ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr erməni lobbisinin “əl işi” olsa da, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir. Təzyiqlə rəsmi Bakını danışıqları Qərb masasında aparmağa məcbur etməyə çalışırlar. Hərçənd, bu yanaşma Vaşinqtonu Parisin taleyi ilə üz-üzə qoya bilər.
Birincisi, dinləmələrə “Dağlıq Qarabağın gələcəyi” adının verilməsi tamamilə bitmiş və perspektivi olmayan “Qarabağ münaqişəsi”ni gündəmdə saxlamaq, erməni separatizmini körükləmək cəhdidir. Azərbaycan bunu nəyin bahasına olursa olsun qəbul etməyəcək.
İkincisi, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdikdə sonra Paris faktiki oyundan kənarda qaldı və bunu heç bir təzyiq dəyişdirə bilmədi. Vaşinqton da oyundan kənarda qalarsa, təzyiqlə nəyəsə nail ola bilməyəcək.
Üçüncüsü, Qarabağda erməni separatizmi ləğv edilib, bundan sonra sülh müqaviləsi imzalanmasa belə Azərbaycan itirən tərəf olmayacaq və bu, Bakıya istəmədiyi masada danışıqlardan imtina etmək imkanı yaradır, əksinə, hansı masada danışıqlara razı olarsa, həmin tərəfi ön plana çıxara biləcək.
Azərbaycan artıq noyabrın 20-də keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşündən imtina etdi və bu imtinada itirən tərəf Bakı deyil.
Asif Nərimanlı, siyasi şərhçi