Dünən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə növbəti dəfə kütləvi raket hücumu həyata keçirib. Hücum zaman ballistik raketlərlə yanaşı, həm də İran istehsallı “Şahed” PUA-larından istifadə olunub. Nəticədə Lvovda 4 nəfər ölüb, Kiyevdə 2 nəfər yaralanıb. Zaporojye Atom Elektrik Stansiyasında (AES) elektrik tamamilə kəsilib.
Ukrayna Baş naziri Denis Şmıqal məsələyə münasibət bildirərkən söyləyib ki, Rusiyanın nüvə terrorizmini dayandırmaq üçün qətiyyətli addımlar atılmalıdır.
Son zamanlara kimi Rusiya təxminən ayda iki dəfə kütləvi raket hücumlaır həyata keçirirdi. Amma təxninən iki aydır ki, belə həmlələr olmurdu. Bir çox ekspertin fikrincə, bu, Rusiyanın raketlərinin tükənməsi ilə bağlı idi.
Görünür, Kreml yenidən əvvəlki taktikasına qayıdıb.


Kütləvi raket hücumlarında əsas məqsəd Ukrayna xalqına panika yaratmaq, ölkədə dağıntılara səbəb olmaqdır. Bu addımı heç bir halda hərbi məqsədli hesab etmək olmaz. Rusiya sadəcə Ukraynaya psixoloji təzyiq göstərmək istəyir.
Yanvardan bəri Rusiyanın yenidən kütləvi raket hücumlarını həyata keçirməsi bu dövlətin İran və Şimali Koreyadan silahlar almasına dair ehtimalları artırır. İranın Rusiyanı “Şahed”lər, Şimali Koreyanın isə ballistik raketlərlə təmin etmək imkanı kifayət qədərdir.
Qarşıdakı həftələrdə kütləvi raket hücumlarının təkrarlanması mümkündür. Lakin bunun döyüş meydanındakı duruma və və Ukrayna xalqının əzminə təsir göstərəcəyi ağlabatan görünmür.
Kənan Novruzov