Tarixin şanlı səhifələrində Azərbaycan qələbəsidə qeyd edilib artıq. Xalqımızın illər boyu çəkdiyi əzabları yüngülləşdirdi noyabr ayı. 44 gün boyunca üzümüzdən əskik olmayan o kədərin yerini sevinc hiss almışdı həmin günlərdə, qələbə sevinci… Çəkdiyimiz ağrıların mükafatı olmuşdu bizə zəfərimiz. Övlad acısıyla qovrulan ürəklərə su səpilmişdi sanki. Qanının son damlasına kimi savaşan oğullar bəxş etmişdi bu qələbəni bizə. Kimisi övladını, kimisi ana-atasını buraxmışdı ardında. Kiminin isə tabutuna sarılıb ağlayacaq anası belə yox idi. Bax, həmin şəhid vətəni ana bildi özünə. Can verəndə belə, dilindən ‘’Vətən sağ olsun’’ şüarı əskik olmamışdır, əminəm buna. Vətən sizin sayənizdə sağ oldu, bütöv oldu, Şəhidim! Bu gün, bu zəfəri, bu qələbəni qeyd ediriksə, övladını görmədən cəbhəyə yollananlar, sevdiyinə ailəsinə doya bilmədən şəhadətə yüksələnlər sayəsindədir. Bir şeyə daha əminəm ki, onların ruhu şaddır! Min əziyyətlə aldıqları, qan tökdükləri Şuşa bizdədir, Qarabağ tapdaq altında deyil artıq, bizdədir! Prezidentimiz İlham Əliyevin həmin şüarları silinmir qulağımdan; ‘’Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!’’.

Möhtəşəm konsertlərlə, mükəmməl paradla bitirmişdik ilimizi. 2020 yaddaşlardan silinməyəcək bir iz qoydu bizdə; bir yanımız qan ağlasa da, o biri yanımız ‘’şəhidlərimizin qanı yerdə qalmadı, həsrətində olduğumuz torpaqlar artıq bizdədir’’ deyə çox sevinirdi. Natəvan, Vaqifin eli bizdədi! Mədəniyyətimiz, tariximiz, keçmişimiz bizdədi! O torpaqlardan ana qucağında çıxan körpələr, öz övladlarıyla elinə qayıtmağlarının sevincini yaşayırdı. Əhali öz evinə qayıtdıqca Vidadinin şeirləri yenidən canlanırdı sanki, Xarı Bülbül yenidən nəfəs alırdı…Qələbəmiz düşmənə ibrət olmuşdu, zəfərimizin təntənəsi duyulurdu hər yerdən. Xarı Bülbülün qoxusu gəlirdi vətəndən. Zəfərin mübarək xalqım, ruhunuz şad olsun Şəhidlərim!

Sevinc Yarməmmədova, BDU Jurnalistika fakültəsinin tələbəsi