Rusiyanın İrandan 300 Pilotsuz Uçuş Aparatı (PUA) alacağı barədə məlumat Birləşmiş Ştatlar tərəfindən gündəmə gətirildikdən sonra, islam respublikasının arsenalında olan PUA-lar haqqında əfsanə, əsasən postsovet arealını və Yaxin Şərqi dolaşmağa başladı.
Maraqlıdır, görəsən Rusiya həqiqətənmi İrandan çoxlu sayda və modifikasiyada pilotsuz uçuş aparatları almağa hazırlaşırdı, yaxud bu son zamanlar Qərb-Rusiya qarşıdurmasında özünü tez-tez büruzə verən geosiyasi blefin və hibrid savaşın elementlərindən biridir?
Rusiya mediası Türkiyə və İran istehsalı olan PUA-ların müqayisəli və təbliğat xarakterli təhlilini aparsa da, İran PUA-ları haqqında bərbəzəkli, mübaliğəli informasiyalar yayımlasa da, bütün bu mədhiyyələrin sonunda, diqqəti cəlb etməyəcək bir şəkildə rəsmi Moskvanın İrandan Pilotsuz Uçuş Aparatları alacağı təkzib olunur.
Əslində, belə təkzib xarakterli, gözdən yayınan informasiyalar olmasaydı da, Rusiyanın İrandan PUA-lar alacağı bir neçə səbəbdən və öncədən inandırıcı görünmürdü. Əvvala, İranın adı, nəinki dünyanın texnoloji nəhənglərinin siyahısında, heç orta səviyyədə olanların sırasında da yoxdur. Texnoloji tərəqqiyə və innovasiyalara görə, İran dünyada 60-cı, Rusiya isə 40-cı yerdədir. Hərbi-texniki tərəqqiyə və innovasiyaya gəldikdə isə bura Rusiya ilə İran arasındakı fərq o qədər çoxdur ki, müqayisə aparmağa dəyməz. Bu baxımdan, İrandan Pilotsuz Uçuş Aparatlarının alınması, Rusiyanın nüfuzunun dünyanın hərbi nəhənglərindən biri kimi tamamilə Yerlə bir edilməsi deməkdir. Rusiya siyasətinin mahiyyətindən azacıq məlumatlı olan hər kəs çox yaxşı başa düşür ki, Kreml heç bir halda buna getməz. Xüsusilə də indiki şəraitdə…
Digər tərəfdən, Rusiya prezidenti hərbi sənaye kompleksinin qarşısında vəzifə qoyub ki, bu ilin sonunadək yerli Pilotsuz Uçuş Aparatlarının kütləvi istehsalını təmin etsin. Rusiyanın PUA istehsal edən müəssisələrinin mütəxəssisləri və işçiləri, bu ölkənin nüfuzlu hərbi ekspertlərinin verdiyi məlumata görə, üç növbə çalışırlar və 2022-ci ilin dekabrında Rusiya silahlı qüvvələrinin bütün qoşun növlərində müvafiq PUA-ların tətbiqi başa çatdırılmalıdır.
Bütün bunlar o deməkdir ki, Rusiya İrandan Pilotsuz Uçuş Aparatları almayacaq! O zaman belə bir məlumatın mediaya ötürülməsi və saxta həyacan siqnalının çalınması nə üçün lazımdır? Dünyanın aparıcı dövlətlərinin, o cümlədən ABŞ və Rusiyanın hərbi-sənaye kompleksini çıxılmaz vəziyyətə salmış Türkiyə PUA-larının gündən-günə artan şöhrətini şübhə altına almaq üçün. İndiki şəraitdə, belə məlumatların yayılması həm ABŞ-a, həm Rusiyaya, həm də İrana sərf edir.
Elçin Mirzəbəyli/politoloq