Dünyanın ən yaxşı silahlarına və hərbi texnikasına sahib İsrail dövləti, HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq, 23 gündür Qəzzanı aramsız raket yağışına tutsa da, yaşayış binalarını, xəstəxana və məktəbləri, su və enerji təchizatı obyektlərini darmadağın edərək, dinc sakinləri kütləvi şəkildə qətlə yetirsə də, HƏMAS-ın iradəsini sındıra, onu təslim edə və qəzzalıları yurdlarından köçürə bilmir!
HƏMAS-ın bu dirənişi fonunda İsrail ordusunun quru əməliyyatlarını ardıcıl olaraq təxirə salması, qələbə üçün vəd olunan müddətin uzanması və İsrail hərbçiləri arasında itkilərin sayının getdikcə artması psixoloji gərginliyi ifrat radikal Netanyahu hökumətinin öz daxilinə daşımaqla, həm onları qəzəbləndirərək ardıcıl səhv addımlara sürükləyir, həm də bütün dünya boyu İsrail əleyhinə etirazları körükləyir.
Demək olar, İslam dünyasının lideri olmağa iddialı elə bir müsəlman ölkəsi yoxdur ki, orada fələstinlilərin müdafiəsinə və İsrailin əleyhinə kütləvi etiraz aksiyaları keçirilməsin, beynəlxalq birlikdən və hökumətlərdən Netanyahu hökumətinə qarşı daha sərt addımların atılması tələb edilməsin, cihad çağırışları səslənməsin.
Hətta Ukraynanın ərazi bütövlüyünü qorumaq şüarı altında Rusiyaya qarşı geniş koalisiya yaratmış “demokratiya örpəkli” Qərb dünyasında belə, İsrailin BMT qətnamələrini nümayişkaranə şəkildə ayaq altına atmasına, Fələstin ərazilərinin işğalını zor gücünə rəsmiləşdirmək cəhdlərinə və bu məqsədlə də mülki əhalini qırmasına dözümlü və fərqli yanaşmanın onları ifşa və rüsvay etdiyi düşüncəsində olanların sayını durmadan artırır, hökumətlərə əlavə təzyiq dalğası yaradır.
Təkcə müsəlman ölkələrində yox, artıq qoca Avropada, elə qonşumuz Rusiyada da antisemitizmin qorxunc ayaq səsləri yenidən eşidilir, həm müsəlmanların, həm də yəhudilərin yaşadığı dövlətlərin hər biri indi ciddi şəkildə dini zəmində toqquşmalara meydança olmaq qorxusunu yaşayır…
Şübhəsiz, bu həyəcanlı durum hər kəsə o xəbərdarlığı edir ki, əgər tezliklə HƏMAS və İsrail arasında atəşkəsə nail olunmazsa, bu, “Ərəb baharı”nın yeni məzmunda Yaxın Şərqdə təkrarlanmasına, Mərakeşdən başlamış ta Çinədək olan coğrafiyada Qərblə əməkdaşlıq edən müsəlman ölkələrində hakimiyyətlərin devrilməsinə, dini təmayüllü radikal islamçı təşkilatların “Darül-hərbdə cihad” ideyasıyla bütün dünya boyu aktivləşməsinə, yəhudilərə kütləvi hücumlara, son nəticədə isə Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər.
Hazırda ABŞ-ın xüsusən İran və Türkiyənin prosesə müdaxiləsini önləmək və İsrailə dəstək məqsədiylə Yaxın Şərqdəki hərbi bazalarını əlavə gücləndirilmiş birliklərlə döyüş hazırlığı vəziyyətinə gətirməsi, buna cavab olaraq da, Çin, Rusiya və İranın da eyni qaydada ABŞ-dan çəkinmədiklərini və böyük müharibəyə hazır olduqlarını nümayiş etdirmələri bəşəriyyətin Ukrayna böhranından daha böyük və dağıdıcı bir fəlakətlə üz-üzə qaldığını göstərməklə yanaşı, dini inanclardakı “Qiyamət ssenariləri”ni də xeyli aktuallaşdırıb.
O fakta xüsusilə diqqət yetirilməlidir ki, həm HƏMAS, həm də İsrailin Netanyahu hökuməti öz davranışlarını, əməliyyatlarını büsbütün dini simvollar – həm İslam, həm də Yəhudilikdə mövcud olan hədislər, ayələr üzərində qurublar və hər iki tərəf də bu savaşa açıq-aşkar “müqəddəs müharibə”, dini savaş kimi yanaşır.
