Bir proses olaraq araşdırıldığında qloballaşmanın əslində yeni olmadığı və təxminən beş yüz illik bir tarixə malik olduğu başa düşülür. Qərb səyyahları tərəfindən  materiklərin kəşfi ilə başlayan qloballaşma tendensiyası Afrikanın əsarət altına alınması, kəndlilərin məhv edilməsi urbanizasiya, sənaye inqilabı və milli dövlətlərin yaranması ilə yeni iqtisadi quruluşun yayılması nəticəsində meydana çıxdı. Əmtəə münasibətləri getdikcə genişləndiyi, yerli bazarların xarici bazarlarla inteqrasiya olunduğu, ənənəvi istehsal formalarının məhv edildiyi, istehsalın mənfəət məqsədinə xidmət etdiyi və kapitalın bütün dünyada hökmran olduğu bu yeni iqtisadiyyat , girdiyi hər bazara öz sistemini təqdim edir. Özündən əvvəl var olanı məhv edərək, məhv edə bilməyəcəyini yağmalayır.

Müəyyən mənada yuxarıdakı ifadələrin vurğuladığı reallıq qloballaşma tarixinin kapitalizm tarixi ilə eyniləşdirilməsidir.

Qloballaşma ilə bağlı iqtisadi vurğu ön plana çıxır, çünki, o özünü ilk növbədə iqtisadi sahədə büruzə verir. Bu gün qloballaşma həm də iqtisadi və texnoloji rəqabət sahələrində baş verən son dəyişikliklərə aiddir. Bu məsələ ilə bağlı ümumi rəy ondan ibarətdir ki, informasiya texnologiyaları ayrı-ayrı milli bazarlarda deyil, qlobal bazarlarda yaradılır.

Mədəni qloballaşma iqtisadi qloballaşmadan sonra ən təsirli qloballaşma problemlərindən biridir. Bir tərəfdən qloballaşmanın özünün mədəni məhsul olması, digər tərəfdən isə mədəniyyətin qloballaşmanın təsirinə məruz qalması və dəyişməsi mədəniyyətlə qloballaşma arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur.

İlk növbədə, qloballaşma sosial dəyişikliyin yeganə şərti, xətti prosesi və ya yekun prosesi deyil. Yenə də qlobal ünsiyyət imkanlarının və bu imkanlarının yayılması mədəniyyətlərin bir-birinə yaxınlaşaraq birləşməsini mütləq tələb etmir. Nəhayət, qloballaşma mütləq milli mədəniyyətlərin parçalanması və ya yox olması demək deyil[1].

Qloballaşmaya aid çox fərqli yanaşmalar diqqəti cəlb edir. Təməlli qəbul edənlər, təməlli rədd edənlər və buna neytral yanaşanlar şəklində ayıra biləcəyimiz münasibətlər uzun müddətdir ki, gündəmdə yerini tutur. Birincilər qloballaşmanın qaçılmaz bir proses olduğunu, ikincilər isə dünyada baş verən hər cür böhranın səbəbkarı olduğunu iddia edərkən, üçüncü tip yanaşma belə bir həqiqəti ( hər cür problemlər ) qəbul edir, lakin bunun bir həll yolu olması fikrinə qəti şəkildə qarşı çıxır. Hansı tərəfdən baxırsınızsa, bu gün bütün sosial nəzəriyyəçilər – marksistlər, veberçilər, dünya sistemləri nəzəriyyəsinin tərəfdarları, funksionalistlər və bir çox digər müasir nəzəriyyəçilər – qloballaşmanın günümüzün dominant tendensiyası olması ilə razılaşırlar.

Nəticə etibarı ilə qloballaşma vahid bazarın mütləq hökmranlığı, dövlətin ixtisarı və özəlləşdirmənin başa çatması, beynəlxalqlaşmış kapitalın qeyri-məhdud hərəkəti kimi müəyyən edilə bilər.

Şimal-Qərb dəyərlərinə hakim olmağın başqa bir adı kimi ağıllarda aydınlaşan qloballaşmanın oxşar nəticələrə sürükləyən, lakin ölkələri sosial-mədəni quruluş xüsusiyyətləri baxımından fərqli problemlərlə üz-üzə qoyan tərəfi də nəzərə alınmalıdır. Qlobal dalğanın mühüm problem sahələrindən biri şübhəsiz ki, onun mədəni nəticələridir.

