Cavanşir Abbaslı: “Putin daha əzazil şəkildə…”
Son bir həftədə Xerson ətrafında çox ciddi hadisələr cərəyan edir. Əhali kütləvi şəkildə bu ərazidən çıxarılır ki, bu da çoxsaylı iddialara yol açıb. Ekspertlər hesab edirlər ki, Ukrayna bu gedişlə Xersonu tamamilə azad edə bilər.
AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı əhalinin Xersondan çıxarılmasının səbəbləri barədə heç yerdə getməyən ruslara aid olan tarixi “Kutuzov planı”nı xatırlatdı: “Əslində Xerson əhalisinin öz doğma torpaqlarından başqa yerə köçürülmələri bəlkə də daha acı faciələrin başlanğıcı ola bilər. Bunu dünya mediasının Ukraynanın Xersonu geri alması fikri kimi təqdim etməsi ilə razılaşmıram. Ola bilsin ki, Ukrayna ordusu o yerlərin bir qismini geri qaytarmağa nail olsun. Amma bütövlükdə Xersonu alacağı yaxın gələcəkdə real görünmür. Rusiya tərəfinin Xersona güclü zərbələr endirmək üçün də bu taktikaya əl atması ehtimalını istisna etmək olmaz. Əhalinin oradan çıxarılması mənə məşhur bir tarixi hadisəni xatırladır. O tarixi hadisə də Rusiya ilə bağlıdır. Məşhur rus sərkərdəsi Kutuzov 1812-ci ildə Napoleonun 700 minlik ordusuna qalib gələ bilməyəcəklərini görərək, tarixi bir addım atmışdı. Mülki əhalinin qırılmaması üçün Moskvadan bütövlükdə insanları çıxarmış, şəhərə od vurub yandırtmış, döyüşsüz indiki Rusiya paytaxtını fransızlara təslim etmişdi.
Nəticədə Napoleonun ordusu aclıqdan, soyuqdan və xəstəlikdən qırılmağa başlamış, sonunda həmin zaman üçün dünya “ağalarından”biri sayılan Napoleon geri çəkilməyə məcbur qalmışdı, hətta bu məğlubiyyət onun hakimiyyətinin sonunu gətirən proseslərin başlanğıcı olmuşdu. İndi Xerson Ukrayna ərazisi olduğu üçün bənzətməm fərqli anlaşıla da bilər. Amma burada sırf əhalinin qırılmaması üçün atılan Kutuzov addımına eyham vururam. Düşünürəm ki, Putin daha əzazil şəkildə haqlı olaraq öz ərazilərini azad etmək üçün irimiqyaslı Xerson əməliyyatına başlayan Ukrayna ordusuna qarşı ən sərt zərbələr endirəcək. Hələ ki, bu şəhərdə müdafiədə rus ordusu görünür, amma Ukrayna ordusunun azad etdiyi Xerson ərazilərini geri qaytarmaq üçün rusların əks hücuma keçəcəkələri daha realdır. Əgər Xerson alınarsa, bu ümumi Rusiya-Ukrayna savaşında geridönüşün başlanğıcı ola bilər. Tarixdə iki dəfə (1812 Kutuzov planı və 1941-ci illərdəki Moskva döyüşü) geridönüş edən ruslar bu dəfə qurduqları tələyə özləri düşə bilərlər. Bu baxımdan nüvəsi ilə bütün dünyanı səksəkədə saxlayan Putin hətta Xersonun getdiyini görsə, bu dəhşətli silaha əl ata bilər”.