Hazırda ölkəmizdə təhsil alan tələbələr istər ödənişli, istərsə də ödənişsiz təhsil almalarından asılı olmayaraq kəsr pulu ödəyib yenidən imtahan verirlər. Onlar təhsil aldığı müddətcə işləyə bilmirlər. Kəsr pulunu verməkdə çətinlik çəkirlər. Tələbələr istəyirlər ki, kəsr imtahanında təyin olunmuş nəticəni göstərən şəxslər təqaüdlərini ala bilsinlər. Başqa variant kimi ən azından kəsr imtahanının ödənişsiz olmasını arzulayırlar.
Bu məsələ ilə bağlı təhsil Eksperti Elçin Əfəndinin fikirlərini öyrəndik.
O, bildirdi ki, tələbələrin kəsr pulu ödəməsində qanunvericilik tələbinin pozulması faktoru varsa, bu hal o zaman doğru deyil: “O halda tələbələr təhsil kreditinə görə pul ödəməlidirlər ki, onların müvafiq fənndən kəsrləri olsun. Bildiyiniz kimi, 2004-cü ildən baloniya sisteminə qoşulmuşuq və 2005-2006-cı ildən etibarən kredit sistemi ilə bağlı bir neçə univerisitetdə pilot layihə kimi proses tətbiq olunur. Hazırda xüsusi ali və orta təhsil müəssisələri istisna olmaqla bütün mülki ali və orta təhsil müəssisələrində kredit sistemi həyata keçirilir. Kredit sistemində tələbənin hansısa fənndən kəsri varsa, onlar üçün yay məktəbləri təşkil olunduğu halda kreditin pulunu ödəyir. Hesablama zamanı semestr üzrə 60 kredit nəzərdə tutulur. İllik təhsil haqqı ödənişli əsaslarla oxuyan tələbədə 60 kredit sayına bölünür və onun üzərindən faktiki kreditinə vurulur. Alınan məbləğ şəxsin ödəyəcəyi kəsrə görə ödənişdir”.
E. Əfəndinin sözlərinə görə, dövlət sifarişli oxuyanların isə eyni qaydada təhsil xərcləri nəzəri alınaraq hesablama aparılır: “Bunun müqabilində tələbəyə 80 və ya 100 manat təyin olunubsa, həmin şəxsdən əlavə ödənişin tələb olunması korrupsiya faktıdır. Bununla bağlı tələbə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edə bilər. Tələbə alt qrupda oturarsa, heç kimin ixtiyarı yoxdur ki, tələbədən ödəniş tələb etsin. Alt qrupda oturan şəxs ödəniş etmədən də dərslərdə iştirak edə bilər. Lakin yay məktəbi təşkil olunursa, tələbə həmin kreditin pulunu ödəməlidir”.
Məsələ ilə bağlı danışan iqtisadçı – ekspert Natiq Cəfərli bildirdi ki, kəsrə görə pul ödənilməsi guya tələbəni stimullaşdırmaq üçündür: “Proses univerisitetlərə pul ödəməklə aparılırsa, o zaman təhsil ocaqlarının da maraqları yaranır ki, daha çox tələbə kəsilsin. Kəsilən tələbələr də universitetlərə pul ödəmiş olsunlar. Bu da rüşvətin leqal- mədəni formasıdır. Ümumiyyətlə, bu məsələ aradan qaldırılmalıdır. Tələbənin kəsri də, yüksək qiymətləri də olar. Yaxşı oxumayan tələbə əziyyət çəkəcək, kəsr imtahanına hazırlaşacaq. Niyə tələbə buna görə pul ödəsin? Pul ödəməlidirsə, deməli, universitet də, müəllimlər də bu məsələdə maraqlıdır. Maraq qrupları tələbəni biliyinə görə deyil, şəxsi marağına görə qiymətləndirəcəklər”.
Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi