Çempionlar Liqasında ilk dəfə tur keçən Azərbaycan klubu, iki dəfə ölkə çempionu, gümüş və bürünc mükafatlara sahib çıxan və iki dəfə də ölkə kubokunun finalında oynayan komandanın hazırkı vəziyyəti yalnız məni və şəmkirliləri deyil, Azərbaycanın bütün futbol ictimaiətini narahat etməlidir. Hazırda II Divizionda yer alan şəhərin eyni adlı klubu tarixinə və adına yaraşmayan tərzdə çıxış edir. Demək olar ki, çıxdığı bütün matçlarda böyük hesabla məğlub olan “Şəmkir” heç də ümidverici gələcək vəd etmir.

Sual yaranır. Azərbaycanın ən varlı rayonu kimi tanınan, bahalı müğənniləri toylarına gətirməklə səs-küy yaradan şəmkirli iş adamları şəhərlərinin adını daşıyan klubun bu vəziyyətinə necə baxa bilirlər? Etiraf etmək lazımdır ki, müasir futbolda maliyyə mühüm amildir. Yüksək büdcə yaxşı infrastruktur, peşəkar futbolçular və uğurlu kallektiv deməkdir. Bəs “bahalı şəmkirlilər”ə nə mane olur ki, doğma klublarına “görüm baxım” etmirlər?

“Şəmkir” klubunun veteran futbolçularından olan Rövşən Əmiraslanov jurnalistlərə açıqlamasında deyib ki, şəmkirli iş adamlarından biri kamandanı himayəsinə götürmək istəsə də klub prezidenti Vüsal Məmmədov sponsorun şərti ilə razılaşmayıb. Şərt də o olub ki, Vüsal bəy möhürün təhvil verib çəkilsin kənara. Amma bu cənab Məmmədovu heç də qane etməyib. Beləliklə razılaşma baş tutmayıb. Bu isə o deməkdir ki, biz şəmkirlilər futbolumuzla deyil, elə ancaq bahalı toylarımızla “fəxr etməyə” davam edəcəyik. Neyləyək olsun bizm başımız “bahalı toylara” qarışsın rəqiblər də “Şəmkirə” toy tutmaqlarında olsunlar.

Ölkənin tarixi köklərə malik klubu olan “Şəmkir” azarkeşlərinin sayına görə hazırda elitada çıxış edən 10 klubdan 7-ni üstələyir. 200 mindən artıq əhalisi olan Şəmkir bu göstəriciyə görə Bakı, Sumqayıt və Gəncədən geri qalır. Əgər yenidən böyük futbol Şəmkirə qayıtsa heç şübhəsiz futbolçular dolu tribunalar önündə mübarizə aparacaqlar. Bütün “Şəmkir” azarkeşləri kıubun əvvəlki şöhrətinin qaytaracağına əmindir. Ən azından rayonda olan varlı iş adamlarının olması bunu deməyə imkan verir.

Qasım Xuluflu