Azərkosmos açıqlama yayıb ki, Azersky peykimiz fəaliyyətini vaxtından tez bitirib.
Qurumun açıqlamasına görə peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın Airbus Defence and Space ilə birgə çalışsalar da AzərSky ilə rabitə qurmaq mümkün olmayıb.
2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı, həm də gözlənilirdi ki, onun resursları aktiv fəakiyyət üçün daha bir-iki il də yetərli olacaq.
Görən nə baş verib ?
Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir.
AzerSky yerin müşahidəsi baxımından, həmçinin açıq desək kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.
Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı.
Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə biıərdi.
Azərkosmos bu peykən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi.Bunun istismarı ətrafında Azərbaycanda nəhəg bir infrastruktur formalaşmışdı.
Azərkosmos ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb.
Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub.
Yeri gəlmişkən, Azərkosmosun kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib . Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.
Kiberhücum olubmu?
Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı.
Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir.
Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçıqmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub.
Eyni zamanda, güman ki Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur.
Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr AzerSky peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi.
İstənilən halda fikrimcə səlahiyyətli qurumlar, kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum araşdırması məntiqli və doğru olardı.
Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə Azərkosmos 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər.
Yəni, hər bir halda kiber hücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır.
Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir.
Osman Gündüz, İKT mütəxəssisi