Rusiya-Ukrayna savaşı, Afrikadakı mövcud durum, Yaxın Şərqdə gərginliyin artması fonunda son altı ay ərzində də Ermənistanın Fransanın təhriki ilə sərhəddə iki dəfə insident törətməsi ilk növbədə ondan xəbər verir ki, hal-hazırkı mürəkkəb situasiyada Azərbaycan bir neçə cinahda “savaşır” və hər birində də qalibdir. Bu fikir isə boş narrativ deyil, fundametində kifayət qədər əsaslar dayanan məsələdir.

Cənab Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdiyi kimi yeni inkişaf konsepsiyasını da uğurla realizə edir. Dövlət başçımızın “Yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər” fikri də bunu təsdiq edir ki, qarşımızda, həqiqətən də, yeni üfüqlər dayanır. Əsas məsələ milli təhlükəsizlik məsələsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağda əldə etdiyi Zəfərlə təhlükəsizliyimizi daha da möhkəmləndirdi. Qərbin mülki missiya adı altında bölgəmizə hiyləgər girişi, 5 aprel tarixində kirli məqsədlərə xidmət edən, üzdə bir, alt qatlarda fərqli planlar cızılan görüş, buna Türkiyə, Rusiya tərəfindən reaksiya olsa da, İranın susması, Azərbaycanın isə potensial yıxıcı planlara qəti mövqeyi bir daha məqsədyönlü siyasətimizdən xəbər verir. Azərbaycan regionda ssabitləşdirici aktor olduğunu illər ərzində yürütdüyü siyasətlə, tutduğu dəst-xətlə bu gün də sübut edir. Müxtəlif bölgələrdə baş verən silsilə insidentlər beynəlxalq ticarətə təsir edir, xüsusən də neft sənayesində ciddi maneələr yaranır. Məhz bu da proseslərdə sabitliyi pozan daha bir mürəkkəblik qatını əlavə edir. Ayırıcı xətlər cızılır, şüurlu olaraq təhlükəli tendensiyalar formalaşdırılır. Bütün bunların fonunda Azərbaycan sabitlik adasını xatırladır. Hər nə qədər Ermənistan vasitəsilə Cənubi Qafqazı döyüş meydanına çevirməyə cəhd göstərsələr də, Azərbaycan arealı daha geniş siyasət yürüdərək belə məkirli planların qarşısını alır. Azərbaycanla Ermənistanın özünə qalsa, məsələlər normal həll tapa bilər, lakin buna imkan verməyən, bilərəkdən mane olan dairələr mövcuddur. Suyun dibinə də dalmaq arzusunda olanlar isə sadəcə Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı bulandırmaq istəyirlər. Bu mümkünsüzdür, çünki səth bulanıq, dib dərindir yəni, “onların” addımları impulsiv, “bizim” addımlarımız stratejidir. Mikroskopik nəzarət olsa da həqiqi loyallıqla, görünüş xətrinə loyallıq sözü imzası qədər dəyərli olan Azərbaycan dövlətinin başçısının, xalqının Liderinin şəxsi keyfiyyətidir. Məsələ sadəcə təhlükəsizliyi qoruyub saxlamaqdan ibarət deyil, hətta müttəfiqlər düşərgəsini qoruyub-saxlamaq da yeganə çıxış yolu deyil, düşmənləri ən azından neytrallaşdırmaq ən səriştəli siyasi xadimlərə xas fəzilətdir ki, cənab Prezident İlham Əliyev mövcud nizamsız düzəndə belə bunu bacararaq xalqının maraqlarını təmin edir. Beynəlxalq hüquq bəzi aktorlar üçün söz oyunudur. Həmin bu dairələr bilməlidir ki, strateji xətti fundamentindən dəyişmək mümkünsüzdür, eynilə coğrafi mövqe kimi.

Azərbaycan müstəqil siyasət yürüdür. Dövlətimizin başçısının yeganə dayaq nöqtəsi heç nə və heç kim deyil, xalqıdır. Bu baxımdan biz əməkdaşlığa açığıq, müttəfiqlik də olar, lakin itaətkar müttəfiq əsla.

Azərbaycan əməkdaşlıq variantını hər zaman ön planda tutur, bunun aktivləşdirilməsinin vacibliyini vurğulayır. Aydın məsələdir ki, birbaşa xarici investisiyalar qloballaşma prosesinin hərəkətverici qüvvələrindən biridir və müasir dünya iqtisadiyyatının müəyyənedici elementidir. Azərbaycan iqtisadiyyatın regional və qlobal səviyyədə yenidən qurulmasını təşviq edir. Regional aktorların bəziləri praqmatizmə dərindən getsələr milli iqtisadiyyatlarını dünya iqtisadiyyatına inteqrasiya edə bilərlər. Çünki son hərbi toqquşmaların uğursuzluğunun kökündə birbaşa bu amilin dayandığı bir daha sübut olundu.

Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünyanın ən cəlbedici investisiya ölkələrindən biri kimi yeddilikdə qərarlaşdırıb. Regional əməkdaşlıq şərt deyil, müsbət divident də deyil, qaçışı mümkün olmayan reallıqdır. Bu isə regionda sadəcə iqtisadi artımı və inkişafı stimullaşdırıb, keçid dövrünü yaşayan iqtisadiyyatlara təkcə inkişaf üçün maliyyə gətirməyəcək, həm də yeni texnologiyalar, daha yaxşı idarəetmə üsulları və beynəlxalq bazarlara çıxış təmin edəcək.

Şəbnəm Həsənova, politoloq