Ölkəmizdə toy mərasimlərinin maraqlı keçirilməsinə xüsusi diqqət var. Adətən, toy xərclərindən şikayət edənlər də toylarda israfçılıq etməkdən çəkinmirlər. Bu, bəzən özünü barmaq qoymağa yer tapılmayan yemək masalarında, bəzən qəribə şəkildə oxuyan ifaçılarda, bəzən də digər müxtəlif nüanslarda özünü göstərir. Hesab edirəm ki, dünyada ən biabırçı toy mərasimi hazırda bizdədir, çünki burada nə milli, nə də bəşəri dəyərlər qalmayıb. Hər cür dəhşətli israfçılıq, görməmişlik, harınlıq burada birləşir. Toy zalındakı dəhşətli hay-həşir, süfrədə ağla gələn-gəlməyən bütün nemətlərin düzülərək israf olunması və s. Üstəlik bu cür toylar yeni qurulan ailələrə də zərər vurur. Onların bir çoxu borc-xərcə düşür və toya gələn qonaqlar da Azərbaycan üçün böyük bir məbləğ sayılan pulu itirmiş sayılırlar, çünki o pul həmin ailəyə yox, hansısa biznes sahiblərinə çatır. Belə toyun artıq heç bir müsbət tərəfi yoxdur. Keçmişdə belə deyildi, bu, son vaxtlar bizim milli genetik xəstəliyimiz olan bəhsə düşmək, özünü başqalarına olduğundan üstün göstərmə xasiyyətlərinin inikasıdır. Bu problemi artıq maarifləndirmə tədbirləri ilə həll etmək mümkün deyil. Biz bunu artıq 20-30 ildir görürük, ancaq inzibati metodlarla mümkündür ki, bu da insan hüquqları pozuntusu adlanır. Ən azından sadə toy mərasimlərinin keçirilməsi üçün müəyyən bir çərçivə qoyulmalıdır və ən əsası, cəmiyyətə nümunə olacaq şəxslər, yəni intellektuallar, ziyalılar, məmurlar, deputatlar, nazirlər nümunə göstərməlidir. İlk növbədə onlar milli adət-ənənələrimizə əsaslanan sadə və normal toy keçirməlidirlər. Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır, parlamentdə müəyyən tövsiyələr verilməlidir, bəzi məsələlərdə inzibati qadağa qoyulmalıdır. Məsələn, səs terroruna qadağa qoymaq olar.

Mən şəxsən toylara gedəndə zalda otura bilmirəm, çünki orada dəhşətli dərəcədə yüksək desibeldə olan səsdən beyin hüceyrələri məhv olur. Bu artıq dəhşətli bir işgəncədir. Bundan başqa içəridə böyük fişənglər yandırılır, zəhərli hava salona dolur, içəridəkilər zəhərlənir. İnsanlara təbliğ olunmalıdır ki, gəlin paltarının qiyməti 5000 olmaya da bilər, bunun ailə xoşbəxtliyinə heç bir dəxli yoxdur. Kütlə özbaşına heç vaxt nəyisə düzəltmir. Bir çox ölkələrdə belə dəbdəbəli, təntənəli, milyonların, qızılların göyə səpildiyi toy mərasimləri qadağandır. Xüsusilə də məmurlara, biznesmenlərə dövlət tərəfindən imkan verilmir. Bu kimi məsələlər kompleks şəkildə yuxarı təbəqələrdən gəlməli və aşağılara da qəbul etdirilməlidir. Əks halda bu artıq toy yox, sadəcə görməmişlik yarışıdır.

Elçin Bayramlı sosioloq, jurnalist