Tanınmış jurnalist və siyasi şərhçi Azər Həsrət bildirib ki, təkcə Xankəndi yolundakı aksiyalarla kifayətlənmək olmaz. Rusiyaya öz yerini göstərmək üçün soyad sonluqlarının kütləvi şəkildə dəyişilməsi, rus məktəblərindən imtina edilməsi kimi kiçik addımları da atmaq olar.
Soyadların azərbaycan dilinə uyğunlaşdırılması Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasətdir. 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. AMEA-nın komissiyası dörd variant üzərində dayanıb. Bunlar “-lı”, “-li”, “-lu”, “-lü”, “-oğlu” və ikisi bir yerdə “-soy” və “-gil” formasını təklif edib.
Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri isə (VVAQİ) keçmiş qanuna əsaslanaraq “-ov”, “-yev” yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla da olsa vətəndaşa “-li”, “-lu”, “-lü” soyadının yazdırmasına imkan verirlər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlının fikirlərini öyrəndik.
O, bildirdi ki, soyad sonluqlarının dəyişdirilməsinin hazırki münaqişəyə aidiyyatı yoxdur:
“30 il əvvəl qərar qəbul olunub ki, soyad sonluqları milliləşdirilsin. Bu illər ərzində ailələr milli təfəkkür və milli şüur nümayiş etdirib bunu etməli idilər. Bu məsələnin Qarabağa, Ermənistanla münaqişəyə, və sülhməramlıların erməniləri müdafiə etməsinə heç bir aidiyyatı yoxdur. Bu çox bəsit düşüncəyə sahib olan və qaşınmayan yerdən qan çıxartmaq istəyən adamların təfəkkürü ola bilər.”
Deputat bu məsələdə məsuliyyətin vətəndaşların üzərinə düşdüyünü vurğuladı:
“Kim istəyirsə, soyad sonluğunu dəyişə bilər. Şüur yoxdur, dəyişmirlər. Uşaqları doğulanda onları da rus sonluqları ilə qeyd etdirirlər. Bu bizim özümüzün səhlənkar yanaşmamızdır. Bunu da aparıb sözügedən münaqişəyə bağlamaq ancaq məsələnin mahiyyətindən xəbərsiz olan adamların işidir.”
Qeyd edək ki, Gürcüstan azərbaycanlı aktivistləri də rus soyadlarından imtina etmək üçün kampaniya başlatmışdır.
Jalə Quliyeva, BDU jurnalistika fakültəsinin tələbəsi