ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb. Bildirilib ki, bunun əsas səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi və son zamanlar tələbələrin yenidən zəhərlənməsidir: “Aprelin 9-da İranın 12 əyalətinin 16 şəhərində 18 etiraz aksiyası keçirilib. Bu etirazların əksəriyyəti iqtisadi motivli olub. Müxtəlif hökumət rəsmiləri və qurumları son həftələrdə elan etdilər ki, İranda inflyasiyanın səviyyəsi 40-50 faiz arasında dəyişir”.
Məlumata görə, İran rialı aprelin 7-dən aprelin 10-na qədər nisbətən sabit qalıb: “Buna baxmayaraq, İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli media Rəisi administrasiyasının iqtisadi komandasında dəyişikliklərin olacağı ilə bağlı xəbərlər yayıb. Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mir Kazeminin istefa verəcəyi gözlənilir. Həmçinin iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzinin də yaxın həftələrdə istefa verəcəyi bildirilib”.
Məlum olduğu kimi, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.


Gözlənildiyi kimi, mitinqlər səngimir. Əksinə, aksiyalar əvvəlki tempi ilə davam edir. Bu, onu deməyə əsas verir ki, aksiyaların təşkilində əli olan kənar qüvvələr var. Xüsusilə mümkündür ki, ABŞ etirazları idarə edir və ya aksiyalara təkan verir.
Qərb molla rejimini zəiflətmək üçün etirazlardan istifadə edir. Əvvəllər də dediyimiz kimi, aksiyaların nəticəsiz başa çatacağı ağlabatan görünmür. Hətta ola bilsin, davam edən aksiyalar hakimiyyətin dəyişilməsinə səbəb olsun. Amma bu, yaxın gələcək üçün ağlabatan görünmür. Hakimiyyət dəyişikliyi üçün hələ vaxta ehtiyac var.
ABŞ İnstitunun iddia etdiyi kimi, İranda istefalar gözləniləndir. Hakimiyyət bununla daxili ictimai rəyə təsir etmək, xalqa hər şeyin yaxşı olacağına dair ismarış vermək, beləliklə, etiraz dalğasının aşağı düşməsinə çalışmaq istəyə bilər. Bu mənada yaxın vaxtlarda İranda yüksək vəzifəli şəxslərin istefaya göndərilməsi mümkündür.
Kənan Novruzov