Ötən həftə Gürcüstanın Kutausi şəhərində dünya proqlamlaşdırma olimpiadasının yarımfinalı, Cənubi Qafqaz universitetlərinin proqramlaşdırma olimpiadası (İCPC) keçirilib.

Yarışda Azərbaycan, Gürcüsran və Ermənistandan 55 komanda iştirak edib. Azərbaycandan 15 Universitetin 20 komandası iştirak edib.

Bu Müsabiqədə iştirakçılara 5 saat ərzində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilir.

Yarışların yekununda, ilk beşliyi Gürcüstan və Ermənistan proqramçıları əldə edib.

BANM və ADA komandaları müvafiq olaraq 6-cı və 11-ci yerləri qazana bilib.

Təəssüf ki, heç bir komandamız finala çıxa bilməyib.

Bu tip olimpiada üzrə, bütövlükdə keçmiş sovetlər məkanını əhatə edən Avrasiya regionundan olmaqla(NERC) , Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan respublikaları və Rusiya Federasiyasının ali təhsil müəssisələrindən 276 komanda iştirak edib.

Avrasiya üzrə ilk 20 yerə çıxan komandalardan 15 Rusiya, 2 Belarus, 1 Qazaxstan, 1 Gürcüstan, 1 Ermənistan təmsilçisi yer alıb.

Yalnız Azərbaycan, Tacikistan və Qırğızıstan kənarda qalıb.

Xatırladıram ki, bu olimpiadalar qlobalda çox, hədsiz diqqət mərkəzində olur.

Dünyanın ən nüfuzlu universitetləri və qlobal texnoloji şirkətləri, hətta hökumətlər bu olimpiadalarda fərqlənənləri diqqətlə izləyirlər və onları ələ keçirmək üçün bütün addımları atırlar.

Düşünürəm ki, universitetlərimizin Kutaisidəki uğursuzluğu bizim potensial imkanlarımaza uyğun deyil. Çox təəssüfləndirici haldır.

Fikrimcə ETN, RİNN bu sahədə böhrandan çıxmaq üçün birgə sistemli yanaşma ortaya qoymalıdır.

Xüsusən də, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bəzi mənasız və əhəmiyyətsiz tədbirlərdənsə məhz bu prosesə sıfırdan başlayaraq sistemli dəstək mexanizmi yaratması doğru olardı.

Universitetlərə bu istiqamətdə dəstək verilməlidir, universitet daxili mərkəzlər formalaşmalı və yarışlar sistemi olmalıdır, respublikadaxili bu olimpiadanın nüfuzunu qaldırmaq lazımdır. Bu tedbirlər ciddi bir hadisəyə çevrilməlidir.

Universitetlərin də regional və qlobal proqramlaşdırma olimpiadalarına hazırlıq mərkəzi formalaşdırılmalıdır.

ETN tərəfindən məktəblər üzrə bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyi göz önündədir.

Xarici təcrübə öyrənilməlidir. Bu sahə ilə əlaqəli müəllimlərin hazırlığını gücləndirmək üçün addımlar atılmalıdır.

Xatırladıram ki, Azərbaycan universitetləri 19 ildir ki, bu yarışda iştirak edir. Yalnız bir dəfə, ötən il bir komandamız (ADA) finala vəsiqə qazanıb.

Yekunda , bir xoş xəbər verim.

Komanda yarışında uğursuzluq olsa da, şəxsidə birincilik bizdə olub.

Kutaisidə keçirilən “Cənubi Qafqaz Açıq Çempionatı”nın 90 nəfər arasında təşkil olunan fərdi müsabiqəsində ADA universitetinin 4-cü kurs tələbəsi İbrahim Tağızadə birinci yeri qazanıb.

Osman Gündüz, İTK eksperti