Əziz Əlibəyli,
(Əziz Novruz oğlu Əliyev), Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi.
e-mail: [email protected]
Yeni dövlət modeli: hakerdövlətdən yeni təhlükəsizlik qayğılarına
Xülasə
Məqalədə kiber dünyanın yeni keyfiyyətlərinə toxunulur, onun əhatə etdiyi yeni detallar aşkar edilir. Kiber dünyanın yaranması, inkişafı və hazırkı vəziyyəti izah edilir. Müasir dünyamızda artıq dövlətlərin hakerliyi anlayışı izah edilir. Eyni zamanda formalaşan yeni dünya nizamı kontekstində kiber hücumlar milli təhlükəsizliyin aspekti kimi, informasiya müharibəsinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Məqalədə kəmiyyət və keyfiyyət analizi, müqayisə metodu və tarixi ardıcıllıq metodlarından istifadə edilib.
Açar sözlər: Kibercinayətkarlıq, kiberterror, kiberdövlət, sosial şəbəkələr, informasiya müharibəsi
Модель нового государства: от государства-хакер к новым проблемам безопасности
Резюме
Статья затрагивает новые качества кибермира, раскрывает новые детали, которые он охватывает. Объяснено возникновение, развитие и современное состояние кибермира. В нашем современном мире уже объясняют концепцию хакерской деятельности государств. В то же время в условиях формирующегося нового мирового порядка кибератаки рассматриваются как аспект национальной безопасности, как часть информационной войны.
В статье использованы количественный и качественный анализ, метод сравнения и метод исторической последовательности.
Ключевые слова: Киберпреступность, кибертерроризм, кибергосударство, социальные сети, информационная война.
The New State Model: From Hackerstate to New Security Concerns
Summary
The article touches on the new qualities of the cyber world, reveals the new details it covers. The emergence, development and current state of the cyber world are explained. The concept of state hacking in modern world is explained. At the same time, in the context of the emerging new world order, cyber attacks are viewed as an aspect of national security, as part of information warfare.
Quantitative and qualitative analysis, comparison method and historical sequence methods were used in the article.
Keywords: Cybercrime, cyberterrorism, cyberstate, social networks, information warfare
Giriş
Kiberterrorizm kiberməkanda hücumlar edərək hökumətlərə və ya mülki şəxslərə zərər vuran şəxslər və ya qruplar tərəfindən həyata keçirilən təhlükəli fəaliyyət olaraq son illərdə çox məşhurlaşıb. Bununla yanaşı günümüzdə kiberhücumların dövlətlər arasında baş verməsi müşahidə olunur. Odur ki, artıq bir dövlətin digər dövlətlərə qarşı kiberhücumlar təşkil etdiyi iddia oluna bilər. Bu cür iddialar çox vaxt beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı mürəkkəb və həssas məsələləri gündəmə gətirir.
Düzdür, son dünya nizamını hələ də koordinasiya edən BMT – Potsdam sistemi aktual olsa da, beynəlxalq hüququn tətbiq sərhədləri və tələbləri dəyişəcək kimi görünür. Ona görə də beynəlxalq müqavilələrdə keçərli olan “belə hallar beynəlxalq hüquq və diplomatik danışıqlar yolu ilə həll edilməlidir” fikrinin özü də ciddi mübahisə predmetidir.
Kibertəhlükəsizlik mühüm məsələdir: hökumətlər və əlaqədar qurumlar kiberhücumlardan ehtiyat tədbirləri görməyə və müdafiəni təmin etməyə çalışsalar da, kibertəhlükəsizlik kiberhücumların aşkarlanması, qarşısının alınması və hücumdan sonrakı bərpanın təmin edilməsi üçün texnoloji tədbirlər, siyasət və əməkdaşlıq tələb edən bir meqa-prosesdir.
Maraqlıdır ki, bir müddət əvvəl bu tipli qlobal cinayətləri müxtəlif formada təsrifləndirən BMT və digər hüquq-şərh qurumları ilk dəfə ötən əsrin 90-cı illərindən ədəbiyyata “kompüter terrorizmi” anlayışını gətirdilər. Amma göründüyü kimi, kiberterror artıq hansısa fləş-karda, proqram təminatına virus bulaşdırmaq mərhələsindən çoxdan keçərək beynəlxalq cinayət hüququnda “cinayətkar kiber dövlət” anlayışına qədər inkişaf etdi.
