Hər bir xalqın tərəqqisində, inkişafında mətbuatın rolu danılmazdır. Mətbuat eyni zamanda milli kimliyin göstəricisidir.

       Azərbaycanda milli mətbuatın əsası “Əkinçi” qəzeti ilə 1875-ci il 22 İyul tarixində qoyulmuşdur. Bu yolda Həsən bəy Zərdabinin öhdəliyinə böyük vəzifə düşdü. O, qəzetin həm təsisçisi, həm də baş redaktoru idi. Məhz bu səbəbdən mətbuatımızın yaranmasında onun rolu əvəzsizdir. “Əkinçi” qəzetinin cəmi 56 nömrəsi işıq üzü gördü. Lakin buna baxmayaraq, gələcək “davamçılarına” misilsiz töhfələr verdi. Ondan sonra açılan qəzetlər “Əkinçi”ni özlərinə nümunə hesab edirdilər.

       “Min illər boyu insanı, cəmiyyəti kamilləşdirmək missiyası bədii ədəbiyyatın üzərinə düşmüşdür. Mətbuatın yaranması və inkişafı ilə bədii sözün oxucuya çatdırılması prosesi bir az da gücləndi.” (“Jurnalistikanın müasir inkişaf meylləri” Bakı-2006, səh.: 14). Göründüyü kimi mətbuat ədəbiyyatla əlaqəlidir. Məhz bu səbəbdən bədii

fikirləri mətbuat vasitəsi ilə insanlara ötürmək mümkündür. Eyni zamanda mətbuat yaranmaqla ədəbiyyatımızın da inkişafını sürətləndirdi.

       Millətin, xalqın inkişafının təməli uşaqlardan başlayır. Bunun üçün bir çox ziyalılarımız uşaq jurnalları açmaq üçün dəfələrlə səy göstərmişdir. Onlar uşaq mətbuatı yaratmaqla uşaq ədəbiyyatının da tərəqqisinə təkan verməyi düşünürdülər. Nəriman Nərimanov, Sultan Məcid Qənizadə ilə birlikdə “Sovqat” uşaq jurnalının fəaliyyətə başlaması üçün icazə istəyirlər. Jurnalın ayda bir dəfə çıxması nəzərdə tutulurdu. Lakin onların bu təklifi qəbul edilmir. Buna baxmayaraq, nə Nəriman Nərimanov, nə də Sultan Məcid Qənizadə ruhdan düşmür.

       Nəriman Nərimanov “Məktəb” jurnalının, Sultan Məcid Qənizadə isə 1896-cı ildə tələbə dostu Həbib bəy Mahmudbəyovla birgə “Nübar” uşaq jurnalının yaradılmasını təklif edir. Redaktor S.M.Qənizadə, naşir isə H.Mahmudbəyov nəzərdə tutulurdu. Lakin çar senzurası tərəfindən bu təkliflər də rədd olunur.

       Sultan Məcid Qənizadə “Məktəb” jurnalı ilə bərabər “Çıraq” qəzetinin açılması üçün icazə istəsə də cavabsız qalır.

       Göründüyü kimi, ziyalılarımız uşaq mətbuatının yaranması üçün əllərindən gələni etməyə çalışırdılar.

Göstərilən səylər 1905-ci il inqilabından sonra öz bəhrəsini verdi.

       Nəhayət, 1906-cı il 16 aprel tarixində “Dəbistan” jurnalının yaranması ilə Azərbaycanda uşaq mətbuatının əsası qoyuldu. Jurnalın nəşrə başlamasını elm adamları, ziyalılar böyük təntənə ilə qarşıladılar. Jurnalın naşir və redaktorları Əliisgəndər Cəfərzadə və Məhəmmədhəsən Əfəndizadə idi. Digər ziyalılarımız kimi Əliisgəndər Cəfərzadə də jurnalın razılığını almaq üçün çox əziyyət çəkib. Jurnal Bakıda Hacı Zeynalabdin Tağıyevin “Kaspi” mətbəəsində buraxılırdı. Jurnalın ilk nömrəsində bir sıra bölmələr yer alırdı:

1. Milli və əcnəbi dillərdən tərcümə olunmuş nağıl və hekayələr;

2. Dini və tarixi məqalə və hekayələr;

3. Azərbaycan, fars və rus ədəbiyyatı;

4. Lətifə, əyləncə, tapmaca və məşğuliyyət;

5. Hesablar, oyunlar. (“Dəbistan” jurnalı, faksimile nəşri, Bakı-2019, səh.:8)

       Əslində bölmələr çoxdur. Bir neçəsinin adını sadaladıq. Müxtəlif dillərdən tərcümə olunmuş nağıl və hekayələr uşaqların dünyagörüşünün artırılmasına, lətifələr, tapmacalar, oyunlar və s.. isə boş vaxtlarının səmərəli istifadə olunmasına xidmət

edirdi. Jurnalın əsas məqsədlərindən biri də uşaqları lap körpəlikdən Vətən sevgisi ilə, vətənpərvərlik ruhunda böyümələrini təmin etmək idi.

       “Dəbistan” jurnalında valideynlərə kömək məqsədi ilə “Valideynə məxsus vərəqə” də çap olunurdu. Burada ev tərbiyəsindən söz açılırdı. Təəssüf ki, maddi sıxıntılar səbəbindən jurnal bağlanmaq məcburiyyətində qaldı.

       Cəlil Məmmədquluzadə, Məmməd Əmin Rəsulzadə və s. kimi ziyalılarımız jurnalın fəaliyyət göstərməsi üçün dəfələrlə xalqa müraciət etdilər. Amma heç bir faydası olmadı.

       Onu da qeyd edək ki, Mirzə Ələkbər Sabir “Qapandı” şeirini  “Dəbistan” jurnalının bağlanmasına həsr etmişdir.

       “Dəbistan” jurnalı uşaq mətbuatımızda unudulmaz iz qoydu. Eyni zamanda ondan sonra işıq üzü görəcək “Rəhbər”, “Məktəb” və s. kimi jurnallar üçün əvəzolunmaz nümunəyə çevrildi.

       “Rəhbər” jurnalı M.P.Mahmudbəyovun naşirliyi altında cəmi 4 ay fəaliyyət göstərdi. M.P.Mahmudbəyov jurnalın ilk nömrəsində çap olunan “İfadeyi-məram” adlanan baş məqalədə belə qeyd etmişdir: “Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında,

elm və mərifət yolunda irəli getməsinə, milli ədəbiyyatdan xəbərdar olmasına əlimizdən gələn qədər rəhbərlik etməkdir.” (Qara Namazov, Azərbaycan uşaq ədəbiyyatı, Bakı-2007, səh.:113)

       Jurnal pedoqoji xarakterli idi. Az öncə vurğuladığımız məramnamədə də bu mövzu aydın görünür.

       “Dəbistan” və “Rəhbər” jurnallarının varisi olan “Məktəb” jurnalı 10 il fəaliyyət göstərmişdir. Bu jurnalın digər jurnallardan fərqi bütün yaş dövrünə aid uşaqlara şamil olunması idi. Burada eyni zamanda uşaqların diqqətini çəkmək üçün müxtəlif rubrikalar təqdim olunurdu. “Tarixi-təbii” rubrikasında əsasən, Həsən bəy Zərdabinin qələminə aid olan materiallardan-flora və faunadan bəhs olunurdu. “Yazı dərsi” rubrikası uşaqlarda inşa yazmaq qabiliyyətini inkişaf etdirirdi. Hətta onları həvəsləndirmək məqsədi ilə ən yaxşı yazılan inşaların növbəti nömrədə dərc olunacağını bildirirdilər. “Lüğəti-məktəb” rubrikası da var idi ki, burda uşaqlara tanış olmayan ərəb-fars mənşəli sözlərin mənaları verilirdi. Bu rubrika əsasən jurnalın son səhifəsində qeyd olunurdu. Bundan əlavə “Atalar sözü”, “Məsəllər”, “Lətifələr”, “Tapmacalar” və s. kimi əyləncəli rubrikalar da təqdim olunurdu.

       Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra-1920-ci il 28 aprel tarixində sovet hakimiyyəti quruldu. Bu zaman demokratik ruhlu mətbu orqanların nəşri dayandırıldı, qəzetlərdə, jurnallarda yalnız sovet ideologiyası təbliğ olunmağa başladı. Həmin dövrdə fəaliyyət göstərən mətbuat orqanlarına “Kommunist”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Ədəbiyyat və incəsənət”, “Bakı”nı, uşaq jurnallarından “Maarif”, “Qırmızı günəş”, “Qızıl gənclik”, “Məktəb yıldızı”, “Göyərçin”, “Pioner”i misal göstərə bilərik. Gənc nəslin savadsız olması, abunəçi azlığı uşaq mətbuatının qısamüddətli, fasilələrlə dərc olunmasına səbəb olurdu. Bu göstəricilərin mənfi təsiri uşaq ədəbiyyatından da yan keçmirdi.

       Sovet dövründə fəaliyyət göstərən “Qırmızı günəş” jurnalında A.İsrafilbəyov, C.Cəbrayılbəyli, İ.Murtuza, B.Seyidzadənin yazıları çap olunurdu. Həmçinin redaksiya heyəti oxucuları əməkdaşlığa dəvət edirdi.

       “Bütün dünyanın işçiləri, birləşin!” cümləsi Maarif jurnalının əsas şüarı idi. Təəssüf ki, cəmi 2 nömrəsi işıq üzü gördü.

       “Pioner” jurnalı 1926-cı ildə fəaliyyət göstərməyə başladı. Bu jurnalın digərlərindən fərqli cəhəti o idi

ki, uşaqların əl xətti ilə yazılırdı. Jurnal tez-tez Azərbaycan pionerlərinə müraciət edir, onları kəndlərdə, dairələrdə yaşayan savadsız uşaqlara təhsil verməyə çağırırdılar.

      “Pioner” jurnalı 1991-ci ildən etibarən “Günəş” adı ilə fəaliyyət göstərdi. Jurnal 1996-cı ildə ilin ən yaxşı uşaq mətbuatı adına layiq görüldü. Rəhbəri araşdırmaçı-jurnalist, tərcüməçi, publisist Vasif Quliyev olan “Günəş” jurnalı hazırda da fəaliyyətini davam etdirir.

       Ziyalılarımız həmçinin mətbuat vasitəsi ilə ədəbi nümunələrin unudulmaması və uşaqlara aşılanması üçün çalışırdılar. Bu, Firidun bəy Köçərlinin fikirlərində də öz əksini tapır: “Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələrdən bu məcmuəni tərtib qıldıq ki, onlar unudulub xatirələrdən çıxmasın.” (Firidun bəy Köçərli, “Balalara hədiyyə” Bakı-2013)

       Bütün klassik uşaq jurnallarının təsisçiləri parlaq gələcək uğrunda mübarizə aparırdılar. Çünki hər bir xalqın inkişaf təməlinin uşaqlardan başladığını dərk edirdilər.

       Hal-hazırda fəaliyyət göstərən uşaq jurnalları da eyni amal uğrunda fəaliyyətlərini davam etdirirlər.

                            Ədəbiyyat:

1. Cahangir Məmmədli. “Jurnalistikanın müasir inkişaf meylləri”. BDU nəşri, Bakı-2006

2. Qara Namazov. “Azərbaycan uşaq ədəbiyyatı”. Bakı Universiteti nəşriyyatı, Bakı-2007

3. “Dəbistan” jurnalı. Faksimile nəşri, Bakı-2019

4. Firidun bəy Köçərli. “Balalara hədiyyə”. “Şərq-Qərb” nəşriyyatı, Bakı-2013

Aysel Babayeva, BDU Jurnalistika fakültəsinin tələbəsi