Hazırda İsrail və ABŞ HƏMAS-ı terror təşkilatı kimi qələmə verərək, onunla danışıqlar masası arxasında əyləşməyi qeyri-mümkün sayır və Qəzza tamamilə boşaldılana, HƏMAS isə təslim olanadək, elə HƏMAS-ın üslubunu təkrarlayaraq, hərbi əməliyyatları davam etdirməyə çalışırlar.
Ancaq eyni zamanda, İslam ölkələrinin bir çoxunda da ABŞ-İsrail tandeminin bu birgə addımları, xüsusilə də mülki əhalinin bombardman edilməsinin dayandırılmaması “Fələstin torpaqlarında müsəlmanlara qarşı səlibçilərlə sionistlərin yeni ittifaqı” kimi yozularaq, HƏMAS-a rəğbəti və ictimai dəstəyi də getdikcə gücləndirir.
Xüsusən də NATO üzvü Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün Qərbi qarşısına alaraq, “HƏMAS terror təşkilatı yox, öz torpağını qoruyanların azadlıq və mücahid qruplaşmasıdır” bəyanatını səsləndirməsindən və Rusiyada da HƏMAS-ın rəsmi qəbulundan sonra antiqərb cinahında atəşin tezliklə dayandırılmasını və bu təşkilatla Fələstin xalqının əsas təmsilçisi kimi danışılmasını və hesablaşılmasını tələb edən ölkələrin sayı sürətlə artmaqdadır.
Yeri gəlmişkən, bilməyənlərin nəzərinə onu da çatdıraq ki, HƏMAS abbreviaturası ərəb dilində “İslam Müqavimət Hərəkatı”nın açmasıdır, ayrıca “həmas” sözü isə “mərdlik”, “cəsarət” deməkdir və onu ilk dəfə bu adla siyasi təşkilat kimi rəsmən qeydə alan isə məhz İsrailin ifrat sağçı müdafiə naziri Ariel Şaron olub.
Şaron hesab edirdi ki, İsrail FAT-a (FƏTH) qarşı daha radikal mövqeli HƏMAS-dan istifadə etməklə, fələstinliləri bölməyə, üz-üzə qoyub zəiflətməyə və onların haqlı mübarizəsini terrorçu fəaliyyətə çevirməyə, bununla da İsrailə daha güclü beynəlxalq dəstək qazandırmaqla, 1967-ci ildən bu yana ələ keçirdikləri ərazilərin legitimləşdirilməsinə nail ola biləcəklər. Bu məqsədlə İsrail uzun müddət HƏMAS-la FAT arasında gedən silahlı mübarizənin də əsas tətikçisi rolunda çıxış edirdi.
Ancaq ideoloji baxımdan Misirdəki “Müsəlman Qardaşlar”a bağlı olan HƏMAS qaçqın düşərgələrindəki dürüst davranış, ədalətli bölgü və əhaliyə davamlı yardımlarıyla, eləcə də İsrail əsgərlərinə qarşı cəsarətli silahlı mübarizələrin təşkiliylə tez bir zamanda fələstinlilər arasında sürətlə nüfuz qazanmağa və populyarlaşmağa müvəffəq oldu, hətta 2006-cı ildə Qəzzada seçki yoluyla FAT-a qalib gəldi.
Hal-hazırda isə HƏMAS Fələstin xalqının İsrail işğalına qarşı müqavimətinin iki əsas sütunundan biri sayılır. HƏMAS-ın siyasi proqramında son məqsədi belə elan olunub: cihad yoluyla Aralıq dənizindən İordaniya çayına qədər Fələstin İslam Dövlətini qurmaq!
İndi Qəzzadakı savaşın bir tərəfində “vəd edilmiş torpaqlarda qurulmuş yəhudi dövləti”nin sərhədlərini Fələstin xalqının öz yurdlarından zorla köçürülməsi hesabına genişləndirməyə, Aralıq dənizi sahillərini tam şəkildə ələ keçirməyə çalışan sionist Netanyahu hökuməti var, o biri tərəfində də Aralıq dənizi sahillərində öz evini və müqəddəs dəyərlərini qorumaq üçün ölümü son çarə bilən HƏMAS…
Bir də var, bu savaşan tərəflərdən birinə əbədi məzar olmaqla bütün dünyaya yeni səhifə açacaq dağılmış və tək-tənha qalmış Qəzza…
Elxan Şükürlü, siyasi şərhçi