(Burda “dövlət” anlayışı təmsilçi şəxslərin analogiyası kimi işlənir. Beynəlxalq hüquqda məsuliyyət dövlətlərə aid deyil, şəxslərə, icraçılara aiddir – müəl.)
2000-ci ilin əvvəllərində şəxslərin və ya qrupların kütləvi şəkildə hədəflərə yeni terror hücumu növündən istifadə etməsi halına rast gəlinməyə başladı.
İlk dəfə ABŞ-ın DİSA şirkəti 1995-ci ildə Pentaqonun elektron sisteminə haker hücumlarının sınağını təşkil etmiş, nəticə demək olar ki, dünyanın ən güclü dövlətinin təhlükəsizlik üzrə cavabdeh şəxlərini şoka salmışdı.
ABŞ Müdafiə Nazirliyinin 8900-dən çox kompüterinin 88 faizi ələ keçirilmiş, proqram təminatına müdaxilə edilmişdir.
Bu, hadisə göstərdi ki, ikinci minilliyin təhlükəsizlik standartları mütləq dəyişikliyə uğrayacaq və biz yeni yanaşmalarla üz-üzə qalacağıq.
Daha sonra “The Citibank Hack (1995)” hadisəsi dünya bank sistemi üçün zəlzələ effekti yaratdı. Vladimir Levin “Citibank”ın telefon və kompüter sistemlərini sındıraraq 10,2 milyon dollar vəsaiti öz hesabına və ya digər hesablara köçürüb. [1].
Nəhayət, Melissa Virusu, Mafiaboy Hücumları, The Equifax Data Breach, The Sony Pictures Hack, The Target Data Breach, The Yahoo Data Breaches və s. adlarla ifadə edilən haker hücumlarının xarakterləri dəyişərək e-maillərin virusla bulaşdırılması, Amazon kimi alış-veriş saytlarının çökdürülməsi, milyonlarla şəxsin fərdi məlumatlarının oğurlanması, kino senayesinə aid sirlərin ələ keçirilməsi, milyonlarla şəxsin debet kartlarının şifrələrinin çözülməsinin səviyyəsi [2] göstərdi ki, hücumlar artıq üç səviyyəyə qədəm qoyub:
- Fərdlərə
- Bizneslərə
– Hökumətlərə
Cəmiyyətin sosiologiyası adətən dövrün müasir texnologiylarının tətbiqi prosesinə hələ də izah edilməsi mümkün olmayan bir formada adaptasiya göstərir.
2007-ci ildən etibarən sosial şəbəkələrin meydana çıxması həm icmalardakı sinergetik vəziyyəti dəyişdirdi, həm yeni texologiyaları təsir və təzyiq aləti kimi istifadə edə bilən şəxslərin məqsədlərini dəyişdirdi, həm də informasiyaya mövcud olmuş ənənəvi baxışları dəyişdirdi.
Üç yeni kateqoriya dəyişikliyi dərhal təhlükəsizlik spektrində boşluqlar aşkar edə bildi. Xüsusilə də sosial media 2010-2012-ci illər arasında Yaxın Şərq və Şimali Afrikada baş verən bir sıra etiraz və üsyanlarda, “Ərəb Baharı”nda mühüm rol oynadı. Facebook, Twitter və YouTube kimi sosial media platformaları “Ərəb Baharı” zamanı etirazçılar tərəfindən mesajlar təşkil etmək və çatdırmaq üçün istifadə edildi.
Bütün cəmiyyətlər üçün xarakterik olan iqtisadi, siyasi və sosial faktorlar ərəb dünyasında ilk dəfə sosial şəbəkələrin sayəsində təşkil edilmiş, məqsədyönlü aksiyalara çevrilərək, Tunisdə, Misirda, Liviyada, Yəməndə hakimiyyət dəyişikliklərinə səbəb olmaqla yanaşı, Suriyada hələ də davam edən vətəndaş müharibəsinə şərait yaratdı.
Bu keys bizim üçün ən azı iki nəticə çıxartmağa imkan verir:
- Sosial şəbəkələr – müasir anlayışla informasiya müharibəsinin aləti kimi ilk eksperimentdən uğurla keçdi.
- “Ərəb Baharı”nda sosial medianın rolu akademik dairələrdə geniş müzakirə olunub, bəzi alimlər sosial medianın səfərbərlik, səlahiyyətləndirmə, fikirlərin formalaşdırılması və dəyişikliyə təsir göstərməsində kritik rol oynadığını, digərləri isə baş verən proseslərin sosial media şirkətlərinin siyasətinin olduğunu iddia edir.
