Erməni mənbələrinin Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri edəcəyi barədə xəbəri düşündürücüdür. Rusiya ilə ağır döyüşlərin davam etdiyi günlərdə Zelenski niyə Ermənistana səfər etsin? Zelenskinin Avropa ölkələrinə və ABŞ-a səfərləri anlaşılandır, çünki bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir. Ermənistanda bunların heç biri yoxdur, üstəgəl Münxen Təhlükəsizlik Konfransında Volodimir Zelenski ilə baş nazir Nikol Paşinyan deyil, Azərbaycan prezidenti İlham Əliyev görüşdü və bu görüşdən iki gün sonra Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi. Zelenski bu yardımlara görə, hər zaman İlham Əliyevə minnətdar olub. Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib? Bundan başqa Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxın deyillər. Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq. Doğrudur, Volodimir Zelenskinin prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etdiyini də unutmamaq lazımdır.

Volodimir Zelenskinin Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar. Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətlərini daha da gərginləşəcək. Zelenski bu amilləri əlində rəhbəri tutaraq Ermənistana səfəri planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu Ermənistana yaxşı heç nə vəd etmir. Volodimir Zelenski Ermənistana səfərin müsbət və mənfi tərəflərini doğru hesablamalıdır.

Elxan Şahinoğlu, politoloq