2. Qloballaşmanın Mədəni Nəticələri

Qloballaşma fenomeni görünən təsirləri baxımından əsasən iqtisadi xarakter daşıyır. Bu səbəbdən qloballaşmanın dar tərifi maliyyə bazarlarının səmərəliliyi olmuşdur. Bütün bunlara baxmayaraq, qloballaşma həm iqtisadi, həm də siyasi, texnoloji və mədəni bir hadisədir.

Bir millətin həyat tərzi olaraq təyin olunan mədəniyyət və qloballaşma bir-birinə qarşılıqlı təsir göstərir. Həm qloballaşma mədəniyyətə böyük transformasiyalar və dəyişikliklərlə təsir etdi, həm də mədəniyyətin özü transformasiyaların aparılmasında təsirli oldu.

Nəticədə qloballaşma fenomeni Dünyaya rəhbərlik edən cəmiyyətlərin həyat təcrübəsi və biliklərini dünyaya əsas mədəniyyət elementi kimi göstərir.

Belə bir dəyişiklik baş verdi ki, cəmiyyətlər həyat tərzi baxımından bir-birinə getdikcə daha çox bənzəyir, ya da başqa sözlə, “amerikanlaşır”. Dünya ticarət mədəniyyəti və sənayesi görünüş, faktura və səs baxımından Amerika təsirini daşıyır. Levis avtomobillərdən daha çox satır. Kompakt disklərdə Amerika mahnılarının bütün dünyada yayımlanması imkanı var. Yeni nəsillər bu yeni həyat tərzinə üstünlük verərək, ailələrinin büdcəsini sıxışdırırlar. Düşüncə tərzində, münasibətlərində, əyləncəsində, geyim tərzində, bir sözlə, insanların bütövlükdə həyata baxışında, xüsusən də gənc nəsil baxımından oxşarlıq var. Ailələrin uşaqları üçün aldıqları ayaqqabılardan tutmuş gənclərin əylənmək üçün seçdikləri diskotekaya, geyindikləri sviterlərə, köynəklərə və mavi cins şalvarlara qədər dominant Amerika mədəniyyəti gündəlik həyatda özünü göstərir. Amerikalı video, yazılar, filmlər, CD və VCD-lərdəki məhsullar və istehsallar misilsiz üstünlüklərini davam etdirir. İş o yerə çatıb ki, bu hökmranlıq avtoritar hökumətlərin maneələrini belə aşacaq şəkildə qəbul edilir.

Eynilə, yemək və içmə vərdişləri Amerika mədəniyyətinin simvollarına çevrilmiş “Coca-Cola”, “Pepsi” və “Mc. Donalds”ın dominant təsiri altındadır

Qloballaşmaya tənqidi yanaşanlar düşünürlər ki, qloballaşma mədəniyyəti bölür, daha zəngin olanlar isə gündəlik həyatda yoxsulların regional və yerli xüsusiyyətlərini, adət-ənənələrini məhv edir. Yəni bu o deməkdir ki, neokolonializm ( iqtisadi ekspansiya, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqtisadi, sosial, siyasi və mədəni işlərinə qarışması ) effektivlik qazanır və dünyada özünü göstərir.

Qloballaşma ilə mədəni həyatda axıcılıq yaranıb. Bu axıcılıq sayəsində milli dövlətin sərhədlərini aşan mədəni mənsubiyyətlər, ictimai hərəkatlar, ekoloji hərəkatlar, feminist hərəkatlar, gey hərəkatları və s. kimi – gücləndi. Bundan əlavə, nəsil, irq və dini inanc kimi fərqliliklər üzərində qurulan və milli dövlətlərin siyasətində müxtəlif mənsubiyyətlər yenidən gündəmə gəldi. Bu halların xoşbəxt multikulturalizm əvəzinə gərginlik və ziddiyyətlər yaratdığına dair faktlarla qarşılaşırıq ki, bu da yerli kimliklərin və mənsubiyyətlərin qloballaşması adlanır ( Bugünkü konfliktli mühitlər diqqətlə araşdırıldıqda bunların real olduğu müşahidə edilir).

Qloballaşmaya müsbət yanaşanların fikrincə, qlobal mədəniyyətə yüksələn həyat tərzi, artan istehlak, dünyada alınıb-satılan məhsullar, milli, yerli və qlobal kimliklər daxildir. Beynəlxalq təşkilatlar yerli bazarlara təzyiq göstərmək, qlobal məhsullar satmaq və yerli müxalifətə qalib gəlmək üçün reklamı genişləndirirlər. Şəxsi kabel və peyk sistemlərinin yayılması bütün dünyada kommersiya mədəniyyətini artırır. Qloballaşmanın ən mühüm sütunlarından birinin texnoloji yeniliklər olduğunu nəzərə alsaq,bu tezisin haqlı olduğu ortaya çıxır.

