Bu günlərdə youtube-sosial şəbəskəsindəki qısa çarxlar bölməsində dünyada rəngsiz yayımdan rəngli yayıma keçidlə bağlı bir video yayıldı. Avropa ölkələrindən, Amerikadan hətta Avstraliyadan yığılmış kollaj idi. Düzdür onda Bakı hələ Moskva vaxtı ilə yatıb dururdu. Rəngli yayım da bizə bir qədər gec gəlmişdi. Amma o vaxtkı ağ-qara yayım bugününümüzün rəngli yayımından daha baxımlı idi. Bəli, efir daha ciddi, nitq daha daha pafoslu, yayımlar indikindən daha süst idi. Amma, ata-anasından küsən efirə çıxmazdı, bir sözlə efir “dingəxana” yeri deyildi…

Artıq 21.əsrdir. İndi nəinki rəngli yayım bizim üçün yenilikdir nə də rəqəmsal yayım. Efir şəbəkəsi  isə 1-2 kanalın 3-4 verilişini çlxmaq şərtilə bərbad vəziyyətdədir. Müharibədən çıxmış ölkənin, Xankəndiyə bayraq sancmış nəslin reytinqli verilişlərinin başında arvad axtaran 70 yaşlı kişi yox, 3 uşağını qoyub baldızının ərinə qoşulan 30 yaşlı qadın  gəlməməlidir.  Bura əlavə edək, ən bayağı ifalar üçün kosmik rəqəmlərin uçuşduğu, xəstə “tapmaq” məqsədilə efirə yol axtaran həkimlər və s. və i. Bir də onu unutmayaq ki, biz heç birimiz “Azərbaycan kanallarına baxmırıq”.

İnsafən, dövlət və onun icraedici orqanı hökümətin müvafiq icra hakimiyyəti televiziyalara kontent məcburiyyəti sırımır. Yeri gələndə iki və ya üçrəqəmli cərimələr təqdim edir ya da müəyyən saatlıq yayım qadağası barədə qərar verir. Efir qayıdan kimi “köhnə hamam, köhnə tas!

Artıq, televiziya efirini də sosial şəbəkələr idarə edir. Ümumi “xəbər” anlayışını facebook, tik-tok, telegram və digər chat-box-ların trendlər müəyyən edir. Ana xəbər buraxılışlarını belə trendlərə bağlayan redaksiyalar var. “Filankəsin pəsmankeş oğlu bu vəzifəyə təyin edildi”, filan müğənninin keçmiş əri özünə toy çaldırır” başlıqları da artıq günümümüzün reallığıdır.

Bütün bunların fonunda isə biz ailədə uşaq böyüdürük. Ya da böyütməyə çalışırıq. Artlq “Kurtlar vadisi” ilə böyüyən uşaqlar ailə-uşaq sahibidir. Onların övladları isə nə “Sehrli Xalat”a, nə “Bir qalanın sirri”nə, na “Elektronikin macəralarına”, “Nə gələcəkdən gələn qonağa” baxır. İndi bizim uşaqlar “Bir Xalanın Sirrinə” baxır, “Xəyanət”in sirrlərini öyrənir, “Stalinin Başı”na and içir.

….Etiraf edək ki, artıq gecdir…”Can Nənə” deməli uşaq nənəsi ilə efirdə tüğyan edən ən aşağı səviyyəli mövzuları izləyir. Başa düşür ki, ailəni dağıtmaq çətin iş deyil. Üstəlik bunu efirdə ekspertlər deyirsə..Aparıcı var, bir-iki əlavə baxış üçün “qurbanına” iynə də vurar, şillə də. Amma yaxşı ki, televiziyada gizli çəkiliş, səs pultunda işini yaxşı görməyən texnik də var. Amma nə bilmək olar bəlkə o da bezib, qəsdən edib. O “texnik” cəmiyyəti belə oyatmaq istəyib. 

Hamımız Azərbaycana parlaq gələcək arzulayırıq.Hamımız Azərbaycan üçün yeni nəsil yetişdirmək istəyirik. Elə Prezident İlham Əliyev də andiçmə mərasimində milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsinin vacib olduğunu deyərək vəzifəmizin məsuliyyətini hiss etdirmişdi: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq”. Şükürlər olsun, həmin nəsil var. Şuşanı qazanan, Xankəndiyə bayraq sancmaq üçün canını verən nəsil var. Bəs doğrudanmı o nəsil dəryada bir damladır?! Əgər media, tv cəmiyyətin aynasıdırsa bir o damlanın belə yalnız zərrəsini görə bilirik. Əvəzində 5 uşaq dünyaya gətirib, pampers pulunu millətə yükləmək istəyənlər, ailəsini atıb gedən sonra gəlib “namus-qeyrət” dərsi keçənlər efir qəhrəmanlarıdır.

… Bütün bunların fonunda isə biz ailədə uşaq böyüdürük.  

Səidə Əsədli