Yeri ayrı olan Xocalının azad olunacağı günü belə təsəvvür etməzdik, əslində bir müddətdən sonra təsəvvür etməyin də başını buraxmışdıq.
Ən yaxşı təsəvvürü isə Azər Qaraçənli 2018-ci ildə yazdığı “Ölümsüz Xocalı” yazısında etmişdi. Dünən Xocalının adı bayraq sancılan Xankəndi, Xocavənd, Ağdərə, Əsgəranla birlikdə səslənəndə onun yazdıqları kimi olmadı, amma bəlkə də olmaması daha yaxşı oldu, yoxsa ölkə səssizliyə bürünərdi.
Xocalı ağrısını Qaraçənli qədər sadə və real təsvir etmək mümkün deyil.
“Televiziya aparıcıları Xocalının azad olunduğunu xəbər verməyə qara qırmızı paltarda çıxdılar. Heç biri sözünə o dəqiqə başlaya bilmədi, hamısı bir xeyli udqundu, boğazını arıtladı, duruxub kameraya baxdı.
Qəzetlərdə, saytlarda Xocalının azad olunduğunu hansı başlıqla xəbər vermək üstündə baş sındırdılar, neçə variantı yazıb pozdular, axırda xəbərə eləcə “Xocalı” başlığını qoydular. Artıq söz nəyə lazım, – düşündülər, – bu ad özünə yetər.
Xocalı işğaldan azad olunanda Lənkəranda babalı-nəvəli, oğullu-qızlı, nəvəli-nəticəli bir evdə hamı televizorun başına yığılmışdı. Xocalının azad olunduğunu eşidəndə baba üzünü divara çevirdi, nənə yaylığını gözündə düyünlədi, oğul həyətə düşüb ağacın gövdəsinə söykəndi, gəlinlər balacaları qucağına alıb evin bir küncünə çəkildilər.
Xocalı işğaldan azad olunanda Qubada taksi sürücüsü maşına oturan müştəridən hara gedəcəyini soruşmadı, heç müştəri də hara getmək istədiyini demədi, eləcə hər ikisi oturub gözünü maşının qabaq şüşəsindən uzağa zillədi.
Xocalı işğaldan azad olunanda Beyləqanın ən haylı-küylü çayxanasında qu deyəndə qulaq tutuldu, bir adam dinib danışmadı, çayçı çayı masaya qoyanda elə qoydu ki, stəkan-nəlbəkinin də cınqırı çıxmadı.
Xocalı işğaldan azad olunanda Qazaxda qonşu qonşunun evinə salam-əleyksiz girdi, gəlib dinməzcə ev yiyəsinin qənşərində oturdu, nə o ev yiyəsinin üzünə baxdı, nə ev yiyəsi onun üzünə baxdı, eləcə hər ikisi gah tavana, gah döşəməyə, gah da qapı-pəncərəyə boylandı.
Xocalı işğaldan azad olunanda Naxçıvanda sərhəd zabiti möhürü əlində fikrə getdi, ha çalışdı yadına sala bilmədi möhürü sənədin harasına, necə, niyə vurmalıdı.
Xocalı işğaldan azad olunanda Azərbaycanın xarici ölkələrdəki səfirliklərində telefon zənglərinə cavab verməyə heç kimin heyi olmadı. Telefon aparatlarını avtomatik cavab vermə sisteminə qoşdular. Sistem zəng eləyənlərə dedi ki, zəhmət olmasa başqa vaxt əlaqə saxlayın.
Xocalı işğaldan azad olunanda ölkəyə səssizlik çökdü. Elə bir səssizlik ki, Şəkidə doğulan körpənin çığırtısı Bakıdan Naxçıvana, Lənkərandan Qazaxa, Qubadan Beyləqana hər yanda eşidildi”
Asif Nərimanlı, siyasi şərhşi