Qloballaşmanın lokomotiv güclərindən biri olan kommunikasiya imkanlarının artması informasiya və idarəetmənin asan idarə olunması kimi müsbət təsirlərə malik olsa da, digər tərəfdən regional və etnik ayrı-seçkiliyi daha da qızışdıran təsirlərə malik ola bilər. Onun müsbət təsirləri demokratiya mədəniyyətinin geniş yayılması və qəbul edilməsi şəklində olduğu halda, mənfi təsirləri separatizm və ayrı-seçkiliyin artması şəklindədir. Artan ünsiyyət imkanları sayəsində mikro-millətçilik hərəkatları təşviq edilmişdir. Bundan başqa, bəzi qapalı cəmiyyətlərdə ənənəvi nizam dağılıb və bu parçalanma ilə birlikdə sosial çöküş başlayıb. Adət-ənənələrin, yerli və milli ərazilərin təhlükə altında olması müxtəlif seqmentlərdə reaksiyalar yaratmağa başlayıb. Bu reaksiyalar özünü yeni sosial problemlər kimi göstərirdi.

Qloballaşmanın arxasında informasiya, əməliyyatlar, rabitə və s. sahələrdə texnoloji inkişaflar və istehsalın təşkilində çox mühüm dəyişikliklər olsa da, qloballaşma sözü daha çox milli dövləti aşmaq prosesinə işarə edir. Belə bir anlayış texnoloji determinist ( səbəbiyyət prinsipi olaraq bilinən və hadisələrin bir-birinə müəyyən bir şəkildə bağlı olması, əxlaqi seçimlər daxil bütün hadisələrin bir səbəbi olması, azad iradəni rədd edən, ya da hər şeyin bir səbəbə bağlanaraq açıqlana bilinməsi ) yanaşma ilə şərh edilərsə, yanlış gözləntilər yaradacaq. Belə olan halda texnoloji inkişafın qaçılmaz olduğu və nəticədə milli dövlətin yox olacağı və ya təsirini tamamilə itirəcəyi gözləntiləri yaranacaq. Gələcək nöqtə qaçılmaz olacaq. Lakin sosial inkişaflara bu cür texnoloji determinizmlə yanaşmaq çox yanıltıcıdır. Texnoloji inkişaflar, bəşəriyyət qarşısında reallaşa bilən sosial formasiyalarla bağlı seçimlər dairəsini genişləndirir. Bu imkanlardan hansının reallaşacağını cəmiyyətdəki qüvvələr nisbəti müəyyən edir. Başqa sözlə desək, texnoloji inkişaflar yaranan ictimai formasiyaların yeganə müəyyənedicisi deyil. Təbii ki, sosial formasiyalar texnologiyadan təsirlənir. Eynilə, qloballaşmaya da ictimai formasiya təsir edir. Nəticədə qloballaşmanın eroziyasına uğrayan milli dövlətlər qloballaşmanın istənilən cəmiyyətdə legitimlik mənbəyi kimi yaşamasına imkan verir. Demək olar ki, qloballaşmanın əsas məqsədlərindən biri də milli dövlətlərin neytrallaşdırılmasıdır.

Mənbə:

CHASE-DUNN, Christopher (1999), Qloballaşma: Dünya Sistemi

Perspektiv”, “Journal of World Systems Research”,

ERKIZAN, Hatice Nur (2002), “ Qloballaşmanın tarixi və intellektual əsasları haqqında ”, Şərq- Qərb jurnalı,

EROĞLU, Feyzullah (1999), “ Qloballaşma Prosesi və Kimlik Böhranı ”, Türk Yurdu jurnalı,

GEERTZ, Clifford (1986), “The Use of Diversity”, Michigan Quarterly,

HIRST, Poul ve THOMPSON, Grahame (2000), “Qloballaşma sual altındadır”

KAYA, Yaşar (2005), Sosial və Mədəni Dəyişiklik, Turan yayın evi,

KAZGAN, Gülten (2005), “Qloballaşma və Milli dövlətlərin yeni iqtisadi düzəni”.

 Arifə Kərimzadə

BDU-nun tələbəsi


[1] Grey 1999: 81-87