Şərqi Avropada davam edən müharibənin arealının böyüyəcəyinə dair iddialar var. Bəzi analitiklərin fikrincə, döyüşlər Rusiya ərazisinə keçə bilər. Onlar bildiriblər ki, müharibənin 9 aydır davam etməsinə rəğmən, tərəflərdən heç biri qalib gələ bilməyib və bu, müharibənin miqyasının genişlənməsini labüd edir. Bu mövzu barədə açıqlama verən siyasi analitik Aqşin Kərimov bildirdi ki, müharibə Ukraynanın sərhədləri daxilində gedir: “Rusiya hər gün raket atəşlərini intensivləşdirir, Kiyev isə uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Hərçənd ki, Xerson şəhərinin azad edilməsindən sonra Ukraynanın gözəçarpan irəliləyişi görünmür. Müharibənin Rusiyanın içərilərinə keçməsi üçün Ukrayna işğalın yaratdığı eşelonları yarmalıdır və davamını gətirmək istəsə Rusiyanın daxilinə keçməlidir. Lakin Ukraynanın Rusiya daxilində müharibə aparmaq kimi potensialı və planı yoxdur. Rusiyanın daxilində müharibə aparmaq ehtimalının aşağı olmsının digər səbəbi Moskvanın əlindəki nüvə silahlarıdır. Rusiyanın ərazilərinə hücum olarsa, özünümüdafiə prinsipindən çıxış edərək nüvə silahını tətbiq edə bilər. Bu həm Ukrayna, həm də NATO üçün arzuolunmaz ssenarilərdən biridir”.

Ekspert bunu da qeyd edib ki, Qərb və Ukraynanın birləşmiş gücləri Rusiya daxilində hibrid əməliyyatlar keçirir: “Rusiyada baş verən naməlum partlayışlar bunun üçün əsas səbəb sayıla bilər. Kreml bu həmlələri, hətta Ukrayna ilə sərhəddə yerləşən ərazilərin ara-sıra vurulmasını öz strateji maraqlarına hədsiz təhdid kimi qiymətləndirmir. Digər tərəfdən, NATO özü də Ukraynaya Rusiyanı vurmaq üçün uzaqmənzilli raketlər verməkdən çəkinir, bu, müharibənin gedişatında daha qorxulu faza başlada bilər. İndiki mərhələ üçün müharibənin Rusiyaya daşınması yox, Ukraynadakı savaşın bitməsi daha aktualdır”. Şahanə Tağızadə, BDU jurnalistika fakültəsinin tələbəsi