Son zamanlar statistikalar da göstərir ki, insanlar daşınmaz əmlak almaqda olduqca çətinlik çəkir. Müasir dövrdə ev almaq arzusu yeni qurulan ailələrin əsas problemlərindən biridir. Bənzər hallar regionumuzdaki digər ölkələrdə də var. 

Ümumilikdə isə son illər bütün dünyada ev almaq problemə çevrilib. Bunun əsas səbəbi isə insanların sayının artması ilə bərabər hər insana düşən torpaq ölçüsünün də azalmasıdır. Ölkəmizdə də belə hallar normal qəbul edilir, çünki xüsusilə Bakıda son zamanlar əhalinin sayı artmaqdadır. Qeyri-rəsmi mənbələrə görə, Azərbaycan əhalisinin yarısı Bakı şəhərində yaşayır. Orta aylıq əməkhaqqı ilə isə ev almaq tamamilə çətin bir missiyaya çevrilir.

Mövzu ilə bağlı suallara daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov cavab verib. Onun fikrincə də qiymət artımı hazırki zamanda olduqca gözlənilən haldır. 

“Tarixən uzunmüddətli dövrdə daşınmaz əmlakda qiymət artımı olub. Çünki, zaman-zaman insanların sayı artır lakin, adambaşına düşən torpaq sahəsi isə azalır. Digər tərəfdən də inflyasiya, enerjidaşıyıcıları, tikinti matirialları kimi təsiredici faktorlara edilən qiymət artımı da bu bazara aktiv təsir edir. Zaman-zaman insanların daşınmaz əmlaka baxışı, tələbi dəyişir və daha komfort tələblər ortaya qoyulur ki, bu da qiymət artımı ilə nəticələnir”.

Bu da aydın məsələdir ki, hazırki zamanda əvvələ nisbətən daşınmaz əmlak qiymətlərində böyük artım var. Son statistikalar da göstərir ki, yeni qurulan ailələrin çoxu ayrıca ev istəyir, belə olan təqdirdə isə onlar ilkin müddətə kirayədə qalmalı olur. Ancaq təəssüf ki, Azərbaycan reallığında kirayə o qədər də arzuolunan seçim deyil. Ekspert düşünür ki, Avropada bu hal olduqca normaldır və əhalinin yarısı kirayədə yaşayır.

“Əvvəlki illərlə (10-20 il əvvəl) müqayisədə ev satışının həcmi demək olar ki, 2 dəfə artıb. Kommersiya banklarının da bu sektora yönəltdiyi kredit portfelinin həcmində 3 və daha artıq dəfə artım payı var. Sadəcə olaraq, insanlar əvvəllər ailə olaraq bir yerdə yaşamağa üstünlük verirdilərsə, hazırda hamı ayrıca ev istəyir. Bu da tələbin artmasına səbəb olur. Kirayədə yaşamaq heç də pis göstərici deyil. Avropanın yarısı kirayədə yaşayır. Sadəcə biz buna öyrəşməmişik və hələlik bizim üçün qəbuledilməzdir”, – deyə ekspert Nüsrət İbrahimov vurğulayıb.