…Bir az həyəcan, bir az da sevinclə tədbir keçiriləcək zala daxil oluram. Müəllim və tələbələrimi görəndə bu hisslər bir az da güclənir.
“Analitik jurnalistika” fənnindən seminarlarını keçdiyim qrupumla birlikdə öyrəndiklərimiz, indiyədək əldə etdiyimiz bilik və bacarıqlar barədə hesabat vermək üçün toplaşmışıq. Əvvəlcədən planlaşdırdığımız kimi, tədbir çərçivəsində tələbələrimizin semesr ərzində müxtəlif KİV-də dərc olunan yazılarının təqdimatını da nəzərdə tutmuşuq. Odur ki, həmin nümunələrin dərc olunduğu qəzet nüsxələrini- “525-ci qəzet”in, “Şərq”in, “Bütöv Azərbaycan”ın müxtəlif saylarını özümüzlə gətirmişik. Masanın üzərindəndir.
Müəllimlərim- dekanım Vüqar Zifəroğlu, kafedra müdirləri Xatirə Hüseynova, Aynur Nəsirova, professor Qulu Məhərrəmli ilə yanaşı, hər ikisini uzun müddətdir tanıdığım “Bütöv Azərbaycan” qəzetinin təsisçisi Tamxil Ziyəddinoğlu, “Şərq” qəzetinin redaktoru Ayyət Əhməd də buradadırlar. Hərçənd Tamxil müəllimlə Ayyəti də özümə müəllim hesab edirəm. Çünki üzərimdə onların da xeyli zəhmətləri var.
Qulu müəllim, Vüqar müəllim, Ayyət söhbətləşirlər. Professor keçmiş redaktoruma fransızca bir neçə cümlə deyir. O da gülərək eyni dildə cavab verir. Axı Ayyət həm də fransız dili müəllimidir. Bu dili incəliklərinə qədər bilir.


Xatirə xanım tədbiri giriş sözü ilə açır. O, tələbə- jurnalistlər üçün nəzəriyyə ilə təcrübənin vacibliyinin əhəmiyyətindən danışır. Xatirə xanım danışdıqca auditoriyanı müşahidə edirəm. Tələbələrim diqqətlə natiqi dinləyirlər.
Ardınca dekan Vüqar müəllimə söz verilir. Onu xeyli vaxtdır tanıyıram. Nə vaxt, hansı məsələ ilə bağlı müraciət etmişəmsə, daim dəstək olub. Əlbəttə, bu günkü tədbirin ərsəyə gəlməsində də Vüqar müəllimin müstəsna rolu var. Dekanımız analitik jurnalistikanın mahiyyəti, fəlsəfəsi barədə danışır. O, tələbələri mütaliə ilə məşğul olmağa, ciddi təhlillərə həvəs göstərməyə çağırır. Vüqar Zifəroğlunun sözlərinə görə, tələbələrin erkən vaxtlardan praktik yaradacılığa başlamaları onlar üçün böyük üstünlükdür. Dekanımız fikirlərini əsaslandırmaq üçün öz təcrübəsindən nümunə gətirir.
O danışdıqca tələbəliyimi xatırlayıram. Orta məktəbin 10-cu sinifində oxuyandan Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetində təcrübə qazanmağa başlamışdım. Sonra “525-ci qəzet”lə əməkdaşlığa başladım. Universitetim ikinci kursunda oxuyanda daha əvvəldən tanıdığım Akif Aşırlı məni “Şərq” qəzetinə dəvət etdi. Və il yarımdır ki, “Report” İnformasiya Agentliyində siyasi müxbir kimi çalışıram. Bu mərhələlərin əksəriyyətində müəllimlərim yanmda olub, uğuruma seviniblər. Bunu xatırlatmaq məqsədim odur ki, qəzetçiliyə mümkün qədər tez başlamağın necə böyük üstünlük olduğunu mən də yaxşı bilirəm.
Vüqar müəllim, həmçinin jurnalistikanın müasir inkişaf meyillərindən, analitik jurnalistikanın mediadakı yeri və rolundan söz açır.


Sonra adətən özünün yaradıcı mövqeyi, kreativ düşüncə tərzi ilə seçilən Qulu müəllimə söz verilir. Professor təşəbbüsü yüksək qiymətləndirir. O söyləyir ki, jurnalistikanın əsasında məhz mətn yazmağı bacarmaq dayanır. Çünki mətn yazmağı bacarmayan media nümayəndəsi nə radioda uğurlu ola bilər, nə də televiziyada.
Qulu müəllim danışdıqca onun dərslərini xatırlayıram. Professor mühazirələri zamanı da belə olur: həvəslə danışır, jest və mimikalardan ustalıqla istifadə edir və nəticədə auditoriyanın diqqətini özünə çəkməyi bacarır. Əlbəttə, bu, həm də onun uzun illik televiziya təcrübəsindən, pedaqoji məharətindən irəli gəlir.
Qulu Məhərrəmlinin sözlərinə görə, media orqanları ilə əməkdaşlıq güclənməlidir. O söyləyir ki, tələbələr təkcə qəzetlərdə deyil, radio və televiziyalarda da təcrübə keçməlidirlər. Bunun üçün isə sonuncu kursun ikinci semesterini gözləməyə ehtiyac yoxdur. Gənc jurnalistlər özləri təşəbbüskar olmalı, söy göstərməlidirlər.
Natiq danışdıqca müəllimlərimi müşahidə edirəm. Vüqar müəllim, Xatirə xanım qəzet nömrələrini vərəqləyirlər. Onlar arada yanındakı həmkarlarına qəzetdə nəyisə göstərirlər. Başa düşürəm ki, tələbələrimizin materialları barədə müzakirə aparırlar.
Arada tələbələrimə baxıram. Hiss olunur ki, onlar da sevinclidirlər. Əlbəttə, bu günkü tədbirin baş tutmasında onlar da xüsusi pay sahibidirlər. Əzmkarlıq göstərdilər, çalışdılar, məsuliyyətli oldular. Ən vacibi isə yorulmadılar. Göndərdiyim uzun-uzadı səsli mesajlara diqqətlə qulaq asdılar, yazdıqlarını bir neç dəfə düzəltməkdən çəkinmədilər, səhvləri təkrarlamağa çalışdılar. Təkcə buna görə onlara böyük bir AFƏRİN düşür. Əlbəttə, müəllimi müəllim edən tələbədir. Onlar olmasa, müəllim də olmaz.
Qulu müəllim üzünü Tamxil Ziyəddinoğluna tutur və təklif edir ki, “Bütöv Azərbaycan”ın ayda bir dəfə ancaq tələbələrin yazılarından ibarət nömrəsi çıxsın. Professor bunun üçün maliyyə ayrılacağını da bildirir. Yetər ki, tələbələrimiz üçün töhfə olsun. Nəşrin təsisçisi tərəddüdsüz razılaşır və tələbələr üçün əlindən gələni edəcəyinə söz verir.


