Noyabrın 26-da Belarusun xarici işlər naziri Vladimir Makey qəflətən dünyasını dəyişdi. 2000-2008-ci illərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun müavini olan Vladimir Makey həyatının son aylarını Qərbin sanksiyaları altında keçirib. Onun ölümündə müxtəlif səbəblər, o cümlədən “Rusiyanın hərəkətlərinə dəstək” fikirləri də səsələndirildi. Nazirin ölümündə Rusiyanın əli ola bilərmi? Bundan sonra digər yüksək vəzifəli şəxslərə, o cümlədən Lukaşenkoya da sui – qəsd cəhdi ola bilərmi?
Ekspert bununla bağlı açıqlamasında bildirib ki, Lukaşenko rejimi Moskva ilə sıx əlaqədədir: “Son zamanlar həm Ukrayna, həm də Rusiya ilə həmsərhəd olan Belarus son vaxtlar Moskvanın vassal dövlətinə çevrilməkdə ittiham olunur. Lukaşenko fevralda- müharibə başlayandan meydança kimi Moskva qoşunlarının Belarus ərazisindən istifadəsinə icazə verdiyi üçün geniş tənqidlərə məruz qaldı. Ukraynadakı müharibə ərzində Belarus Kremlin yaxın müttəfiqi olaraq qaldı. Lukaşenko Rusiya qoşunlarını və texnikasını qəbul etdi, Rusiyaya öz ərazisindən Ukrayna hədəflərinə qarşı hava hücumları üçün raket meydançası kimi istifadə etməyə icazə verdi və yüzlərlə müharibə əleyhinə nümayişçini saxladı”.
O, bildirib ki, sentyabr ayında Makei Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışında deyib: “Ukraynada davam edən qan tökülməsinə görə tam məsuliyyəti kollektiv Qərb daşımalıdır” və Qərb “bu münaqişəni qaçılmaz edib”. Bu fikirlər də əslində Vladimir Makeyin Rusiyameyilli olduğunun sübutudur. O həmçinin öz ölkəsinin neytral mövqedə olduğunu və tərəfdaşlığa sadiq qaldığını xatırladıb”.


Elmir Səftərov, həmçinin qeyd edib ki, onun ölümünə səbəb kimi müxtəlif versiyalar səsləndirilir: “Bunlardan biri də Rusiyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsdin hazırlaması xəbəridir. Bu barədə ABŞ-ın Robert Lansinq İnstitutunun analitikləri bildiriblər. Lakin ABŞ-ın Rusiyaya müxtəlif təzyiqlər etməsi fonunda bu xəbərin yayılması reallığı o qədər də əks etdirmir. Çünki Belarusun xarici işlər naziri hər zaman Rusiyanın mövqeyini müdafiə edib. Belarus hökuməti ölkəsinin müharibənin tərəfi olmamasına çalışıb. Bundan əlavə, ölkə uzun illərdi Rusiyanın vassalı qismində çıxış edir. Ukraynaya qonşu olan bir çox ölkə Rusiyanın təcavüzünü pisləyib onun qarşısında yer alsa da, Belarus bunun əksini etdi. Rusiyanın yanında olacağını bildirdi. Burada təəccüblü bir şey yoxdur. Çünki Belarusdakı hakimiyyətin qoruyucusu və havadarı Rusiyadır. Müharibə başlayanda Belarusun aktiv döyüşlərə qatılacağı gözlənilsə də, bu, baş vermədi. Belarus xalqının sərt reaksiyası qarşısında bu versiyadan çəkindi. Əvəzində isə ərazisini Rusiyaya tamamilə açdı. Rusiya Belarus ərazisindən hücumlar həyata keçirdi. Bu səbəblərə görə Vladimir Makeyin ölümünün Rusiyanın üzərinə yıxılmasının inandırıcı arqumentləri çox azdır. Həm də Rusiya üçün Belarus hakimiyyətini yıxmaq o qədər də çətin deyil. Lakin qeyd etdiyimiz kimi Belarus xalqı iki yaxın millətli ölkənin davasına ölkəsinin qarışmasına sərt reaksiya verə bilər. Bu da ölkədə böyük iğtişaşlara gətirib çıxara bilər”.

Şahanə Tağızadə, BDU jurnalistika fakultəsinin tələbəsi