Prezidentliyə namizəd Zahid Oruc 17 yanvar 2024-cü il tarixində Bakı şəhərinin Səbail rayonunda seçicilərlə görüş keçirib.
Zahid Orucun vəkili Əziz Əlibəyli tədbirin başlanğıcı olaraq nitqində 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkilərinin müstəsnalığından, yaşanan tarixi-siyasi hadisələr fonunda bu seçkinin və seçkidə iştirakın önəmindən, Zahid Orucun seçki platformasından və burada açar sözün “qalib seçici” olmasından qısaca bəhs edərək sözü Zahid Oruca verib.


Zahid Oruc Azərbaycanın məğlub dövlətdən qalib dövlətə çevrildiyi kimi, Azərbaycan xalqının da məğlub xalqdan qalib xalqa çevrildiyini bəyan edib. “Məğlub xalqı idarə etmək asandır, qalib xalqı isə idarə etmək çətin”, “Biz 30 il idi Qarabağın işğaldan azad olunmasını arzu edirdik. Biz arzumuza çatdıq, Qarabağ işğaldan azad edilib, artıq digər problemlərimizin həllinə heç bir maneə qalmayıb” deyərək öz seçki platformasında yer alan ideya və fikirlərlə xalqı, seçiciləri narahat edən məsələlərin həllinə dair yanaşmalarını təqdim edib. Zahid Oruc qeyd edib ki, dünyanın 192 ölkəsində ümumilikdə 100 milyondan çox qaçqın və məcburi köçkün varsa, indiyədək onun əhəmiyyətli bir hissəsi bizim ölkənin payına düşüb və bu yükün ağırlığından qurtulmaq, xalqımızı öz torpaqlarına qovuşdurmaq, torpaqlarımızı işğaldan azad etmək, suverenliyimizi bərpa etmək kimi məsul bir vəzifənin öhdəsindən gəlmək üçün hökümətimizin son 20 ildə orduya 36 milyard manat vəsait xərcləyib. O, bu vəsait xalqımıza xərclənsəydi insanların yaşam səviyyəsinin indi daha yüksək ola biləcəyini vurğulayıb. Lakin təəssüflər olsun ki, müharibə bizim seçimimiz deyildi və indi bu müharibəni başlatdığına görə onun ağırlığını Ermənistan özü çəkir. Zahid Oruc “Ən böyük sərvət insandır!” şüarını səsləndirməklə gələcəkdə Azərbaycan dövlətinin bütün sahələrdə vətəndaşlara, onların həyatının və rifahının yaxşılaşdırılması üçün dövlət proqramlarının işlənib-hazırlanmasına önəm verəcəyini vurğulayıb.

Ötən dövrdə mövcud olan bir sıra məmur özbaşınalıqlarının və korrupsiya hallarının cəzalandırıldığı kimi, nəzərə alsaq ki, indiyədək 8 icra başçısı, nazir və bir çox digər məmurlar buna görə cəzalandırılıb, gələcək dövrdə tamamilə şəffaf idarəçilik təsis olunacaqdır. Zahid Oruc, güclü yumruqda birləşmək üçün hökümətin mütləq xalqa söykənməli olduğunu və yalnız o halda güclü dövlət təsisatının yaradılmasının mümkün olduğunu vurğulayıb. Qarabağ zəfərinin gələcəkdə insanların sosial rifah halında hiss olunması mütləq əhəmiyyətlidir. O, artıq neft-qaz ixracatına deyil, innovativ sənaye istehsalına önəm veriləcəyini bildirib. Zahid Oruc Bakının ağır sosial-iqtisadi yükdən qurtarılması üçün regional inkişaf planlarının olduğunu açıqlayıb. O, 4416 kəndimizin hər birinə diqqət yetirəcəyinə, onların iqtisadi çəkisinin formalaşdırılacağına vurğu edərək, yerlərdə kənd təsərrüfatının istehsalının artırılması və bunun üçün dövlət tərəfindən müvafiq mexanizmlərin yaradılması haqqında bəhs edib. O, seçicilərə Vətən insanlarımızdır deyərək, qalib gələcəyimizə səs verəməyə çağırıb.