Keys: Meta şirkətinin bu günlərdə Avropada 1,2 milyard avro cərimələnməsinə səbəb irlandiyalı istifadəçilərin məlumatını ABŞ-a ötürməsi olub. Nəzərə alsaq ki, İrlandiyanın 5 milyon əhalisi var və britaniyalı ingilislərlə bir yerdə yaşamaqdadırlar. Burda xeyli mübahisəli suallar meydana çıxır və ilk növbədə bizim də bəzi qayğılarımız yaranır. [3] [4].
Lakin niyəsə günümüzdə əksər dövlətlər bu proseslərdə kvazi-haker rolunu icra etdiklərinə dair fikir bildirməyə tələsmirlər.
Amma 2022-ci ilin 24 fevral günü başlayan Rusiya -Ukrayna müharibəsi informasiya sərhədləri daxilində kiber müharibənin də başlaması ilə əlamətdar oldu.
Biz artıq hədəf rolunda gördüyümüz üst qurumun – dövlətin haker kimi fəaliyyət göstərdiyi dövrə qədəm qoymuş olduq.
CyberEdge kibertəhlükəsizlik araşdırmaları və marketinq konsaltinq şirkətinin hesabatına görə, son bir ildə dünyanın əksər hökumətləri haker hücumuna məruz qalıb. [5]
Şirkətin 17 ölkədə, 1200 dövlət və özəl sektor İT nümayəndələri arasında apardığı sorğu tədqiqatına görə, 2021-ci il ərzində sözügedən respondentlərin çalışdığı qurumların haker hücumlarına məruz qalma faizi 68,2 kimi yüksək təhlükəli rəqəm təşkil edir.
Maraqlıdır ki, kritik informasiyaların və dövlət sirrinin toplandığı mərkəzi server sistemlərindəki vəziyyət olduqca pis imiş. Belə ki, hökumət qurumlarının tez-tez hakerlərin hədəfinə çevrilməsinin ən əsas səbəbi onların zəif müdafiəsi, aşağı İT büdcəsi və məhdud İT heyətinin olmasıdır. [6]
Haker hücumları dövlətlərarası xarakterə keçən andan etibarən yeni terminlə ifadə edilir – kibermüharibə.
ABŞ və Çin arasında hazırda baş verən kiberhücumlar dövlətlərarası səviyyədə baş verən kibermüharibəyə ən aşkar nümunə sayıla bilər.
Problem o qədər ciddir ki, ilk dəfə sabiq ABŞ prezidenti Obama “Bu an üçün Amerikanın sülhü və rifahı kibertəhlükəsizlikdən asılı vəziyyətdədir” deyərək kibertəhlükəsizliklə bağlı yeni dövrə vurğu etdi.
Lider kiberhücum dövlətləri ilə yanaşı kiberdünyada Hindistan, Rusiya, Çexiya, Ukrayna, Almaniya, İndoneziya və Yaponiya kimi dövlətlərin bir-biri ilə rəqabət apardığını görürük.
Bir sözlə, kiberhücum mühiti dövlətləri bu sahədə milyonlarla dollarlıq büdcə ayırmağa məcbur edir. Kiberhücumlar dövlətlərarası olduğu zaman kibermüharibə baş verir. Kibermüharibədə kiberhücumlar hərbi məqsədlər və kibercasusluq, həmçinin məlumat sızdırmaq, təhlükəsizlik zəifliklərini tapmaq, qorxutma, siyasi və iqtisadi səbəblər kimi məqsədlərlə həyata keçirilə bilər. [7]
Kibermüharibələr bizim ənənəvi müharibə baxışlarımızı dəyişdirdi və onun yeganə fərqinin rəqəmsal dünyada baş verməsi ilə yanaşı, insan ölümü ilə nəticələnməməsi kimi də ifadə edilir.
Amma artıq bu yanaşma da geridə qaldı desək, səhv olmaz.
Belə ki, kibermüharibələrdə telefon dinləmələri, məxfi sənədlərə baxmaq və casusluq kimi xüsusi məqsədli əməliyyatların ön plana çıxdığını söyləyə bilərik. Amma suni və ağıllı intellektin son versiyalarının ortaya çıxması ilə artıq ölümlərin də baş verdiyini görə bilərik.
