Çin bir neçə ildir ki, ABŞ-nin burnunun dibində – Kubada – Ağ Evi “izləyirmiş”, Pekinin Kubadakı izləri, necə deyərlər, şok effekti yaradıb.
Öncəliklə deyək ki, Çin Kubadakı infrastruktur, logistika, texnologiya, kənd təsərrüfatı, turizm, enerji və biotexnologiyalar üzrə aktivliyini qlobal təşəbbüslərinin tərkib hissəsinə gətirməklə Vaşinqtonu çətin duruma salır.
Çin ABŞ-nin qlobal məkanda zəifləyən mövqelərindən istifadə edərək, Kubada 2019-cu ildən kəşfiyyat əməliyyatları yerinə yetirib və bu, Vaşinqtona indi “məlum olur”.
“Məlum olur” deyəndə ki, bu zamana qədər ABŞ-nin kəşfiyyat orqanlarında Çinin Kubadakı casusluq fəaliyyətinə dair məlumatın olmaması təəccüb doğurur.
Hərçənd, Ağ Ev Pekinin Kubadakı kəşfiyyat mexanizmləri barədə yayılan məlumatları təkzib etməyə səy göstərirdi, lakin Konqresdən fərqli səslər çıxandan sonra Vaşinqton informasiyalar üzrə davranışları da dəyişir.
Buradan belə fikir doğa bilər ki, Pekinin Kubadakı trayektoriyasının dörd illik periodda gizli saxlanılmasının Vaşinqton üçün hansısa təhlükəsizlik səbəbi var imiş.
Bu variant dəqiq səslənmirsə, onda fikir o versiyaya fokuslanır ki, Çin böyük peşəkarlıqla özünün kəşfiyyat fəaliyyətini kamuflyaj edə bilib.
Əlqərəz, səbəbindən asılı olmayaraq, nəticələrə köklənmək lazımdır – Çin 2019-cu ildən bu yana Kubada kəşfiyyat fəaliyyətlərini ABŞ-yə qarşı yönəldib və indi Florida ştatından 100 kilometr aralıda baza tikməyi planlaşdırır.
Çin bununla kəşfiyyat məlumatlarının toplandığı obyektlərin təkmilləşdirilməsini həyata keçirir və ABŞ-yə qarşı ümid etdiyi yerdə mövqelənməyi qarşıya məqsəd qoyur.
Çinin casusluq səyləri ABŞ-də davamlı olaraq narahatlıqlar doğurur, çünki Pekin Vaşinqtonu bir sıra güzəştlərə məcbur etmək məqsədlərinə nail ola bilər, məsələn, Tayvan məsələsinin həllinə Ağ Evin qarışmaması kimi.
ABŞ-nin Dövlət katibi Antoni Blinkenin yayılan informasiyalardan sonra Çinə səfər proqramını tərtib etməsi Vaşinqtonun zəif bənd vəziyyətinə düşməsi ilə izah etmək olar.
Vaşinqton Çinin dünya üzrə casusluq əməliyyatlarını genişləndirməsinə mane olmaq üçün səylərini artırmasa, perspektivdə Pekin ABŞ-nin qlobal rolunu üzüaşağı itələməyə davam edəcək.
Çünki Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda qlobal sistemin Çinlə daha çox uyğunlaşmağa üstünlük verməsi ABŞ üçün ağrılı prosesə çevrilib.
Hələ qlobal qeyri-müəyyənliklərin davam etdiyi zamanda Çin-Kuba əməkdaşlığındakı yeni sfera vəziyyəti ABŞ-nin xeyrinə tarazlaşdırmaqdan uzaqlaşır.
Çin qlobal güc kimi yüksəldikcə ABŞ ilə gərginləşən münasibətlər daha da sərt xarakter alacaq və bu, qarşılıqlı təhdid ritorikasını gücləndirəcək.
Avropa İttifaqı liderlərinin ard-arda Çinə səfərindən sonra Qərbin Pekinə qarşı koordinasiyalı yanaşmasını təmin etməkdə ABŞ problemlərlə qarşılaşacaq. Bu mənada, o, Kubadakı casus əməliyyatlarına qarşı əhəmiyyətli dəstək almaya bilər.
Çinin genişlənmə məcburiyyətlərinə qarşı mübarizənin çətinləşməsi Pekinin Tayvan problemini birdəfəlik həll etməsi üçün marşrut açır və bu, Qərbin kollektiv reaksiyasını zəiflədə bilər.
Çünki Kubadakı vəziyyət ABŞ-ni Çinlə sövdələşməyə təhrik edir. Vaşinqton Çinlə əldə edə biləcəyi mümkün sövdələşmələrə Qərb çətirinin riayət etməsi üçün formullar tapa bilər.
Aqşin Kərimov