Xudayar Yusifzadə 1998-ci ildə isti yay günlərinin birində-iyul ayının 15-də Bərdə şəhərində qarmon ustası Müslüm Yusifoğlunun ailəsində dünyaya göz açır. Doğulduğu tarixdən 24 gün sonra isə,onun atası dünyasını dəyişir və ana tək başına Xudayardan başqa daha 3 övladına baxmalı olur. Xudayar lap kiçik yaşlarından əməksevər və vətənpərvər ruhda böyüyüb. O, 2004-2015 ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Məktəbi bitirir və əsl vətəndaş kimi hərbi xidmətə yollanır. 2016-2018 ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin “N” saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra ailəyə kömək məqsədilə marketlərin birində mühafizəçi kimi fəaliyyət göstərmişdir. Xudayarın hərbiçi kimi formalaşması,necə deyərlər kəşf edilməsi bir təsadüf nəticəsində meydana gəlmişdir. Bu, əhvalatın şahidi olan şəxsin söylədiklərindən:
“Bir gün marketdə işləyən zaman bir hərbiçi Xudayara yaxınlaşır və onu öz idarəsinə dəvət edir. Xudayar da onun təklifini qəbul edir və həmin gündən etibarən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayır”. Kursdan keçdikdən sonra isə, o kiçik gizir rütbəsinə yüksəlir. 2020-ci ildə Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından çox təsirlənən Xudayar Vətən Müharibəsi başlanan zaman öz xahişi ilə cəbhənin qaynar nöqtələrinə döyüşlərə yollanır. Xudayar, Murovdağ, Füzuli, Cəbrayıl və Zəngilan döyüşlərində qəhrəmanlıq göstərmişdir. Zəngilan rayonu Ağbənd qəsəbəsinin azad olunması uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Xudayarın sevib-sevilməyə macalı olmadı,lakin o şəhid olmaqla böyük bir xalq sevgisi qazandı. Hər bir şəhid əsgərin telefonuna nəzər salsaq,özündən sonra o arxasında sevdiklərinə son mesajını buraxmışdır. Bu mesajları oxuyan zaman belə nəticəyə gəlmək olar ki, bu bir vəsiyyət imiş. Xudayarın telefonunda isə, heç bir mesaj tapılmayıb,yalnız səsləndirdiyi vətən mahnılarından başqa. O, hər zaman anasından ön cəbhədə vuruşduğunu gizlətmişdir.
2020-ci il sentyabr ayının 27-də torpaqlarımızın azad edilməsi haqqında Ali Baş Komandan İlham Əliyevin qərarı əsasında 2-ci Qarabağ müharibəsi başlamışdır. Neçə-neçə igidlərimiz hər bir qarış torpağımızın azad olması üçün öz canlarını fəda etmiş və şanlı qələbəyə imzalarını atmışlar. “Dəmir yumruq” əməliyyatı sayəsində tarixi torpaqlarımız bərpa edilmişdir. Bu qələbələrə görə biz bütün şəhidlərimizə və qazilərimizə minnəttarıq və onların qarşısında baş əyirik.
Xudayarın böyük arzuları var idi. O, musiqini, mahnı oxumağı çox sevirdi. Şəhid olmazdan iki gün öncə ifa etdiyi “Vətən yaxşıdır” mahnısı tez bir zamanda bütün sosial şəbəkələrdə yayılmış və mahnının sözlərində deyildiyi kimi,bir dastana dönmüşdür. 2020-ci il oktyabr ayının 22-də 22 yaşında bu gəncin həyatı qəhrəmanlıq dastanına çevrildi.

Əlizadə Fidan Gündüz qızı
Jurnalistika fakültəsi 1-ci kurs tələbəsi