Məsələn, rus hakerlərinin Visat peyk sistemini bloklaması Polşada internet əlaqəsini kəsərək, qruplar arasındakı koordinasiyaya mane olmuş və hücum planının lokal uğursuzluqlarına səbəb olaraq itkilərlə nəticələnmişdir. [8]
Hazırda Ukrayna ilə Rusiya arasında DDOS, WhisperGate, HermeticWiper, IsaacWiper, UNC1151, APT28, Gameredon, Anonymos, İT Army of Ukraine, RURansom Wiper və s. adlı haker qrupları müharibədə ön plana çıxmaqdadırlar. Hədəflər isə Müdafiə Nazirlikləri, müxtəlif güc strukturları, hərbi idarələr, maliyyə idarələri, məxfi sənədlər və s.-dir.
Daha bir ciddi məsələ süni intellektlə bağlıdır ki, bu məsələdə əsasən korporasiyaların adları və sahibləri ön plana çıxsalar da qərar tutduqları ölkələr, xüsusilə də ABŞ, Çin və ya Rusiyanın bu “uğurlardan” müəyyən məqsədlər üçün istifadə etdikləri müşahidə olunur.
Süni intellektin ərsəyə gətirdiyi “The Creator” (Yaradan) filmi ilk saatlarda 4 milyon izlənmə ilə rekord əldə etdi. [9]
Eyni tarixdə ABŞ-ın Montana ştatı ilk olaraq TikTok sosial şəbəkəsini qadağan etdi. [10]
Hətta iş o yerə çatıb ki, Süni intellektin yaradıcısı, OpenAİ şirkətinin rəhbəri Sam Altman ABŞ konqrensində bu sahənin tənzimlənməsi ilə bağlı çıxışı zamanı qeyd edib ki, “əks təqdirdə qısa müdətdə onun girovuna çevriləcəyik”. [11]
Şübhəsiz ki, Ermənistanın qanunsuz işğalı ilə başlayan müharibə Azərbaycan Respublikasının qələbəsi ilə başa çatsa da, kiberfəzada iki dövlət arasında mübarizə yeni-yeni alovlanmağa başlayıb.
Davamlı şəkildə “deepfake” (saxtakarlıqlar) ilə ölkəmizin hədəfə alınması amansız bir forma almaqdadır.
İlk növbədə dünya İT şirkətlərinin menecerləri sıralamasına baxanda görə bilərik ki, İran, Hindistan və Ermənistandan olan şəxslər Azərbaycana qarşı aparılan bu prosesdə rəhbər vəzifələrdə yer almaqdadırlar.
Hər üç ölkənin müəyyən yaxınlığını nəzərə alsaq, bizim üçün təhlükənin miqyası və xəritəsi dərhal böyüməkdədir.
Son olaraq 19 may tarixində Azərbaycanda 6500-dən artıq istifadəçi hakerlərin qurbanına çevrildi. [12]
“Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik Barometri” adlı kəmiyyət və keyfiyyət əsaslı (2021-2022-ci illərdə) təhlil aparan Sosial Tədqiqatlar Mərkəzinin analitik hesabatında yer alan “Kibercinayət barədə məlumatınız varmı” sualına 37.1 faiz “bəli”, 62,8 faiz isə “xeyr” kimi qorxunc bir cavab verib.
Və ya respondentlərin (ölkənin bütün iqtisadi rayonları üzrə təsadüfi seçilmiş 2283 nəfər və spesifik sahələr üzrə ekspertlər) 86,7 faizi ona qarşı nə vaxtsa kiber cinayət əməlinin olmasını hiss etməyib. 46,7 faiz isə “Fişinq” haqda heç bir məlumatının olmadığını ifadə edib.
“Ransomveə” (sistemə zərərli proqram köçürməsi) haqda isə əhalinin 97 faizinin məlumatı yoxdur. Sorğu göstərir ki, ölkədə 65 faiz İT üzrə işçinin təhlükəsizlik üzrə sığortası yoxdur və ya İT büdcəsindən kibertəhlükəsizliyə xərclənən maliyyə barədə 60 faizdən çox istifadəçi heç bir informasiyaya malik deyil.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hesabatına görə Azərbaycanda kiberhücumların artım tempi ildə 38 faiz təşkil edir. [13]
Maraqlıdır ki, Vətən müharibəsində əldə edilən qələbədən sonra atılan addımlardan biri azad edilən rayonlarda “Ağıllı kənd”lərin salınması oldu. Yüsək texnoloji resurslarla ərsəyə gələn yeni tipli kəndlərin rəqəmsal mahiyyəti və ideoloji mənası onu dərhal qonşu dövlətin kiber hədəfinə gətirmiş oldu. Hazırda Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Konsepsiya, Gələcəyə baxış – yol xəritəsi, Dövlət sirri haqda qanun, Milli Təhlükəsizlik Konsepsiyası, kibercinayətkarlıq haqda qanun və onlarla müvafiq hüquqi aktın sırasında ən son qəbul edilən “Kritik informasiyanın qorunmasına dair” prezident fərmanı mühüm hüquqi-normativ baza formalaşdırıb.
