Azərbaycan ərazilərindəki Rusiya sülhməramlılarının fəaliyyət istiqamətlərini 10 Noyabr Bəyanatından başqa tənzimləyən sənəd yoxdur və onların mandatının yenilənməsi barədə hər hansı müzakirələr də aparılmır.

Ən azından, bu fikrin dəqiqliyinə şübhə yeri qoymamaq üçün iki məqama diqqət yetirmək yaxşı olar:

1. 10 Noyabr Bəyanatına əsasən, sülhməramlı qüvvələr beş illik müddətə yerləşdirilir və bu tarixin bitməsinə altı ay qalmış tərəflərdən biri müraciət edərsə, Rusiya bunu nəzərə alır. Hazırda isə Bəyanatın qəbulundan iki ildən bir az çox vaxt keçib və bu müddət hələ sülhməramlıların xidmət dövrünün uzadılması üçün bir əsas vermir.

2. Xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında sülhməramlı qüvvələrin funksiyasını tənzimləyə biləcək yeni sənədin hazırlanmadığını və belə bir şeyin ümumilikdə gündəlikdə olmadığını dedi. Buradan yola çıxsaq, demək mümkündür ki, Azərbaycan sülhməramlıların ömrünün uzadılmasında deyil, hətta onların vaxtından əvvəl ölkələrinə qayıtmasında qat-qat maraqlıdır.

Rusiya Bəyanatın 4-cü bəndi üzrə manipulyasiya edir, bir daha həmin maddənin birinci cümləsini xatırladaq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Moskva bu ifadəni “qanunsuz erməni silahlılarının çıxarılması üçün üzərimizə öhdəlik qoyulmayıb” kimi şərh edə bilər, lakin Azərbaycan Moksvanın bu məsələdə funksiyasının təsbit edildiyini göstərir.

Görünür ki, Azərbaycanla Rusiyanın danışıqlarında, əsasən, həmin fraza üzrə fikir ayrılıqları yaşanır. Bakı isə Moskva ilə başqa formatda danışa bilər, məsələn, “bu işi siz görmürsünüzsə, qanunsuz silahlı dəstələrinin zərərsizləşdirilməsini suveren hüququm kimi həyata keçirəcəyəm” tezisini masaya qoymaqla Rusiyaya mesajlar çatdırır.

Azərbaycanla Rusiya arasında dil tapmaq təcrübəsi imkan verir ki, Moskva Bakının antiterror tədbirlərinə qarşı çıxmasın. 2022-ci il avqustun 3-də Azərbaycan öz hüququndan istifadə edərək separatçı ünsürləri və onların texnikasının bir hissəsini məhv etdi və Moskva bunun nəticələri ilə razılaşmaqdan başqa yol tapmadı.

Rusiya üçün əslində, orada silahlı dəstələrin qalıb-qalmaması maraqlı deyil və bunu strateji yox, taktiki maraq kimi qiymətləndirir.

Moskva, sadəcə, daha böyük işlər üçün həmin silahlı elementlərdən hansısa bir nöqtədə yararlanır, sonra isə onların Azərbaycan tərəfindən zərərsizləşdirilməsi ilə barışır.

2023-cü ildə Qarabağda sülhməramlıların müvəqqəti xidmət arealında hadisələrin bir qədər də gərginləşəcəyini proqnozlaşdırmaq olar. Ona görə ki, Qarabağ mövzusu qlobal maraqlar kontekstində beynəlxalq güclərin, o cümlədən Rusiyanın nəzərində xüsusi dəyərə malikdir.

Ancaq Qarabağdakı mümkün gərginliklər Azərbaycanın şərtlərinin yerinə yetirilməsi prizmasından arta, yəni Bakının atacağı addımlar kimlərisə yenidən narahatlıqlar burulğanına sala bilər.

Aqşin Kərimov