Ermənistan Baş naziri Nikol Paşinyan dünən Nazirlər Kabinetinin iclasında maraqlı açıqlama verib. O, bildirib ki, müttəfiqləri İrəvana yüz milyonlarla dollar silah-sursat verməkdən imtina edib: “Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər”.
Hökumət baççısı bildirib ki, Ermənistan bu ağrılı reaalıqla barışmalıdır.
Paşinyanın konket olaraq hansı “müttəfiqlərdən” söhbət hetdiyini açıqlamayıb. Maraqlıdır, o, Qərbi, İranı, yoxsa Rusiyanı nəzərdə tuturmuş?
Əvvəllər də dediyimiz və bir çox ekspertin düşündüyü kimi, adı çəkilən güclərin hər üçü- həm Qərb, həm İran, həm də Rusiya Cənubi Qafqazdakı qarşıdurmada maraqlıdır. Çünki onlar bu yolla regiondakı mövcudluqlarını təmin edirlər. Elə buna görə də, Vətən müharibəsindən əvvəl olduğu kimi, sonra da Ermənistana müxtəlif formalarda dəstək davam edirdi. Həmin güclər Ermənistanı ya silahlandırır, ya silahlanmasına şərait yaradır, yolları açıq saxlayırdılar. Deməli, indi də Paşinyanın nəzərdə tutduğu “müttəfiq” həm Qərb, həm İran, həm də Rusiya ola bilər.
Məlum olduğu kimi, Qərblə İran və Rusiya arasında münasibətlər gərgindir. Şərqi Avropadakı müharibə bu gərginliyi, az qala, düşmənlik səviyyəsinə qaldırıb.


Son günlərdə İran rəsmiləri də Ermənistan – Azərbaycan gərginliyinə münasibət bildirmişdi. Rəsmi Tehran sərhədlərin dəyişilməsinə dözümlü yanaşmayacağını qeyd etmişdi. Beləliklə, cənub qonşumuz bu bəyanatla ermənipərəst mövqeyini bir daha ortaya qoymuşdu. Çünki İranın bu bəyanatı Ermənistanı “Azərbaycan dövlət sərhədlərini pozur” açıqlaması iddiası ilə üst – üstə düşür.
Bir neçə dövlət Ermənistana təzyiq göstərir. Həm Qərbin, həm İranın, həm də Rusiyanın İrəvana kifayət qədər təsir imkanı var. Paşinyan onlar arasındakı rəqabətdən, əlbəttə, xəbərdardır. Bu mənada baş nazirin sözügedən açıqlaması hər şeydən əvvəl siyasi manevrdir. O, konkret hədəf göstərməməklə bütün tərəflərin xoşuna gəlmək istəyib. Baş nazir onlardan hansınısa “incik salmaq” istəməyib.
Bundan başqa, ola bilsin, Paşinyan hansı tərəfin onun müttəfiqi olduğunu yoxlamaq istəyib. Bunun üçün ikinci tərəflərdən onun bəyanatına münasibət bildirilməsi kifayətdir.
O, “müttəfiqləri”nə, bəlkə də, mesaj vermək istəyib ki, silah tədarükünü artırın. Paşinyanın sözügedən bəyanatı ikinci tərəflərə xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Ola bilsin, silah tədarükü təmin olunmazsa, baş nazir növbəti çıxışlarında “müttəfiqinin” adını açıqlasın. Hərçənd bu, siyasi səhv olar.
İstisna deyil ki, hökumət başçısı həm də gələcək məğlubiyyətlərə zəmin yaratmaq istəyib.
Bütün bunlarla yanaşı, Paşinyan özünü ifşa edib. O, sözügedən bəyanatı ilə yenə də revanş barədə düşündüyünü təsdiqləyib. Əks halda başqa dövlətlərdən silah istəməz və onları ittiham etməzdi.
Ən mühüm məqamlardan biri isə budur ki, Paşinyan “müttəfiqlərin” özlərini təsdiq etmələri üçün şərait yaradıb. Kim Ermənistana hərbi yardım etsə, baş nazir də onun dediklərini edəcək – ya Rusiyanın, ya İranın, ya da Qərbin.
Kənan Novruzov