Eyni zamanda Azərbaycanda İsrail institutu ilə birgə Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bu da yeni hərbi-siyasi, regional və qlobal nizam fonunda ölkəmiz üçün dördüncü fəzada – kibersferada mühüm nailiyyətlər vəd edir.
Nəticə:
Dövlət tərəfindən maliyyələşdirilən və həyata keçirilən kibermüharibə ənənəvi kiberterrorizmdən fərqlənməyə başlayır. Çünki o, kiberhücumları birbaşa planlaşdırıb həyata keçirən və ya digər ölkələrdəki muzdlulara himayədarlıq edən əcnəbi hökumət tərəfindən törədilir.
Başqa sözlə, dövlət tərəfindən dəstəklənən kibermüharibə bir hökumətin və ya dövlətin digər dövlətə, onun təşkilatlarına və ya şəxslərinə qarşı kiberhücumları dəstəklədiyi və ya həyata keçirdiyi kibermüharibə formasıdır.
Dövlət tərəfindən maliyyələşdirilən kiberhücumlar birbaşa olaraq hərbi və ya xüsusi dövlət orqanlarında işləyən hakerlər tərəfindən həyata keçirilir. Dövlət tərəfindən maliyyələşdirilən kiberhücumlar çox vaxt maliyyə qazancından artıq iqtisadi, siyasi və ya hərbi məqsədlərlə icra edilir. Dövlət tərəfindən maliyyələşdirilən kiberhücumların mənbəyini əksər hallarda tapmaq mümkün deyil, yəni kiberhücumun arxasında dövlətin olduğunu sübut etmək çətin ola bilər.
Ədəbiyyat siyahısı:
- Famous Hacking Incidents and Their Implications (March 27, 2023) https://www.tekedia.com/famous-hacking-incidents-and-their-implications/
- 27 Most Notorious Hacks in History that Fall Under OWASP Top 10 (March 28, 2023) https://www.indusface.com/blog/notorious-hacks-history/
- Facebook owner Meta fined a record €1.2 billion over European data transfers (Oct. 28, 2021.) https://www.euronews.com/next/2023/05/22/us-tech-giant-meta-fined-a-record-12-billion-in-europe
- The social media myth about the Arab Spring (27 Jan 2021) https://www.aljazeera.com/opinions/2021/1/27/the-social-media-myth-about-the-arab-spring
- Most Governments Were Hacked in the Past Year, Reports Reveal (April 18, 2022) https://www.govtech.com/security/most-governments-were-hacked-in-the-past-year-reports-reveal
- Siber Saldırı Önlemede Blokzinciri Teknolojisinin Fayda Maliyet Açısından Değerlendirilmesi (2020) https://dergipark.org.tr/tr/download/article-file/1112079
- Siber Saldırı Nedir? Siber Saldırılardan Nasıl Korunuruz? (3 Mart 2021) https://berqnet.com/blog/siber-saldiri
- Polish Cyber Defenses and the Russia-Ukraine War (January 18, 2023) https://www.cfr.org/blog/polish-cyber-defenses-and-russia-ukraine-war
- The Creator – https://www.youtube.com/watch?v=573GCxqkYEg&ab_channel=20thCenturyStudios
- Governor Greg Gianforte – https://twitter.com/GovGianforte/status/1658948119285964802?t=-Xe79bvI13E4MwdqLDnRmQ&s=19
- OpenAI CEO warns Senate: ‘If this technology goes wrong, it can go quite wrong’ (May 16, 2023) https://abcnews.go.com/Business/openai-ceo-warns-senate-technology-wrong-wrong/story?id=99357748
- Bu dövlət qurumları haker hücumuna məruz qalıb – Siyahı https://qafqazinfo.az/news/detail/bu-dovlet-qurumlari-haker-hucumuna-meruz-qalib-siyahi-400874
- “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” açıqlandı https://www.youtube.com/watch?v=eXh9OlGY478&ab_channel=STMTV