının bölgədən çıxarılması ilə bağlı məsələ gündəmə gələcək. Yəni Cənubi Qafqazda sülhün və sabitliyin yaradılması Rusiyanın bu regiondan çıxarılması anlamına gəlir. Ona görə də Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl yaradır”.
E. Xalidbəyli, həmçinin bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarması üçün əlverişli vasitədir:
“ABŞ və Qərbə gəldikdə isə burada vəziyyət və maraqlar tamamilə dəyişir. Belə ki, Ağ Evin əsas hədəfi Ermənistanı Rusiyanın nəzarətindən uzaqlaşdırmaq, Cənubi Qafqazdan Rusiyanı bütünlüklə sıxışdırıb çıxarmaqdan ibarətdir. Ona görə də ABŞ və Qərb Azərbaycan və Ermənistan arasında mümkün qədər tez bir zamanda yekun sülh sazişinin imzalanmasında birbaşa maraqlıdır. Hətta ABŞ regional sülhə nail olmaq üçün intensiv fəaliyyət göstərməyə də çalışır. Hazırda Ağ Ev istəyir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları da Rusiyanın nəzarətindən çıxarılsın. Çünki Ağ Evdə anlayırlar ki, bu prosesə Rusiya vasitəçilik etdikcə Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması mümkün olmayacaq. Buna görə də ABŞ Azərbaycan və Ermənistana israrla Rusiyanın iştirakı olmadan birbaşa, ikitərəfli təmaslara üstünlük vermək tövsiyəsi ilə çağırışlar edir”.
Həmsöhbətimiz ABŞ-ın regionda Azərbaycanın maraqlarına daha çox üstünlük verdiyini vurğuladı:
“Digər tərəfdən, Ağ Evdə onu da anlayırlar ki, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün regionun şəriksiz geopolitik iradə sahibi olan Azərbaycanın maraqlarını təmin etmək vacibdir. Əks halda, rəsmi Bakı heç bir sülh sazişi variantına razılıq verməz. Bu isə Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesini də qeyri-müəyyən müddətə uzada bilər. Ona görə də ABŞ Ermənistana təzyiq göstərir ki, rəsmi İrəvan Azərbaycan ilə beynəlxalq hüquq normalarına uyğun şərtlər çərçivəsində yekun sülh sazişi imzalasın. Beynəlxalq hüquq normaları isə birmənalı şəkildə Azərbaycanın milli maraqlarına cavab verir. Yəni, dolayısı ilə ABŞ Ermənistandan tələb edir ki, Azərbaycanın şərtləri çərçivəsində yekun sülh sazişi imzalansın”.
Ekspert qeyd etdi ki, ABŞ görüşlərə vasitəçilik etməkdə də maraqlıdır:
“Təbii ki, hazırda ABŞ regional sülh prosesini Rusiyanın təsir dairəsindən çıxarmaq üçün xüsusi fəallıq göstərir. ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlərə vasitəçilik edilməsində müəyyən irəliləyişlər əldə edə bilib. Hətta ABŞ dövlət katibinin vasitəçiliyi ilə yekun sülh sazişinin “Vaşinqton variantı”nın hazırlanmaqda olduğu barədə məlumatlar da var”.
Politoloq məsələ ilə bağlı öz proqnozlarını da bildirdi:
“Ümumiyyətlə, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinin Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi və ABŞ-ın fəal dəstəyi ilə yeni mərhələyə keçə biləcəyi də qətiyyən istisna deyil”.
Jalə Quliyeva, BDU jurnalistika fakültəsinin tələbəsi