Ümumiyyətlə, Tamxil müəllim əsl tələbə adamıdır. Mənim də ilk yazılarım “Bütöv Azərbaycan”da dərc olunub. Nə xahiş etmişiksə, həmişə əlindən gələnin artığını etməyə çalışıb.
Növbəti söz Tamxil müəllimə verilir. O da öz qəzetçilik təcrübəsindən danışır. Tanınmış jurnalist vurğulayır ki, peşəkarlaşmaq üçün qəzetçilik yolunu keçmək şərtdir.

Tamxil müəllim bundan sonra da tələbələrə dəstək olmağa hazır olduğunu deyir. “Redaksiyada bir gün-ancaq qəzet çıxan günlər oluram. Qalan günlər redaksiya bağlı olur. Sizə otağın açarını, saytını parolunu verərəm, istədiyiniz vaxt gedərsiniz, öz yazılarınızı verərsiniz”. Bu sözləri eşidəndə həm sevinir, həm də təərddüd edirəm. Çünki böyük etimad və məsuliyyətdir. Etimad göstərilirsə, gərək doğruldasan. Hərçənd bu, onun ilk belə addımı deyil. Tamxil müəllim əvvəllər də dəfələrlə bizə inamını nümayiş etdirib.
Keçmiş redaktorum Ayyət Əhməd çıxış edir. Həmişəki kimi təmkinlə danışır. Tədbirdə olmayan tələbələrimizdən birini soruşur. Soruşduğu dostumuz ən fəal tələbələrimdəndir. Yazıları “Şərq”də də dərc olunub. Görünür, onun imzası artəq Ayyət Əhmədin də diqqətini çəkib. Bu, özü də böyük uğurdur. Əslində istədiyim həm də budur- tələbələrimin tanınmış redaktorların diqqətini çəkmələri, imzalarını tanıtmaları.
Tələbələrimdən Aytac, Jalə danışırlar. Dərs barədə fikirlərini bildirirlər. Dediklərinə görə, bu cür dərs prosesi mövzuların daha yaxşı mənimsənilməsinə kömək olur. Onlardan bu sözləri eşitmək xoşdur. Ümid edirəm, indi öyrəndiklərini gələcəkdə də uğurla tətbiq edə bilərlər.


Sonda mən danışıram. İlk dərsimizdə tələbələrimə dediklərimi xatırladıram: “Bizim iki məqsədimiz var. Birincisi, imtahandna mümükün qədər yaxşı nəticələrlə çıxmaq, ikincisi isə indi öyrəndiklərimizi gələcəkdə tətbiq etməyi bacarmaq”. Sonra bu dərs metodu ilə nəyə nail olmaq istədiyimi söyləyirəm: “Öncə fakültə rəhbərliyinin, müəllimlərimin etimadını doğrultmağa çalışdım. Həmçinin istədim ki, tələbələrimizin imzası tanınsın, onlar təcrübə qazansınlar, ictimai-siyasi adamları tanısınlar. Ən vacibi isə bir “IV hakimiyyət” kimi tələbə dostlarımla özünəinamın formalaşmasıdır”.
Media mühitində yazılmamış qaydalardan biri də budur: adətən kimisə işə qəbul edərkən təcrübə tələb edirlər. Və əgər təcrübən yoxdursa, 5-6 ay, hətta, bəlkə də, daha çox əməkhaqqı olmadan, ən yaxşı halda cüzi qonorarla işləyə bilərsən. Bu müddət ərzində isə təcrübə qazanır, redaksiyanın informasiya siyasətinə yiyələnirsən. Bu mənada dərslərimizin bir əhəmiyyəti də budur. Onlar gələcəkdə istənilən redaktora, baş redaktora inamla “Mənim təcrübəm var” deyə və bunun təsdiqi üçün dərc olunmuş yazılarını göstərə bilərlər.


Beləliklə, tədbir yekunlaşır. Qəzetləri yığıram. Vüqar müəllimə bir daha minnətdarlığımı bildirirəm.
Qonaqlarımızla ayaqüstü söhbətləşir, sağollaşıram. Hər ikisi Jurnalistika fakültəsinin tələbələrinə bundan sonra da dəstək olmağa hazır olduğunu bir daha ifadə edir.

…Dəhliz boyu yeriyirik. Müəllimlərim də, tələbələrim də dərsə tələsirlər…
Kənan Novruzov