Zəka Vilayətoğlunun “ZVS” Müstəqil Film Yaradıcılıq Studiyasınin , bu il-2025-də istehsal etdiyi “Şah Ölum” filmini böyük həyəcan və maraqla izlədim. Bu tarixi–bədii-sənədli film – bir elin, bir igidin, bir ruhun filmidir.

Şah Ölum filmi mənim üçün sadəcə film deyil – bu, tariximizin üzərinə çəkilmiş tozu silmək, unudulmuş qəhrəmanlarımızı yenidən diriltmək təşəbbüsüdür. Filmin ssenarisini yazan və Məcid ağanın obrazını böyük hiss və məsuliyyətlə canlandıran Zəka Vilayət oğlu, sözün əsl mənasında həm sənətini, həm ruhunu bu ekran işinə qatıb.

1918–1920-ci, 1929-1930-cu illərin işğal, qırğın və müqavimət dolu günlərini yenidən yaşadan bu film, o dövrün böyük igidlik tarixini göz önünə gətirir. Məcid ağa kimi qəhrəmanların mübarizəsi bu gün də xalqımız üçün bir örnək nidasıdır. Şah Ölum həmin nidani yenidən eşitdirən, igidlik salnaməmizi yeni nəsillərə çatdıran çox önəmli bir sənət əməlidir.

Filmdə səslənən “Soruşdum dağlardan” mahnısı isə xüsusi bir zirvədir. Zəkanın ifasında bu mahnı artıq musiqi yox, bir el harayı, bir dağ fəryadı kimi səslənir. Hər notunda Məcid ağanın dərdi, Vətənin ahı, yurd həsrəti duyulur. Bu mahnı filmi tamamlayan deyil, ona nəfəs verən, onu yaşadan əsas ruhdur.

Bu gün qəhrəmanlarımızı yaşatmaq üçün sözə, musiqiyə və cəsarətə ehtiyacımız var. Şah Ölum isə bütün bunların hər üçünü bir arada təqdim edən dəyərli bir sənət hadisəsidir.

Qəhrəmanlar unudulanda ölmür – sənət onları yenidən dirildir.

Əbil Həsənov.
yazıçı
Almaniya