Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb. O, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını qeyd edib. O bildirib ki, Serj Sarkisyan kapitulyasiya haqqında sənədi hazır qoyub getmişdi . Çoxları Paşinyanı Qarabağı Azərbaycan ərazisi kimi tanımasına görə tənqid edir. Paşinyan buna cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib və bildirib ki, Vardan Oskanyanın dövründə , Madrid prinsiplərini danışıqlar üçün əsas kimi qəbul edəndə, Ermənistan artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Paşinyan Vardan Oskanyan və sabiq Prezident Robert Koçaryanla yanaşı sabiq XİN başçısı Edvard Nalbandyan və eks – prezident Serj Sarkisyanı da günahlandırıb. O bildirib ki, Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır. Bu barədə Siyasi şərhçi Şahin Cəfərlinin fikirlərini öyrəndik. O bildirdi ki, Paşinyan daxili ictimaiyyəti gələcək hadisələrə hazırlamağa çalışır: “Paşinyan bilir ki, yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. O həmin müqaviləyə əsasən Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını qəbul etməlidir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməlidir”.

Şahin Cəfərli bütün bunların birdən – birə baş verməsinin Ermənistan cəmiyyətində etirazlara və anlaşılmazlıqlara səbəb ola biləcəyini vurğulayıb : “Müqavilənin qəfil imzalanması ictimai rəyin etirazlarına səbəb ola bilər. Bu isə, Paşinyan hökumətinə qarşı ictimai etirazların yenidən başlaması ilə nəticələnəcək . Bu baxımdan Paşinyan Ermənistan ictimaiyyətini bu addımına indidən hazırlamağa çalışır. Ona görə ki, Azərbaycanla sülh müqaviləsi imzalayanda və bütün qeyd etdiyim məsələlər orada öz əksini tapanda cəmiyyətdən ciddi bir etirazlar gəlməsin. Buna görə də, Paşinyan yaxın keçmişdə baş verən hadisələri misal göstərərək cəmiyyətə aşılamağa çalışır ki, onsuz da məndən əvvəlki prezidentlər Azərbaycanın ərazi bütövlüyünü qəbul ediblər“. Şahin bəy, həmçinin, Paşinyanın əvvəlki hökumətlərin heçbirinin qondarma Dağlıq Qarabağ Respublikasını qəbul etmədiyini açıqladığını bildirib : “Paşinyanın son açıqlamalarında da gördüyümüz kimi Azərbaycanla aparılan danışıqlarda Dağlıq Qarabağ heç vaxt bir tərəf kimi iştirak etməyib. Paşinyandan əvvəlki hökumətlər heç vaxt Dağlıq Qarabağın bir tərəf kimi iştirak etməsini şərt kimi qoymayıblar.Bütün bunları qeyd etməklə Paşinyan Ermənistan ictimai rəyini sülh müqaviləsinə hazırlamağa çalışır. Onun hazırki siyasəti bundan ibarətdir”.

Jalə Quliyeva, BDU Jurnalistika fakültəsinin tələbəsi